Fransanın “Observatoiredeleurope” portalında 2021-ci ildə Azərbaycan İqtisadiyyat Nazirliyinin nəzdində yaradılan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzindən (4SİM) bəhs edən “Biz gələcəyimizi dəyişdirmək və dizayn etmək üçün çalışırıq - C4IR Azərbaycan direktoru” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin iqtisadiyyatının rəqəmsal transformasiyasını təşviq etmək üçün Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığından söz açılır. Bildirilir ki, 4SİM “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri”nə uyğun olaraq biznes, hökumət və cəmiyyətdə 60 təşəbbüsü həyata keçirmək, rəqəmsal transformasiya və səmərəliliyi artırmaq məqsədi daşıyır.
“Mərkəz artıq azərbaycanlıların rəqəmsal savadını və bacarıqlarını təkmilləşdirib, 10 min vətəndaşın “Coursera” proqramına pulsuz çıxışını təmin edib. Enerji idarəçiliyində süni intellekt tətbiqlərini nümayiş etdirən Cəfərovun komandası bu ilin noyabrında Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirləri də dəstəkləyir”, - deyə məqalədə bildirilir.
Qeyd edilir ki, mərkəz beynəlxalq təcrübəni yerli təşəbbüslərlə birləşdirərək, təşkilatların rəqəmsal boşluqlarını müəyyənləşdirməyə kömək etməklə yanaşı, həm də onlara Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatın mühafizəçisi kimi ön sıralarda yer almasına yönəlmiş rəqəmsal transformasiya üçün strateji yol xəritələri təqdim edir.