Çin Xalq Respublikasında “Qlobal tərəfdaşlarla görüş – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda Azərbaycan, Çin, Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələrinin, həmçinin “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizin inkişafı istiqamətində görülən işlər müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları”ndan (ADY) verilən məlumatda forum çərçivəsində keçirilən müzakirələrin 3 əsas mövzunu əhatə etdiyi bildirilib. Belə ki, Transxəzər dəhlizində sabit və güzəştli daşıma tarifləri, sürətli gömrük rəsmiləşdirilməsi və çatdırılmanın operativliyinin gerçəkləşdirilməsi, marşrut boyu infrastruktur layihələrinin ircası, terminalların və stansiyaların modernləşdirilməsi məsələlərinə müzakirələrdə əsas yer verilib. Eyni zamanda, tranzit kodlara müraciət prosesinin sadələşdirilməsi, sənədləşmə standartlarının unifikasiyası və inteqrasiya edilmiş rəqəmsal informasiya sisteminin yaradılması zəruriliyinə toxunulub.
Müzakirələrdən sonra dəmiryol rəsmilərinin hesabatları dinlənilib. ADY-nin sədr müavini Vüsal Aslanov Orta Dəhlizin daha səmərəli, çevik və şaxələndirilmiş fəaliyyət göstərməsi üçün Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat verib. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu və Zəngəzur dəhlizi layihələrinin təqdimatı zamanı Vüsal Aslanov BTQ-nin illik 5 milyon ton yükaşırma gücü ilə Orta Dəhlizin inkişafına mühüm təsir göstərərək regionun logistika xəritəsinin dəyişdiyini, yükdaşımaların cəlbediciliyini artıraraq Avropa və Asiya arasında birbaşa və səmərəli bağlantı yaratdığını qeyd edib.
ADY-nin sədr müavini, həmçinin Azərbaycan ərazisi üzrə Zəngəzur dəhlizi layihəsinin Horadiz–Ağbənd hissəsinin 57 faizinin tamamlandığını, İran İslam Respublikasının ərazisindən keçəcək hissəsinin tikintisinin isə layihələndirmə işlərinin yekunlaşmasından sonra başlayacağını diqqətə çatdırıb. V.Aslanov forumda Zəngəzur dəhlizinin Orta Dəhliz üzrə tranzit marşrutlarını şaxələndirəcəyini, yüklərin Çin və Orta Asiyadan Avropaya çatdırılma vaxtını qısaldacağını və Xəzər dənizini keçdikdən sonra multimodal daşıma ehtiyacını aradan qaldıracağını vurğulayıb.
Hazırda Orta Dəhlizin səmərəliliyini və konteyner qatarlarının sayını artırmaq üçün “Azərbaycan Dəmir Yolları”nın optimallaşdırılmış tarif siyasəti və endirimlər tətbiq etdiyini bildirən ADY-nin sədr müavini dəhliz iştirakçılarına bu istiqamətdə həyata keçiriləcək layihələr barədə təkliflərini səsləndirib, Çinin öz ərazisində yük əməliyyatları üçün subsidiyaların tətbiqinin dəhlizin inkişafına təkan verə biləcəyini xatırladıb.
Forumun sonunda Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunun inkişafını sürətləndirmək və Çin Xalq Respublikasından müntəzəm konteyner qatarlarının təşkilini təkmilləşdirmək üçün Çinin təşəbbüsü ilə təsis edilən “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının daxil olması barədə əməkdaşlıq memorandumu imzalanıb. Bundan əlavə, toplantı çərçivəsində Çin mənşəli yüklərin Avropa və Asiya bazarlarına Orta Dəhliz vasitəsilə daşınması, regionlar arasında iqtisadi, ticari və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, xərclərin optimallaşdırılması, daşınmanın effektivliyinin artırılması, əməliyyat səmərəliliyinin yüksəldilməsi, müvafiq informasiya platformasının yaradılması və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsini əsaslandıran “Yüksək keyfiyyətli Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin birgə tikintisinə dair təşəbbüs” sənədi təsdiqlənib.
