“S&P Global Ratings” ölkəmizin iqtisadi artım proqnozunu açıqlayıb

post-img

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünyanın əksər dövlətləri, eləcə də bir sıra beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Təsadüfi deyil ki, hazırda tanınmış reytinq agentlikləri də ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı nikbin, ümidverici fikirlər səsləndirir, əvvəlki proqnozlarını mütəmadi olaraq yeniləyirlər. 

Bugünlərdə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyi Azər­baycanda iqtisadi artımla bağlı gözlən­tilərini açıqlayıb. Agentliyin Azərbayca­nın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatına əsasən, 2024-cü ildə ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) artımı 1,5 faiz səviyyəsində proq­nozlaşdırılıb. Qurumun ölkəmizlə bağlı son açıqlaması bir qədər maraqlı görünür. Bu ilin iyun ayında “S&P Global Ratings” agentliyi Azərbaycanın real ÜDM-in artı­mı ilə bağlı proqnozunu 1,5 faizdən 2,5 faizə qədər artırdığını açıqlamışdı. 

“S&P Global Ratings” əvvəlki hesa­batında Azərbaycanda 2025-ci ildə nomi­nal ÜDM-I 2 faiz real artımla 130 milyard manat (77 milyard ABŞ dolları), 2026-cı ildə 1,5 faiz real artımla 135 milyard ma­nat (79 milyard ABŞ dolları), 2027-ci ildə isə 1,5 faiz real artımla 140 milyard ma­nat (82 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırmışdı. Qurumun proqnozuna əsasən, ölkəmizdə 2024-2025-ci illərdə adambaşına ÜDM-in 7,4 min ABŞ dolla­rı (real artım müvafiq olaraq 1,5 faiz və 1 faiz), 2026-cı ildə 7,6 min ABŞ dolları (0,5 faiz), 2027-ci ildə isə 7,8 min ABŞ dolları (0,5 faiz) səviyyəsində olacağı gözlənilir. 

Yeri gəlmişkən, Dövlət Statistika Ko­mitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 59 milyard 520,4 milyon manatlıq və ya əv­vəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıb. İlin birinci yarısında əhalinin hər nəfərinə düşən ÜDM 5 min 840,7 manata bərabər olub.

Azərbaycan hökuməti cari ildə ÜDM istehsalını 121,3 milyard manat, o cüm­lədən qeyri-neft gəlirlərini 84,7 milyard manat səviyyəsində proqnozlaşdırır. Xa­tırladaq ki, ötən il ölkədə ÜDM 1,1 faiz artaraq 123 milyard manat (72 milyard ABŞ dolları), adambaşına düşən gəlir isə 0,5 faiz artaraq 7,1 min ABŞ dolları təşkil edib.

“S&P Global Ratings” agentliyinin son hesabatında isə Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım perspektivləri­nin bir qədər zəif olduğu bildirilib. S&P analitikləri qeyd ediblər ki, iqtisadi artıma təzyiq, əsasən, neft hasilatının uzunmüd­dətli tədricən azalması ilə əlaqədardır. Bu­nunla belə, agentlik Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərinin aşağı olması­na baxmayaraq, il ərzində bank sektorun­da 10-15 faiz artımın baş verəcəyi qənaə­tindədir. Qurumun analitikləri ölkəmizin bank sektorununun böyüməsini böyük ölçüdə istehlak kreditləşməsinin artımı ilə əlaqələndirilər. 

Beynəlxalq kredit reytinq agentliyinin hesabatında, həmçinin Azərbaycanın bank sisteminin maliyyələşdirmə profilinin güc­ləndiyi vurğulanıb. “2016-cı ildən bəri biz pərakəndə və ya korporativ depozitlərin əhəmiyyət ölçüdə xaricə getdiyini görmə­mişik. Düşünürük ki, əsas müştəri depo­zitləri növbəti bir neçə il ərzində kreditləri maliyyələşdirəcək və xarici maliyyələşdir­mə ehtiyacını aradan qaldıracaq”, – deyə hesabatda bildirilib. Azərbaycanda depo­zitlərin dollarlaşmasının region ölkələri ilə eyni səviyyəyə enməsinə diqqət çəkən analitiklərin fikrincə, qeyri-rezident depo­zitlərinin həcmi 5 faiz təşkil edir ki, bu da region ölkələrindən aşağıdır.



İqtisadiyyat