“Odlar yurdu” “təmiz od”u günəşdən, küləkdən, sudan alır

post-img

Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu potensialdan istifadə ilə bağlı dünyanın aparıcı enerji şirkətləri ilə dövlət – özəl sektor tərəfdaşlığı çərçivəsində mühüm layihələr həyata keçirilir. Bunun nəticəsində 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılacağı gözlənilir. 

İqtisadiyyat nazirinin sözlərinə görə, “Yaşıl enerji” zonası elan olunan Qarabağ və Şərqi Zəngəzur bu sahədə xüsusi rol oynayır. Bu ərazilər zəngin “yaşıl” ener­ji potensialına malikdir. Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi, La­çın və Kəlbəcərdə isə külək və su elektrik enerjisi ehtiyatı yüksək qiymətləndirilir. Hökumət Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafının stimullaşdırılma­sı üçün təşviq mexanizmlərinin, eləcə də güzəştlərin tətbiqini, həmçinin stimullaşdı­rıcı layihələri diqqətdə saxlayır. 

Ümumilikdə, “yaşıl” iqtisadiyyat əhatəli məsələ olduğu üçün burada bütün aidiyyəti dövlət qurumları, bizneslər, asso­siasiyalar, akademik dairələr və ictimaiy­yətin birgə fəaliyyəti vacibdir. Konfransın məqsədi də məhz çoxsaylı maraqlı tərəfləri bir araya gətirməklə mövzu ətrafında fikir mübadiləsi aparmaq, səyləri birləşdirmək­dir. 

Beləliklə, bu gün ölkəmizdə iqlim dəyişikliyi və maliyyələşdirmə haqqın­da zəruri məlumat və biliklərin, müvafiq bacarıq və potensialın, həmçinin texno­logiyaya çıxışın artırılması, ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, bey­nəlxalq əməkdaşlıq və təcrübə mübadilə­sinin gücləndirilməsi ilə “yaşıl” iqtisadiy­yatın formalaşması uğurla həyata keçirilir, hökumətin iqtisadi siyasəti müsbət göstəri­cilərlə özünü büruzə verir.

İqtisadiyyat nazirinin sözlərinə əsasla­nıb qeyd edə bilərik ki, hazırda Azərbay­canda “yaşıl” iqtisadiyyatın inkişafı, “ya­şıl” layihələrin icrası iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizliyin qorunması­na hesablanıb. Həmçinin “yaşıl” biznesin inkişafı üçün əlverişli normativ bazanın formalaşdırılmasına, bir sıra dəstək alətlə­rinin tətbiqinə başlanılıb. Son bir neçə ildə həyata keçirilən vergi siyasətində “yaşıl” iqtisadiyyatın dəstəklənməsi ilə bağlı qa­nunverici təşəbbüslər yer alıb. Ətraf mühi­tin qorunması üçün vergi güzəştləri, köhnə maşınların ölkəyə idxalının məhdudlaş­dırılması, avtomobillərin utilizasiyası, elektrik və hibrid avtomobillərin idxalı­nın stimullaşdırılması, alternativ enerjinin dəstəklənməsi sahəsində güzəştlər və s. kimi layihələr ölkə gündəliyinin “yaşıl” enerji ilə bağlılığından irəli gəlib.

M.Cabbarov, həmçinin bildirib ki, res­publikada ortamüddətli perspektivdə “ya­şıl” enerjinin vergi siyasəti ilə dəstəklən­məsi davam etdiriləcək. Başqa sözlə, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndi­rilməsi məqsədilə ekoloji və “yaşıl” ver­gilərin tətbiq dairəsi müəyyənləşdirilərək genişləndiriləcək. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması üçün “karbon vergisi” və ya analoji verginin tətbiqi im­kanlarının qiymətləndirilməsi diqqətdə saxlanılacaq. 

“Yaşıl” iqtisadiyyata dəstək tədbir­lərindən söz düşmüşkən, M.Cabbarovun fikrincə, sənaye parklarını, xüsusilə tul­lantıların təkrar emalı sahəsində ixtisasla­şan Balaxanı Sənaye Parkı ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişlən­dirilməsi istiqamətində mühüm nəticələr əldə edib. Müasir texnologiyalar əsasında qurulan bu müəssisə ötən illər ərzində qey­ri-neft sektorunun inkişafı, istehsal sahə­sində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı səmərəli fəaliy­yət göstərib. 

Hazırda sahibkarların “yaşıl” layihələ­rini Sahibkarlığın İnkişafı Fondu maliy­yələşdirir. İndiyədək fondun güzəştli kre­ditlərindən yararlanan “yaşıl” layihələr təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik dol­durma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edib. Belə layihələr, həmçinin qrant, “Startap” şəhadətnamə­si, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə özəl bölməni dəstəkləyib. Eyni zamanda, kiçik və orta biznes (KOB) ümumi daxili məhsulun artmasına, iş yer­lərinin yaradılmasına, məşğulluğa, azad olunan ərazilərin iqtisadi reintegrasiyasına mühüm töhfələr verib. 

Hazırda ölkəmizdə biznesin 99 faizin­dən çox hissəsini KOB subyektləri təşkil edir. Bu baxımdan, “yaşıl” artımın və “ya­şıl” iqtisadiyyata keçidin təmin edilməsi böyük ölçüdə bu sektorun “yaşıl” transfor­masiyasından keçir. İstilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB subyekti fəaliyyət göstərir. KOB-ların enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tət­biqinə önəm verməsi iqtisadiyyatda rəqa­bət qabiliyyətini daha da artırır.

Dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biz­nes modellərində daha qabaqcıl olur. Bu bölmənin çevikliyi kiçik və orta biznesi yeni tendensiyalara tez uyğunlaşmağa, in­novasiyaları mənimsəməyə imkan verir ki, bu da son nəticədə sürətlə trendə çevrilən “yaşıl” iqtisadiyyatda vacib amildir. 

Hazırda ekoloji təmiz texnologiyaların tətbiqinin və “yaşıl” istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpası­nın təşviqi kimi məsələlərlə bağlı qarşıda mühüm vəzifələr durur. Bir sözlə, ətraf mühiti qorumaq prinsipi əsasında iqtisadi tərəqqi və sosial rifahın yüksəldilməsi kimi məsələlər diqqətdə saxlanılır. Bu isə özəl sektorun, xüsusilə kiçik və orta biznesin rolunu daha da gücləndirir.

İqtisadiyyat