Pirallahı Sənaye Parkına indiyədək 41 milyon manatadək investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. Bu barədə “XQ”yə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, indiyədək investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Pirallaı Sənaye Parkının rezidentliyi statusu verilib. Artıq onlardan 2-si istehsal fəaliyyətinə başlayıb. İndiyədək isə sənaye parkında 53 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur) fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu il iyulun 1-nə qədər Azərbaycanın sənaye zonalarından 13,5 milyard manatlıq məhsul satılıb ki, bunun da 4,4 milyard manatlıq hissəsi ixrac edilib. Satışın 1,4 milyard manatlıq, ixracın isə 0,45 milyard manatlıq hissəsi cari ilin ilk yarısının payına düşüb. Sənaye zonalarında istehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac edilib.
Agentliyin məlumatına əsasən, ölkənin sənaye zonalarında indiyədək ümumi investisiya dəyəri 8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manat investisiya yatırıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiya yatırılması və 7 min 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.