Okampolar erası bitib

post-img

İndi Azərbaycanı sabiq haypərəstlərin faydasız fəaliyyəti deyil, qlobal məsələlər düşündürür

Belə məlum olur ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş və reputasiyası ləkələnmiş prokuroru Luis Moreno Okampo pensiyaya göndəriləndən sonra erməni diasporunun ianələri hesabına yaşamaqda davam edir. Dünənə qədər “Dağlıq Qarabağ ermənilərinin hüquqlarının fəal müdafiəçisi”, beynəlxalq ekspert qismində çıxış edən, “fırıldaqçı biznesmen” kimi də ad çıxarmış Okampo Azərbaycana qarşı növbəti hay kampaniyasına rəhbərlik edir. Xatırladaq ki, onun Qarabağda “humanitar fəlakət”lə bağlı avantürist açıqlaması hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu. Okampo iki-üç il bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin ona kəsdiyi pensiyanın azlığından şikayətlənmiş, “özəl xidmətlər” göstərmək məcburiyyətində qaldığını demişdi. 

Xaricdəki erməni lobbisi və onların yemlədiyi anti-Azərbaycan qüvvələr rahat dura bilmirlər. Avropa İttifaqında Ermə­nistanla vizasız gediş-gəliş rejiminin tət­biqi barədə müzakirələrin ardınca növbəti qərəzli və çirkin bir kampaniyaya start ve­rilib. Erməni lobbisindən yemlənən şəxslər yenə öndədir. Ölkəmizə qarşı qərəzli və çir­kin kampaniyada liderlik edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenidən fəallaşıb. O, aldığı rüşvət müqabilində dünya ermənilə­rinə Azərbaycanda keçiriləcək COP29-a qarşı kampaniyaya başlamağa çağırış edib. 

* * * 

Beləliklə, beynəlxalq anti-Azərbaycan şəbəkə ölkəmizə qarşı növbəti ideoloji hü­cuma başlayıb. Amma bu dəfə işlər rəsmi İrəvanın birbaşa iştirakı olmadan “düzü­lüb-qoşulub”. “Artsax”ın keçmiş dövlət naziri Artak Beqlaryan Okamponun er­mənilərə ünvanladığı məktubu dərc edib. Məktubda deyilir ki, Azərbaycanda keçi­rilməsi planlaşdırılan COP29-dan yararlan­maq üçün əlimizə görünməmiş bir fürsət keçib.

İftira və qərəzlə dolu bu məktub, bun­dan əvvəl isə Qərbin Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dia­loqa başlanılması barədə açıqlamaları ikili standartların bariz nümunəsi sayılmalıdır. Luis Okampo artıq neçənci dəfədir ki, ox­şar təşəbbüslə çıxış edir. Fəqət onun səyləri nəticəsiz qalıb. Onun çağırışlarına nə Er­mənistan rəhbərliyi, nə də beynəlxalq güc­lər reaksiya verirlər.

Məktubda daha sonra yazılıb: “Erməni əsirlər və digər siyasi məhbuslar azad olun­mayınca Azərbaycanın COP29-a qədər sülh sazişini imzalamaq təklifi mənasızdır. Mən riyakarlığı rədd edən və həqiqətən, dinc COP29 tələb edən vətəndaş hərəkatı ideya­sını dəstəkləyirəm. İlk addımımız COP29 “Stop Greenwash Genocide” heşteqi ilə media kampaniyasına başlamaqdır. Bu heş­teqlərlə məqalələr sosial mediada yayılaraq hamının diqqətini cəlb edəcək. Bu səylər COP29-da iştirak edəcək jurnalistləri, nü­mayəndə heyətlərini və QHT nümayən­dələrini erməni dustaqlar, siyasi məhbus­larla bağlı Azərbaycandan cavab istəməyə məcbur edəcək”.

