Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində “Laçınlılar Laçında” mövzusunda panel baş tutub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Tibb Universitetinin müəllimi, Tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov, ADA Universitetinin müəllimi və “Qarabağ Dönüş” təşkilatının sədr müavini Gülməmməd Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı Elnur Əliyev çıxış ediblər.
Panelin keçirildiyi Laçın şəhər 2 nömrəli tam orta məktəbin düşərgə iştirakçıları İkram Rüstəmovun və Vəsilə Zeynalovanın vaxtilə oxuduqları məktəb olması, illərlə ayrı düşdükləri bu doğma təhsil ocağına yenidən qayıtmaları xüsusilə diqqətçəkən məqam olub.
Panel iştirakçıları düşərgənin qədim Azərbaycan torpağı olan Laçında keçirilməsi, laçınlıların 31 ildən sonra öz doğma yurdlarına geri dönmələri barədə danışıblar. Diaspor gəncləri ilə görüşən laçınlılar ağır, çətin məcburi köçkünlük həyatını əks etdirən həyat hekayələrini danışıb, Laçına qayıtmağın sevincini bölüşüblər.
Paneldə Vəsilə Zeynalovanın müəllifi olduğu “Mənə bir Laçın verin” videoçarxı və Gülməmməd Məmmədovun uğurlu təhsil həyatını əks etdirən film nümayiş olunub.