Azərbaycan öz torpağına niyə mina basdırmalıdır ki?
Azərbaycan Ordusu 2020-ci ildə işğalçı Ermənistan silahlı qüvvələrini əzəli torpaqlarımızdan qovub çıxarsa və 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı xunta rejiminin varlığına son qoysa da, hayların ölkəmizə qarşı mina terroru hələ də davam etməkdədir. Minatəmizləmə prosesinin böyük zəhmət, uzun zaman və ciddi maliyyə resursu tələb etdiyini nəzərə alaraq təəssüflə deməliyik ki, mina terroru hələ xeyli müddət davam edəcək.
Təəssüf doğuran digər hal isə odur ki, mina terroru təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilən ərazisində baş vermir. Eyni zamanda, 2024-cü il aprelin 19-da Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclasında qəbul edilmiş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində də yaşanır. Avqust ayının 2-də rayonun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşfiq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar. Agentliyin digər əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar. Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə isə avqustun 2-də mina partlayışından xəsarət alan 4 nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Bildirilib ki, mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarətlər alanlara zəruri tibbi xidmət göstərildikdən sonra onlar tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki 2 nəfərə – 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər.
Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunub və hazırda digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.
Xarici İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid edir. Qeyd olunub ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. “Mina qurbanlarının sayı artır. Bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlər görməsinin zəruri olduğunu bir daha vurğulayırıq” – deyə XİN-in məlumatında bildirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva da Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində xidməti vəzifələrini icra edən üç mülki şəxsin və bir hərbi qulluqçunun yaralanmasına münasibət bildirib. Ombudsman aparatının yaydığı məlumatda bildirilib: “Qeyd etmək istərdik ki, həmin kənd Azərbaycan–Ermənistan sərhədinin delimitasiyası ilə bağlı cari il aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılıb. Göründüyü kimi, Ermənistan hətta delimitasiyadan sonra belə mina terroru siyasətini davam etdirir, əhalinin həyat və sağlamlığına təhlükə yaradan əməllərindən əl çəkmir. Bir daha bildiririk ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də sərhədlərin delimitasiyası prosesinə və bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır”.
Maraqlıdır ki, özünün mənfur əməllərini hər zaman bizim adımıza çıxan, “adımı sənə qoyum, səni yana-yana qoyum” prinsipi ilə hərəkət edən Ermənistan tərəfi bu dəfə də ənənəsinə sadiq qalaraq, avqustun 2-də baş verən mina patlaması hadisəsinə görə, ölkəmizi ittiham etmək yolunu tutub. Ölkənin “Nyus.am” saytında bununla bağlı dərc olunmuş “Azərbaycanın Ermənistana qarşı növbəti təxribatı və ittihamları” sərlövhəli xəbərdə bildirilib ki, söhbət sərhədin hər iki tərəfin minalar yerləşdirdiyi hissəsindən gedir. Qeyd edilir ki, indi Azərbaycan bunu az qala kəndə Ermənistan tərəfindən yerləşdirilmiş minalar kimi təqdim edərək, hadisədən təxribat və ittihamlar üçün (?) istifadə edir.
Əlbəttə, biz Ermənistanın rəsmi şəxsləri kimi media orqanlarının da ağa qara demələrinə öyrəşmişik. Haylar indiyədək ölkəmizi müxtəlif məsələlərdə ittiham etmişdilər. Bura Vətən müharibəsi dövründə Azərbaycanın, guya, xaricdən muzdlular dəvət etməsi, mülki əhalini, yaşayış və infrastruktur obyektlərini atəşə tutması kimi yalanlar daxil idi. İndi isə ermənilər bizi Bakıda hansısa “hərbi əsirlərin” saxlanılmasında suçlayırlar. Biz, bütövlükdə, istər işğalın davam etdiyi onilliklər ərzində, istərsə də müharibədən sonrakı dövrdə erməni yalanlarına öyrəşmişik. Ancaq Ermənistanın ərazimizdə yerləşdirdiyi minaların Azərbaycanın, necə deyərlər, ayağına yazılması ilk dəfədir ki, baş verir. Bu isə erməni yalanlarının sərhəd tanımadığının daha bir təsdiqi kimi qəbul olunmalıdır.
Halbuki, Azərbaycan Ermənistanın məqsədyönlü işğalçılıq siyasəti nəticəsində dünyada minalar və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında yer alır. İlkin qiymətləndirmələrə görə, 30 ilə yaxın davam edən işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb. Piyadalar əleyhinə minaların qadağan olunması uğrunda beynəlxalq kampaniyanın kasetli silahlar koalisiyasının məlumatına görə, Azərbaycan dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənməyə məruz qalmış 10 ölkəsindən biridir. Bunun bir səbəbi də bütün hərbi əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparılması ilə bağlıdır. Ermənistan ərazisində mina partlayışlarının olmaması bir daha sübut edir ki, biz heç zaman onların ərazisinə keçməmişik.
Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra da Laçın yolundan istifadə edərək ərazilərimizə minalar yerləşdirməyə davam edirdi. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı bir daha təsdiqləyir. Lokal xarakterli antiterror tədbirlərindən sonra separatçı xunta rejiminin 2023-cü ilin sentyabrınadək nəzarətində olan Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması təhdidin miqyasını sübut edən digər bir faktdır.
Yeri gəlmişkən, qeyd edək ki, 2023-cü il sentyabrın 19-da səhər saatlarında Xocavənd rayonu ərazisində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı oldu. Elə həmin gün Azərbaycan lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə başladı. Bunu qeyd etməkdə məqsədimiz separatçı xunta rejiminin varlığına son qoyulması üçün antiterror tədbirlərinin başlanmasının mina terroru ilə birbaşa əlaqəsinin olduğunu göstərməkdir.
İndi isə məlum olur ki, Hayastan Qazax rayonu istiqamətində də ərazilərimizi minalarla çirkləndirib. Bu cür əməllərə imza atan bir ölkənin media subyektinin Azərbaycanı mina basdırılmasında ittiham etməsi isə nonsensdir. Onların yalanı xarici havadarlarının dəstəyi sayəsində ayaq tuta bilər, amma heç bir halda yeriməz.
Səxavət HƏMİD
XQ