Bizə Naxçıvana rahat gediş-gəlişi təmin edəcək, “Azərbaycandan Azərbaycana yol” kimi fəaliyyət göstərəcək dəhliz lazımdır. Sovet hökuməti dövründə Meğridən keçən dəmir yolu daim işləyib. İndi həmin yolun bərpası təkcə Azərbaycanın deyil, çoxlarının maraqları ilə üst-üstə düşür. Sadəcə olaraq, yaranmış yeni reallıq özünün yeni şərtlərini diktə edir. Bakı yüklərin və vətəndaşların Naxçıvana hərəkətinə sərhəd və gömrük nəzarətinin tətbiq olunmamasında israr edir. Məsələnin məhz bu cür qoyuluşundan xəbərdar olan rəsmi Tehran lap əvvəldən Zəngəzur dəhlizinə qarşı olduğunu gizlətməyib. Bu mövqeyi hərdən İran rejiminin müxtəlif səlahiyyət sahiblərinin dillərindən eşitmişik. Dörd il əvvəl 44 günlük müharibədə Rusiya silahlarının İran ərazisindən Ermənistana ötürülməsinin də şahidi olmuşuq. Qonşuya qarşı bu cür qeyri-səmimi davranışı ilə bağlı Cənubi Azərbaycandakı soydaşlarımızın etiraz səslərini də eşitmişik...
Artıq tərəflərin hamısının Zəngəzur dəhlizinin açılması ilə əlaqədar mövqeləri ortadadır. Onların mövqelərindən və nə istəmələrindən asılı olmayaraq, Azərbaycan qarşısına qoyduğu planlarını reallaşdırmaq əzmindədir. Bunu “oyunçuların” hamısı bilir. Onu da bilirlər ki, bu gün Azərbaycanın siyasi iradəsi, hərbi gücü istədiyi hədəflərə çatmasına tam imkan verir.
* * *
“İran Zəngəzur dəhlizini beynəlxalq sərhədlərin və Ermənistanın ərazi bütövlüyünün pozulması kimi qəbul edir və müvafiq olaraq, belə bir dəhlizin İrəvanın maraqlarına cavab vermədiyini bəyan edir”. Bunu “Sputnik Ermənistan”a müsahibəsində iranşünas ekspert Janna Vardanyan İran tərəfinin Ermənistanın ərazi bütövlüyü və Zəngəzur dəhlizinin qəbuledilməzliyi ilə bağlı növbəti bəyanatını şərh edərkən deyib.
Oxuculara xatırladaq ki, bir neçə gün əvvəl Tehranda Nikol Paşinyanı qəbul edən İİR-in Ali rəhbəri Əli Xamenei Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasının zəruriliyini bir daha təsdiqləyib və ardınca bəyan edib ki, İran hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyinə inanır və buna qətiyyətlə yanaşır.
Tehran görüşündən sonra Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yaydı ki, həmsöhbətlər “iki dövlətin və xalqın tərəqqisi naminə isti və dostluq münasibətlərinin inkişafına yönəlmiş addımlarını davam etdirəcəklərinə əminliklərini ifadə ediblər”. İlk baxışda İranın yeni rəhbərliyinin əvvəlki siyasi kursu davam etdirəcəyi təsəvvürü yaranır. Bu platformada baş verə biləcək mümkün mövqe dəyişikliyi isə hamıdan çox İrəvanı narahat edir. Bu da təbiidir. Çünki haypərəst kollektiv Qərb transmilli dəhlizin İran ərazisindən keçməsinə qarşıdır. Dəhlizin Rusiyanın nəzarətində olmasını heç arzulamayan Ermənistan hakimiyyəti isə hazırda yolunu azmış və körpünün üstündə dayanıb istiqaməti seçməkdə çətinlik çəkən səyyah durumuna düşüb. Sürətli silahlanma kursu götürmüş həmin “səyyahın” son davranışları onun müttəfiqlərində belə müəyyən şübhələr doğurur. Bu fonda son vaxtlar Ermənistan–Azərbaycan şərti sərhədində İrəvanın günahı ucbatından baş verən insidentlərin məqsədi aydınlaşır: Şərq–Qərb nəqliyyat layihələri Ermənistan ərazisindən keçməklə reallaşmayacaqsa, yəni Azərbaycan da buna qarşı çıxırsa, deməli, onu ram etmək üçün cəzalandırmaq, onların istədiyi vəziyyətlə razılaşmasına nail olmaq. Qərbin bu məkrli niyyətlərindən Tehranın da xəbəri var. Mövcud durumda Bakını maraqlandıran bir sual da var: Azərbaycan torpaqlarının otuz ilə yaxın işğalda qalmasına susan, hərdən başdansovdu bəyanatlar verən Tehran, bölgədə vəziyyət yenidən gərginləşərsə, hansı mövqedə olacaq? Yenədəmi seyrçi mövqeyində qalacaq?
