“SkyFit” idman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlanıb

post-img

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus “SkyFit” idman zalında yoxlama keçirilib.

Bu barədə XQ-yə AQTA-dan məlumat verilib.

Baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Agentlik sahibkarlara müraciət edərək bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, idxalı və satışı mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Xüsusilə sosial şəbəkələr üzərindən qeydiyyatsız və qanunsuz formada bu məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektləri öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmalıdırlar.

AQTA istehlakçıları bu məhsulları əldə edərkən, satıcının rəsmi qeydiyyatının mövcudluğunu, məhsulların idxal sağlamlıq aktına malik olmasını, eləcə də BAQM-ların dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırış edir. İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır.

Bu sahədə nəzarət tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcəkdir.

İdman