Qeyd edək ki, son illərdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin – Orta Dəhlizin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı layihələrin uğurla reallaşdırılması nəticəsində Çindən Avropaya və əksinə istiqamətdə hərəkət edən yük qatarlarının sayı cari ilin yanvar–avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 13 mini ötüb. “Çin Dövlət Dəmir Yolu Qrupu”nun bununla bağlı mediada yayılan açıqlamasına əsasən, 2024-cü ilin ötən 8 ayında Çin–Avropa istiqamətində yük qatarları ilə 1,4 milyon TEU ekvivalentində yük daşınıb ki, bu göstərici üzrə artım 11 faiz təşkil edib.
Yeri gəlmişkən, Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Ötən müddətdə Çindən Avropanın və Asiyanın onlarla şəhərinə və əks istiqamətdə 93 mindən çox qatar yola salınıb. Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin–Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya–Ukrayna müharibəsi başlayandan sonra isə şimal xətti üzrə dəmir yolunda yaranan çətinliklər logistika şirkətlərinin Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlar Qırmızı dənizdəki təhlükəsizlik problemləri səbəbindən gəmilərin Çindən Avropaya səfər müddəti ən azı 12 gün çoxalıb, nəticədə daşıma və sığorta xərcləri 2 dəfədən çox artıb.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Ukraynada müharibə başlayandan bəri Avropada Rusiya üzərindən yüklərin daşınmasına münasibətdə ciddi dəyişiklik baş verib. Bu, Orta Dəhlizə, daha dəqiq desək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna marağın yenidən artmasına səbəb olub. Maraqlıdır ki, Orta Dəhlizə marağı artıran təkcə Ukraynadakı müharibə deyil. Husilərin kommersiya gəmilərinə qarşı raket və pilotsuz təyyarələr atdığı Qırmızı dənizdə baş verən hadisələr də hökumətləri və şirkətləri nəqliyyat marşrutlarının şaxələndirilməsi zərurətindən xəbərdar edib.
Dünya Bankının hesabatında 2030-cu ilə qədər Orta Dəhliz boyunca daşımaların həcminin 2021-ci illə müqayisədə 3 dəfə artacağı və yüklərin daşıma müddətinin 2 dəfə azalacağı proqnozlaşdırılır. Eyni zamanda, investisiya və əməliyyat təkmilləşdirmələrinin düzgün kombinasiyası vasitəsilə bu dəhlizin transkontinental ticarətin iqtisadi və siyasi davamlılığına əhəmiyyətli töhfə verə biləcəyi bildirilir. Bundan başqa, adıçəkilən layihə dəniz limanlarına çıxış vasitəsilə Çinə, Avropaya və dünyanın digər regionlarına etibarlı marşrutu gerçəkləşdirməklə Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının inkişafını şərtləndirir.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Hazırda Çin–Avropa yük qatarlarının, xüsusən də Orta Dəhlizdən keçən qatarların əsas hissəsi Çinin Sian şəhərindəki quru yük terminalından çıxır. İyul ayından başlayaraq Sian limanından Bakıya Orta Dəhlizlə gündəlik müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb. Sentyabrın 18-də Siandan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Avropaya daha bir yük qatarı xətti açılıb. Qatar Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz, Bolqarıstan, Serbiya, Macarıstan, Slovakiya və Çexiyadan keçməklə son təyinat nöqtəsi olan Manheym şəhərinədək (Almaniya) 11,3 min kilometr məsafə qət edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib ki, blok qatarları orta hesabla Çindən Azərbaycana 8-10, Gürcüstan limanlarına isə 12 gün ərzində çatdırılır. Bu ilin sonuna qədər Çindən Orta Dəhliz vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsi planlaşdırılır ki, bu da, təxminən, 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.