* * *
Qayıdaq iranşünas ekspert Janna Vardanyanın açıqlamasına. Daha doğrusu, onun reallıq kimi qələmə verməyə çalışdığı arzularına. Onun sözlərinə görə, Ermənistan və İranın yüksək rütbəli məmurların görüşlərindən sonra iki ölkənin yaydığı mesajlar bəzən bir-birindən fərqlənir. Buna o qədər də təəccüblənmədiyini bildirən Vardanyan İranın Zəngəzur dəhlizi məsələsinə münasibətinə gəlincə, ekspert Tehranın mövqeyinin 4 ildir dəyişməz qaldığını vurğulayır.
“İranın bu mövqedən çıxış etməsinin müxtəlif motivləri var. İndi İranın yeni prezidenti seçildiyi üçün Tehran bu mövqeyini yenidən təsdiqlədi. Bununla da onlar bir daha vurğulayırlar ki, prezidentin dəyişməsi bu mövqeyə heç bir şəkildə təsir göstərməyib. Bu, dövlət maraqlarına əsaslanan İranın bütün idarəetmə sisteminin mövqeyidir”, – deyən Vardanyan buna əminliyini vurğulamağı da unutmayıb. Əlbəttə, İİR-də Prezidentin dəyişməsi ilə siyasi kursun, xüsusilə də, bölgəyə yönəlik xəttin dərhal dəyişəcəyini söyləmək sədalövhlük olardı. İntəhası, İranın yeni Prezidenti Məsud Pezeşkian Nikol Paşinyanı rəsmi qəbulu zamanı Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olduğu barədə heç nə demədi. Bu cür yanlış müşahidələrdən yaranan səhv mülahizələr erməni ekspertləri səviyyəsində özünü göstərir. İranın rəsmi açıqlamalarında, sadəcə olaraq, Tehranın regionda beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğu bildirilib.
Janna Vardanyan isə Xameneinin məlum bəyanatını “İranın mövqeyinin davamlılığının təsdiqi” kimi yozmağa çalışır. Əli Xameneinin bölgəyə xaricdən müdaxilə ilə bağlı açıqlamalarına gəlincə, erməni ekspert əmindir ki, İranın Ali rəhbəri bu zaman ABŞ və Avropa ölkələrini nəzərdə tutub.
“Ermənistanla İran arasında 2022-ci ildə ticarət həcmi ilk dəfə 500 milyon dolları, 2023-cü ildə isə 700 milyon dolları keçib. İki ölkənin müəyyən etdiyi hədəf 1 milyard, sonra isə 3 milyard dollardır. Bu templə yaxın illərdə ticarətin 1 milyard dollara çatdırılması realdır”. İranşünas ekspert bu statistikanı 7 ay bundan əvvəl tirajlayıb. O zaman Vardanyan müxbirin “Cənubi Qafqazda regiondankənar digər ölkələrin İran və Ermənistanla bağlı hansı məqsədləri var?” –sualına belə cavab vermişdi: “Müxtəlif aktorlar Cənubi Qafqazda öz təsirlərini bərqərar etməyə çalışırlar. Amma heç kəs İran–Ermənistan münasibətlərinə xələl gətirə bilməz. İran Ermənistanın vacib qonşusudur”.
İrəvan rəsmiləri dəfələrlə bəyan ediblər ki, nəqliyyat əlaqələrinin qarşılıqlı şəkildə açılması məsələsində “dəhliz məntiqi” olmamalıdır. Yəni Ermənistan hakimiyyəti yalnız qarşılıqlı faydalı şərtlərlə, öz ərazisindən keçəcək bütün kommunikasiyalara nəzarəti əlində saxlamaqla məsələləri müzakirə etməyə hazırdır.