Bədnam keçmişi olan Luis Moreno Okampo dəfələrlə korrupsiyada, hətta cinsi təcavüzdə ittiham olunub. Pensiyaya çıxmış keçmiş prokurorun hazırda hayların dezin­formasiya fəaliyyətinin önündə yer alması təəccüblü deyil. Yuxarıda yazdığımız kimi, vaxtilə “dqr” lideri Araik Arutyunyan məhz Okampodan Qarabağdakı vəziyyətə müna­sibət bildirməyi xahiş etmişdi. Beynəlxalq “statuslu” prokuror tapşırığı can-başla ye­rinə yetirib, bölgədəki real deyil, psevdovə­ziyyət barədə qərəzli hesabat hazırlamışdı. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası, hətta, Qərb mediası tərəfindən təkzib olun­muşdu. Okamponun fırıldağını ilk anlayan və onun məqaləsinə cavab verənlərdən biri beynəlxalq hüquq üzrə ekspert Rodni Dik­sondur.

* * * 

Oxucuların nəzərinə onu da çatdıraq ki, bu dələduz eks-prokuror işğaldan azad etdiyimiz Qarabağda “etnik təmizləməyə” yol verildiyi barədə fərziyyə irəli sürmüş­dü. Rüşvətxor Okamponun adı MDB məka­nında bir çox qalmaqallı məhkəmə proses­lərində də hallanıb. Əlbəttə, muzdlu vəkil kimi. Məsələn, o, “Centros Commerciales Antei” şirkəti vasitəsilə çirkli pulların yu­yulmasında ittiham olunan Vladislav Rez­niki uzun müddət müdafiə edib.

Mövzuya dolayısı ilə dəxli olan bir məqamı da qeyd etməyimiz yerinə düşər. Bəzən xaricdəki erməni lobbisi ilə İrə­van hakimiyyəti arasında onlara qulluq göstərən muzdlu “züytutanların” siyahısı ilə bağlı fikir ayrılıqları müşahidə olunub. Aydın məsələdir ki, “böyük güc”ün mə­nafeyinə oynayan lobbi hər vəchlə Azər­baycanla sülh sazişinin imzalanmasına qarşı çıxır, daxildəki separatçı-revanşist qüvvələri dəstəkləyir. Sərhədin delimitasi­yası barədə Ermənistanla Azərbaycan ara­sında əldə olunan son razılaşmalara qarşı çıxan lobbinin bugünədək həmin müqa­viləyə reaksiya bildirməməsi də bundan xəbər verir. İki ölkə arasında münasibətlə­rin gərginləşməsi, şərti sərhəddə baş verən insidentlər də İrəvan iqtidarına kənardan edilən təzyiqlərin təzahürləridir. Biz xaric­dəki həmin qaragüruhun Birinci və İkin­ci Qarabağ müharibələri zamanı bölgəyə muzdlu terrorçuların göndərilməsi, onlar üçün maliyyə vəsaitinin toplanması, “xey­riyyə kampaniyaları” adı altında mara­fonlar keçirilməsini unutmamışıq. Həmin kampaniyalar yerlərdəki təşkilatçılara mil­yardlarla dollar gəlir gətirsə də, Qarabağ ermənilərinin darvazasına gəlib çatmayıb. Daha zaman və reallıq dəyişib. İrəvanın Bakı ilə vasitəçilərsiz, birbaşa sülh dialoqu­na getməsi erməni lobbisinin Qarabağla bağlı planlarının üstündən qara xətt çəkib. Bu məqamda törətdikləri cinayətlərə görə həbs olunan və barələrində məhkəmə qərar­larını gözləyən terrorçuların azad olunması barədə çağırışlar ölkəmizə qarşı növbəti, amma heç bir fayda verməyəcək təzyiq kampaniyasıdır.

* * * 

Okamponun haylara məktub-müraciə­tindən daha bir sitat: “Sizin təkcə xalqını­zın və ölkənizin deyil, həm də ədalətin və ətraf mühitin daha geniş şəkildə qorunma­sında müstəsna rolunuz var. Siz iki aktual problemi həll etmək üçün qlobal hərəkata rəhbərlik edə bilərsiniz: iqlim dəyişikliyi və soyqırımı”. 

Hüquqi taftologiya və diplomatik nonsens adlandırılmağa layiq bu sifarişli məktubun müəllifinin beş il bundan əvvəl çirkli maliyyə əməliyyatlarını gizlətmək və vergilərdən yayınmaq üçün məkan olaraq Panama, Beliz və Britaniya Virciniya ada­larını seçməsi heç də təsadüfi deyildi. Bunu hamıdan yaxşı Okampo bilirdi. Axı, o, bir vaxtlar “Transparency International” təş­kilatının Latın Amerikası və Karib hövzəsi üzrə prezidenti vəzifəsində çalışıb. 

Bu, peşəkar fırıldaqçı Luis Okampo­nun səlahiyyət müddətində ofşor şirkətlər­lə əlaqədə olmasını sübuta yetirən çoxsaylı faktlardan biridir. Üzə çıxarılmış sənəd­lərə görə, keçmiş prokuror və onun hə­yat yoldaşı BVF-da qeydiyyatdan keçmiş “Yemana Trading” şirkətinin səhmdarları olublar. O zaman şirkəti ofşor bizneslə­ri “Panama sənədləri” ilə ifşa olunmuş “Mossack Fonseca” hüquq firması idarə edirdi. İdarəçilərdən biri də erməni əsilli amerikalı imiş. 

İnsan hüquqlarından, dəyərlərdən dəm vuran və bizim dabbaqda gönlərinə bələd olduğumuz həmin separatçı-revanşist qüv­vələr, onların arxasında duran dairələr əv­vəlcə Ermənistan hakimiyyətindən 30 il ər­zində Azərbaycan ərazilərini nə üçün işğal altında saxladıqlarının səbəbini soruşsun­lar. Sonra da, haqqında bar-bar bağırdıqları insan haqları, etnik təmizləmə, işğaldakı torpaqlarımıza vurduqları ziyana görə Er­mənistandan üzr istəməyini tələb etsinlər. Əgər beynəlxalq ədalət varsa, onda Birinci Qarabağ savaşında əsir götürülmüş 4000-ə qədər soydaşımızın bugünədək naməlum qalmış taleyini müəyyənləşdirsinlər. Mülki azərbaycanlılara qarşı faşistlərin belə özlə­rinə rəva bilmədiyi davranışlara yol verən erməni cəlladlarının üzə çıxarılıb cəzalan­dırılmalarını təmin etsinlər. Bunu hamıdan əvvəl erməni cəmiyyəti öz hakimiyyətin­dən tələb etməlidir.

Əgər bunları etmək istəmirlərsə, “Ba­kıda saxlanılan ermənilərin azad edilməsi” çağırışlarını da unutsunlar. Üç aydan sonra BMT-nin COP29 kimi mötəbər tədbirinə evsahibliyi edəcək Azərbaycan indi daha ciddi məsələlərlə məşğuldur.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq 

– Okampo, deyəsən, ağlını tamam itirib. Ələyi ələnib, xəlbiri göydə fırla­nan bu keçmiş qoca prokurorun nə bir vəzifəsi var, nə də sözünün çəkisi qalıb. Adına prokuror, hüquqşünas deyilən, Beynəlxalq Ədalət Məhkəməsinin keç­miş əməkdaşı anlamır ki, COP29 təkcə Azərbaycanın keçirdiyi tədbir deyil. Bu, BMT-nin qlobal ekoloji problem­lərə həsr olunmuş beynəlxalq miqyaslı bir tədbiridir. Həm də dünyanın bütün dövlətlərinin mənafeyinin ifadə olun­duğu ən nüfuzlu tədbirlərindən biridir. Erməni diasporun pulları ilə hərəkətə gətirilən Okampo haylara ünvanladığı feyk-müraciəti ilə, faktiki olaraq, BMT-ni boykot etməyə çağırır. 

Onun bundan əvvəl də ermənilərin maraqlarına xidmət edən hesabatları, ekspert rəyləri olub. Hətta separatçı “Dağlıq Qarabağ Respublikasının” rəh­bərliyinin sorğusu, Kaliforniya ermə­nilərinin maliyyə dəstəyi müqabilində Azərbaycanın bölgədə, guya, humanitar böhran yaratdığına, etnik ermənilərin insan hüquqlarını pozduğuna dair bəd­nam ekspert rəyi də hazırlamışdı. Nəti­cəsi nə oldu? İndi də Azərbaycana qarşı anti-COP kampaniyasına başlayıb. Boş və səmərəsiz bir fəaliyyətlə məşğuldur. Amma, yəqin ki, bu “xidmətinə” görə haylardan yaxşı pul qoparacaq...

İmran BƏDİRXANLI
XQ



Siyasət