SOCAR Sloveniyaya qaz ixracına başlayıb

post-img

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz tədarükünə başlayıb. Bu barədə qurumun socar.az saytı məlumat yayıb. 

Bildirilib ki, qaz tədarükləri bu il iyu­lun 17-də SOCAR ilə Sloveniyanın tə­bii qaz bazarındakı ən böyük şirkət olan “Geoplin” arasında qaz təchizatı sahəsin­də əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu əsasında həyata keçirilir.

“SOCAR və “Geoplin” uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdir­mək niyyətindədirlər. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıs­tan, Rumıniya, Macarıstan və Serbiya ilə birlikdə Sloveniya Azərbaycan qazının nəql olunduğu doqquzuncu ölkə olur”, – deyə məlumatda qeyd edilib.

Yeri gəlmişkən, Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer Lyublyanada Azərbaycan qazının tədarükü ilə bağlı SOCAR ilə bağlanmış müqaviləni şərh edərkən deyib ki, ölkəsi qarşıdan gələn qış üçün Azərbaycan qazı hesabına öz təhlükəsizliyini təmin edib. Bu və sonrakı sazişlərin təkcə iki şirkət arasında deyil, həm də iki ölkə arasında uzunmüddətli uğurlu əməkdaşlığa gəti­rib çıxaracağına əminliyini bildirən nazir qeyd edib ki, Sloveniya təbii qaz təchizatı marşrutlarını şaxələndirməyə davam edir. “Bunun sayəsində biz, sözün həqiqi məna­sında, Sloveniyanı qarşıdan gələn qış üçün xilas etdik və təhlükəsiz şəkildə təbii qazla təminatına nail olduq, – deyə o əlavə edib. 

Azərbaycanın Avropa İttifaqının daha vacib strateji təchizatçısı kimi Sloveni­yaya qaz tədarükünün şaxələndirilməsi üçün əlavə imkan yaratdığını vurğulayan B. Kumer onu da qeyd edib ki, iyulun 17-də Bakıya səfəri zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə iki ölkənin şirkətləri arasında digər sahələrdə əməkdaşlıq imkanları üçün səy göstərmək barədə razılıq əldə olunub. Onun sözlərinə görə, görüş zamanı hidrogen, süni intel­lektdən tutmuş bərpaolunan enerjiyə qədər yeni əməkdaşlıq sahələri müəyyən edilib.

İqtisadiyyat