Azərbaycan, qeyd etdiyimiz kimi, özünün Araz variantını ehtiyatda saxlayır. İİR rəhbərliyi bu barədə özünün rəsmi mövqeyini İbrahim Rəisinin may ayında Xudafərinə etdiyi səfərdə açıqlamışdı. Belə məlum olur ki, Məsud Pezeşkian da eyni mövqedədir. Nikol Paşinyanın isə milli maraqları ilə bağlı Tehrana apardığı iki layihə diqqətdən “yayındı”. Üstəlik, bu dəfə İranın qolları onu əvvəlki kimi bağrına basmadı.
Kənardan görünən odur ki, həm siyasilər, həm də ekspertlər səviyyəsində belə yanaşmaları dövriyyəyə buraxmaqla Paşinyan administrasiyası ölkədə anti-İran əhval-ruhiyyəsi yaratmaq niyyətindədir. Yəni Paşinyanın komandası hesab edir ki, daxildə yaranacaq belə bir ab-hava onun Tehrandan uzaqlaşmaq qərarına haqq qazandıracaq və gələcəkdə, hətta, İrana qarşı çıxmasına zəmin yaradacaq. Erməni cəmiyyətinə təlqin edilən bu təbliğatda iqtidarın İranla hərbi-texniki əməkdaşlıqdan imtinaya haqq qazandırmaq məqsədi də var. Aydın məsələdir ki, bu planları İrəvana kollektiv Qərb diktə edir.
Düşünürük ki, bu gedişlə müstəqil düşüncəsi və siyasi iradəsi olmayan hayların lideri Tehran üçün də şübhəli və etibarsız tərəfdaşa çevrilməkdədir. Hələ onun üstüörtülü siyasəti ilə Tehranı özünün hansı oyunlarına alət etməyə çalışmasını da unutmaq olmaz. Ermənistanın rəhbərliyi bölgəyə sabitlik və inkişaf gətirəcək yollardan, dəhlizlərdən imtina etməklə sonda özünün Qərbin tapdağı altında qala biləcəyi kimi fəlakətli perspektivini də gərək yadından çıxarmasın.
Aydın MİRZƏZADƏ,
Milli Məclisin deputatı
– Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan məhz Ermənistandır. Sadəcə, İrəvan dəhlizin açılmasının onlara faydalı olacağını başa düşmək istəmir. Ermənistanın rəsmi dairələri bunu açıq bildirməsələr də, hər halda məsələnin həllinə maraq göstərmirlər. Ermənistan ictimaiyyətində isə dəhlizlə bağlı ciddi fikir ayrılıqları var. Ancaq iş burasındadır ki, bu dəhliz açılarsa, daha çox fayda görənlərdən biri Ermənistan olacaq. Dəhlizin mövcud olması Ermənistan büdcəsinə heç bir investisya qoyulmadan, əlavə xərc çəkilmədən böyük vəsaitlərin daxil olmasına gətirib çıxaracaq. Zəngəzur təkcə Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat qovşağı olmayacaq. Transmilli layihənin bir qoluna çevriləcək dəhlizin sayəsində onlarca ölkənin iqtisadiyyatı dirçələcək, bir-biri ilə əməkdaşlığın tam yeni və gəlirli perspektivləri ortaya çıxacaq. Əslində, Azərbaycanın Naxçıvanla birləşmək üçün alternativ variantları var. Əgər Ermənistan dəhlizin açılmasına razılıq verməsə, Azərbaycan İran ərazisindən avtomobil və dəmir yolu xətti variantını işə salacaq. Bakı artıq bu istiqamətdə də tikinti işlərini davam etdirir. Sonda uduzan yenə Ermənistan olacaq.
Vaxtilə Azərbaycan torpaqlarının işğalda saxlanılması neft və qaz kəmərlərinin Ermənistan ərazisindən keçməsinə mane oldu. Azərbaycan indi də alternativ variantını işə salsa, artıq Zəngəzur dəhlizinin ziyanını ilk növbədə Ermənistan çəkəcək. Ermənistan əhalisi ölkənin gələcək perspektivini görmədiyi üçün durmadan ölkədən köçür. İrəvan layihəyə razılıq verməsə, hazırkı ağır vəziyyət daha da kəskinləşəcək. Ermənistandan yenə də kütləvi köç başlayacaq.
İmran BƏDİRXANLI
XQ