Azərbaycan Avropanın əsas qaz tədarükçüsünə çevrilir

post-img

Bu ilin 8 ayında qitə ölkələrinə 8 milyard kubmetrdən çox qaz ixrac edilib

Bu ilin yanvar–avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft –kondensat hasilatı 19,3 milyon ton, ixracı isə 16 milyon ton olub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, bu dövrdə 800 milyon kubmetr artımla hasil edilmiş 33 mil­yard kubmetr təbii qazın 16,4 milyard kubmetri ixrac olunub. Hesabat dövründə Azərbay­candan Avropaya 8,4 milyard kubmetr qaz ixrac olunub. Qaz satışı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz artıb. 

Məlumata görə, ötən aylar ərzində Türkiyəyə 6,5 mil­yard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz ixrac olunub. Bundan əlavə, hesa­bat dövründə Trans–Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 3,7 milyard kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Azərbaycan qazının Avropaya tədarükü Cə­nub Qaz Dəhlizinin tərkib his­səsi olan Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazır­da kəmərin ötürücülük qabiliy­yəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanısta­nın şimal hissəsindən, 215 ki­lometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizi­nin dibi ilə, 8 kilometri isə İta­liya ərazisindən keçir.

Bolqarıstana “mavi yana­cağ”ın nəqli TAP-a birləşdi­rilən Yunanıstan–Bolqarıstan İnterkonnektoru (IGB) ilə həyata keçirilir. Ümumi uzun­luğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisin­dən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3–5 milyard kubmetr olacağı göz­lənilir. Bir qədər əvvəl isə bu ölkənin “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün Şahdəniz konsorsiumu ilə müqavilə im­zalayıb.

Yeri gəlmişkən, Bolqarıs­tanın “Asarel Medet” dağ-mə­dən zənginləşdirmə kombi­natı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə ölkənin paytaxtı Sofiya şəhə­rindən 91 kilometr şərqdə, Pazarcik əyalətində yerləşən Panaqyurişte şəhərinin qazlaş­dırılmasını həyata keçirməyi planlaşdırır. Bu barədə Bolqa­rıstan şirkətinin icraçı direkto­ru Nikolay Peltekov məlumat verib. O, SOCAR ilə birlikdə rəhbərlik etdiyi şirkətin yerləş­diyi Panaqyurişte bələdiyyəsi­nin qazlaşdırılması layihəsini hazırladıqlarını diqqətə çatdı­rıb. N. Peltekovun sözlərinə görə, gələn il bu bələdiyyənin inzibati mərkəzi olan Panaq­yuriştenin birgə qazlaşdırılma­sına başlanılması planlaşdırılır. 

O qeyd edib ki, bu layihə­nin həyata keçirilməsi yaşayış evlərinin, əsasən, bərk yana­caqla qızdırılan regiona son dərəcə müsbət təsir göstərəcək. N.Peltekov onu da xatırladıb ki, bu ilin iyun ayında SOCAR Bolqarıstanın sənaye müəs­sisələrinə, o cümlədən “Asarel Medet” kombinatına qaz təda­rükünə başlayıb: “Biz strateji tərəfdaşımız olan SOCAR-ın uzunmüddətli perspektivdə bizi rəqabətqabiliyyətli qiy­mətlərlə qazla təmin edəcəyini gözləyirik”.

Xatırladaq ki, “Asarel Me­det” kombinatı Bolqarıstanda mis və digər filiz növlərinin açıq üsulla hasilatını və ema­lını həyata keçirən ən böyük şirkətdir. Kombinat yüksək keyfiyyətli mis konsentratları və katod misi istehsal və tə­darük edir. Bu il mayın 8-də SOCAR və “Asarel Invest­ment” (“Asarel Medet” kom­binatının törəməsi) arasında Anlaşma Memorandumu im­zalanıb.

İqtisadiyyat