İlk yarımildə bu xəzinədən 14 milyard kubmetr “mavi yanacaq” və 2 milyon ton kondensat çıxarılıb
Azərbaycanın mötəbər enerji tərəfdaşı kimi mövqeyinin güclənməsinə, Avropanın enerji xəritəsinin zənginləşməsinə xidmət edən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi uğurla davam etdirilir. “BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 1 milyard 251 milyon dollar, əsaslı məsrəflərinə isə 407 milyon dollar xərclənib. Həmin vəsaitin də böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf olunub.
Məlumatda bildirilir ki, cari ilin birinci yarısında qazın “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib. Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Hazırda həmin qurğuların gündəlik hasilat gücü təxminən 80,7 milyon (ildə 29,5 milyard kubmetr) kubmetr təşkil edir. Bu ilin birinci rübündə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” adlı platformalardan, ümumilikdə, təqribən 14 milyard kubmetr qaz və 2 milyon ton (təqribən 18 milyon barel) kondensat çıxarılıb.
“Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişinin iştirakçıları – layihə səhmdarları müqavilə sahəsinin genişliyi və ehtiyatların zənginliyini nəzərə alaraq yatağın bir neçə mərhələdə işlənməsi ilə bağlı qərar qəbul ediblər. Birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, hasilata isə 2006-cı ilin sonlarında başlanılıb.
Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi, əhatəliyi, burada tətbiq olunan yüksək texnologiyalar baxımından seçilir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrasrukturdur. Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə burada hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını da işlənməyə daxil ediblər.
2024-cü ilin birinci yarısını da layihə üçün uğurlu hesab etmək olar. Belə ki, fevralın 13-də bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırıldıqdan sonra yatağın şərq-şimal cinahından hasilata başlanıb. İyunun 19-da isə yatağın bu hissəsində daha bir quyu istismara daxil edilib. Bununla da, “Şahdəniz-2” layihəsinə daxil olan beş sualtı işlənmə cinahının əhatə etdiyi bütün sualtı infrastrukturun – boru kəmərləri, hasilat manifoldları, sualtı elastik kabellər və birbaşa elektrik isitmə sisteminin təhvili uğurla başa çatdırılıb.
İlin ötən dövründə “Xankəndi” sualtı tikinti gəmisi “Şahdəniz-2” layihəsi çərçivəsində quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı, yatağın istismarı ilə bağlı ümumi işlərə də dəstək verməyə başlayıb. Həmin tədbirlərə isə hazırda istismarda olan bütün sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işləri daxildir. Yeri gəlmişkən, BP və tərəfdaşlarının xüsusi olaraq vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülmüş istismar və texniki xidmət üzrə yeni müqaviləyə əsasən “Xankəndi” gəmisinin göstərdiyi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə genişləndirilib. Bu da o deməkdir ki, bundan sonra dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün məhz “Xankəndi” gəmisindən istifadə olunacaq. Bu da BP və tərəfdaşlarına əməliyyatları daha təhlükəsiz və daha səmərəli etməyə imkan yaradacaq.
2024-cü ilin birinci yarısında layihə iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Hesabat dövründə “Şahdəniz- Alfa”dan quyu qazılmasa da, platformanın qazma qurğusunda profilaktik işlər aparılıb. Bununla belə, “İstiqlal” və Heydər Əliyev qazma qurğuları vasitəsilə “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işlər davam etdirilib. Artıq yatağın şərq-şimal cinahında “SDH03” quyusunda qazma işləri tamamlanıb, “SDH01” quyusu isə yenidən açılıb. İlin ötən dövründə yatağın qərb cinahında “SDD05” quyusunun qazılması davam etdirilməklə yanaşı, “SDH02” quyusunun yenidən açılması işlərinə başlanıb. Bütün bunlarla yanaşı, 2024-cü ilin birinci yarısında “Şahdəniz” müqavilə sahəsində geoloji kəşfiyyat işləri də aparılıb. Belə ki, hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə ötən il “SDX-8” kəşfiyyat quyusundan əldə olunmuş məlumatların təhlili davam etdirilib. Ümumilikdə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 21 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şimal, 4-ü qərb, 4-ü şərq-cənub, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qazılıb.
Məlum olduğu kimi, “Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Terminaldakı mövcud qurğular isə qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə (CQBK) ötürür. Yeri gəlmişkən, bu ilin ilk yarısında terminaldan gündəlik orta hesabla, təxminən 76 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub. Hesabat dövründə boru kəmərinin səmərəli idarə edilməsi məqsədilə yaradılmış şirkətin səhmdarları tərəfindən CQBK-nin əməliyyat tədbirlərinə təqribən 37,3 milyon dollar, əsaslı məsrəflərinə isə 8 milyon dollar xərclənib.
Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri (CQBK) “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alıcılara daha çox qaz çatdırmaq məqsədilə kəmərin imkanları xeyli genişləndirilib. Bu ilin ilk yarısı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr təşkil edib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb.