Siranuşun ağ yalanı

post-img

Hərbi caniləri “əsir” adlandıran hüquq müdafiəçisinə zəruri xatırlatma

Azərbaycan 2020-ci ildə Vətən müharibəsi apararaq 30 ilə yaxın erməni işğalında qalan əzəli torpaqlarını azad etdi. 2023-cü ilin sentyabrında baş tutan bir günlük lokal xarakterli antiterror tədbirləri isə Qarabağ iqtisadi rayonunun bütün ərazisi üzərində suverenliyimizin tam bərpası ilə nəticələndi. Bu iki hadisə, yəni Vətən müharibəsi və antiterror tədbirləri təkcə torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təmin edilməsi ilə əlamətdar olmadı, həm də uzun illər narahat dolaşan şəhid ruhlarının rahatlıq tapması ilə nəticələndi.

Prezident İlham Əliyevin hələ 2021-ci il fevralın 26-da yerli və xarici media nü­mayəndələri üçün keçirdiyi mətbuat kon­fransında dediyi kimi, biz qisasımızı, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq. Dövləti­mizin başçısı Xocalı soyqırımını törədənlə­rin bəzilərinin Vətən müharibəsində məhv edildiyini də bildirdi.

Bu hadisələr döyüş əməliyyatlarının planlaşdırılmasına, həyata keçirilməsinə, bizim üçün əlverişsiz relyefdə düşmənə sar­sıdıcı zərbələr endirilməsinin baş tutmasına və bütövlükdə, qarşıya qoyulan hədəflərə operativ qaydada çatılmasına görə dünya hərb tarixinə düşdü. Eyni zamanda, məlum hadisələr beynəlxalq humanitar hüquqa uy­ğunluğuna görə, yaddaşlara əbədi yazıldı. Ordumuz ali komandanlıqdan aldığı əmrə uyğun olaraq heç bir mülki obyekti hədəfə çevirmədi. Döyüş əməliyyatları elə hazır­lanıb keçirildi ki, ərazidə yaşayan erməni əsilli vətəndaşlar arasında itkilər minimum olsun. Buna da nail olundu. Döyüşlər za­manı məhv edilənlər yalnız ölkəmizə qar­şı silah qaldıranlar oldu. Könüllü şəkildə təslim olanlara, “ağ bayraq” qaldıranlara mərhəmətlə yanaşıldı. Bu, bir həqiqətdir ki, ölkəmiz 1949-cu il 12 avqust tarixli “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında”, habelə “Hərbi əsirlərlə rəftar haqqında”, “Müharibə zamanı mülki əha­linin qorunması haqqında” Cenevrə kon­vensiyalarının tələblərinə tam əməl etdi. Azərbaycan tərəfi müharibədən dərhal son­ra aparılan danışıqlarla saxlanılmış bütün erməni hərbi əsirləri qarşı tərəfə qaytardı.

Buna baxmayaraq, Ermənistan tərəfi Azərbaycanda hansısa hərbi əsirlərin olma­sından vaxtaşırı dəm vurur. Doğrudur, rəsmi şəxslərin dilindən bununla bağlı hər hansı fikirlər səsləndirilmir. Lakin qeyri-hökumət təşkilatlarının rəhbərləri, partiya sədrləri, deputatlar, müstəqil siyasətçilər zaman-za­man “hərbi əsirlər” məsələsini gündəmə gə­tirirlər. Hayastanın media subyektləri də bu mövzunu gündəmdən düşməyə qoymurlar. Belə şəxslərdən biri “Beynəlxalq və Müqa­yisəli Hüquq Mərkəzi” adlı qeyri-hökumət təşkilatının rəhbəri Siranuş Saakyandır. O, bugünlərdə İrəvanda keçirlən müzakirələr zamanı bildirib ki, indiyədək 210-a yaxın erməni əsir qaytarılıb, 23 nəfər isə hələ də “əsirlikdədir”, onlardan beş nəfəri 2020-ci il müharibəsi zamanı əsir götürülüb. Saak­yanın iddiasına görə, 23 nəfərin 16-sı (?) 2023-cü ilin sentyabrında saxlanlılıb ki, on­ların da 8-i “Artsax”ın hərbi-siyasi rəhbər­liyidir. Guya, onlar ifadə etdikləri fikirlərə və “Artsax”ın öz müqəddəratını təyinetmə hüququnu həyata keçirdiklərinə görə siyasi sifarişlə həbs ediliblər. “Məhbusların prob­lemi bununla məhdudlaşmır. Əsir düşənlər var, lakin Azərbaycan onların əsir götü­rülməsi faktını inkar edir” – deyən hüquq müdafiəçisi hay xislətinə sadiq qalaraq ağ yalan danışmağı özünə rəva görüb.

Əslində isə hazırda ölkəmizdə erməni millətindən olan heç bir hərbi əsir yoxdur! Bu gün Azərbaycanda Qarabağ iqtisadi rayonunun müxtəlif yaşayış məntəqələrin­də yerli azərbaycanlı əhaliyə qarşı sülh və insanlıq əleyhinə (soyqırımı, deportasiya, işgəncə vermə, müharibə qanunlarını poz­ma və digər maddələrlə) cinayətlər törətdi­yi məhkəmələr tərəfindən sübuta yetirilmiş bir neçə erməni əsilli şəxs var. Bunlar Ar­sen Baqdasaryan, Karen Qazaryan, Alyo­şa Xosrovyan, Lüdvik Mkrtıçyan, Vaqif Xaçatryan və Raşid Beqlaryandır. Adları çəkilən şəxslər barəsində hökm çıxarılıb və onlar cəzaçəkmə müəssisələrində cəzaları­nı çəkməkdədirlər.

Separatçı rejimin “qlavarları” – 2023-cü il sentyabrın 27-də saxlanılmış Ruben Vardanyan və Davit Manukyan, sentyabrın 29-da saxlanılmış Davit Babayan və Lyova Mnasakanyan, oktyabrın 3-də saxlanılmış Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan və Davit İşxanyan üzərində isə hələ məhkəmə prosesi başlamayıb. Ancaq, baş prokuror Kamran Əliyev iyunun 24-də bildirmişdi ki, keçmiş qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan ci­nayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Baş prokuror onu da qeyd et­mişdi ki, ölkədaxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun bütün hüquqları təmin olunub, onlara vəkil və tər­cüməçilər ayrılıb. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bu mər­hələ də başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək. Bundan sonra isə həmin şəxslər barəsində məhkəmələr tərəfindən hökm çıxarılacaq.

Politoloq İlyas Hüseynov “XQ”yə açıqlamasında bildirdi ki, Ermənistan tərəfi uzun müddətdir müxtəlif səviyyələr­də saxlanılan şəxslərlə bağlı təbliğat kam­paniyası aparır. Onun sözlərinə görə, dünya erməniləri, müxtəlif qeyri-hökumət təşki­latları həmin şəxslərin müdafiəsinə qalxıb­lar: “Onların hərbi cani olmalarına, Azər­baycan xalqına qarşı müxtəlif cinayətlərdə iştirak etmələrinə, əllərinin xalqımızın qa­nına batmasına baxmayaraq, belə şəxsləri siyasi məhbus, yaxud siyasi səbəblərdən saxlanılan şəxs kimi təqdim etməklə müəy­yən üstünlük qazanmağa çalışırlar. Onlar bunu fərqli şəkildə təqdim etmək istəyir­lər. Qeyd edirlər ki, Azərbaycan və Ermə­nistan arasında normallaşma prosesi gedir, sülh danışıqları aparılır, lakin bu şəxslərin Bakıda saxlanılması, guya, ümumi sülh prosesinə əngəl törədir. Eyni zamanda, bu düşərgəyə mənsub olan şəxslər Azərbay­canı sülhdə maraqlı olmayan tərəf kimi qələmə verməyə çalışırlar. Amma, əslində, mahiyyətə baxdıqda, demək olar ki, həmin şəxslər 30 illik işğal dövründə Azərbaycan xalqına qarşı müxtəlif cinayətlərdə iştirak ediblər. Onlar əsir götürülmüş azərbaycan­lılara işgəncələr verib, zorakılıq əməlləri törədiblər. Beynəlxalq hüququn fundamen­tal norma və prinsiplərini pozublar. Cenev­rə Konvensiyasının tələblərini, onun əlavə protokollarını pozaraq, çoxsaylı cinayətlərə imza atıblar”.

İ.Hüseynov qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra həmin şəxslər ədalət və hüquq qarşısında cavab verirlər. Hazırda onların bəzilərinə hökm oxunub. Bəziləri isə məhkəmə prosesini və ədalət mühakiməsinin barələrində çıxaracağı hökmü gözləyir. Azərbaycan tərəfi dəfələr­lə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının onlara baş çəkməsini təmin edib. Görüşlər baş tutub, onlar ailə üzvləri ilə əlaqə saxlayıblar. Digər tərəfdən, onların saxlanılma şəraitləri kifayət qədər yaxşıdır. Bununla bağlı Azərbaycan Respublikası­nın İnsan Hüquqları üzrə Müvəkkili (om­budsman) dəfələrlə açıqlama yayıb. Bütün bunlar göstərir ki, Azərbaycanda həmin şəxslərə münasibət də məhz beynəlxalq hüququn norma və tələbləri çərçivəsində­dir.

Bununla belə, onlar törətdikləri əməl­lərə görə cavab verməlidirlər və bu, Azər­baycan qanunvericiliyinə uyğun həyata ke­çirilir. Ölkəmizin prokurorluq orqanlarında saxlanılan şəxslərlə bağlı cinayət işləri açılıb. Məhkəmə-prosessual qaydalarına uyğun olaraq bütün fəaliyyətlər icra edil­məkdədir.

Müsahibimiz onu da bildirdi ki, Ermə­nistan tərəfi siyasi baxımdan bu cür cılız addımlarla heç nəyə nail ola bilməyəcəyini, ölkəmizin imicini, nüfuzunu ləkələməyə müyəssər olmayacağını anlamalıdır: “Er­mənistanın bu cür müxtəlif hərəkatlar va­sitəsilə cinayətkarlara haqq qazandırması dəfələrlə olub. Həmin proses bu gün də davam etdirilir. Digər tərəfdən, ölkəmiz­də Qarabağdakı keçmiş separatçı-xun­ta rejimini təmsil edən şəxslərin, onların “qlavar”larının saxlanılması kifayət qədər obyektiv səbəblərdən baş verib. Məhkəmə prosesi zamanı törətdikləri digər cinayətlər də aşkara çıxacaq. Onlar bütün əməllərinə görə, cavab verəcəklər”. 

Səxavət HƏMİD
XQ

 



Siyasət