TƏBİB-in dəstəyi ilə III Beynəlxalq Fiziotexnoterapiya Konqresi keçirilib

post-img

TƏBİB-in dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Fiziotexnoterapiya Konqresi (ICPTT 2026) fizioterapiya, reabilitasiya və tibbi texnologiyalar sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib.

İki gün davam edən tədbir elmi yeniliklərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Yeni Klinikanın direktor müavini, Ürək-damar mərkəzinin rəhbəri Qalib İmanov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapevtika kafedrasının professoru Nailə Məmmədova, Hacettepe Universitetinin Fizioterapiya və reabilitasiya fakültəsinin dekan müavini Prof. Dr. Muhammed Kılınç, PhD Mehmet Gürhan Karakaya, Prof.PhD Zübeyir Sarı, Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, eləcə də Azərbaycan Tibb Universitetinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nümayəndələri, həmçinin Türkiyədən dəvət olunmuş professor və tibb mütəxəssisləri iştirak ediblər.

Fizioterapiya və reabilitasiyanın həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən A.İsrafilov bu sahədə beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.

Q.İmanov reabilitasiya xidmətlərinin müasir səhiyyədə prioritet olması və konqresin beynəlxalq əməkdaşlıq üçün önəmindən danışıb.

Professor Nailə Məmmədova tibbi turizmdə reabilitasiyanın roluna diqqət çəkib və Azərbaycanın bu istiqamətdə potensialını qeyd edib. Prof. Dr. Muhammed Kılınç konqresin beynəlxalq əhəmiyyətini vurğulayaraq, Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin müasir standartlara uyğun fəaliyyət göstərdiyini bildirib.

Direktor müavini Pərvin Əkbərov isə konqresin əsas məqsədinin innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin inteqrasiyası olduğunu qeyd edib. Konqres çərçivəsində robotik reabilitasiya, telereabilitasiya, süni intellekt, hərəkət analizi və geyilə bilən texnologiyalar üzrə ən son elmi tədqiqatlar təqdim olunub.

Mütəxəssislər müasir fizioterapiya metodları və pasiyent mərkəzli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində müxtəlif panel müzakirələri təşkil olunub, robotik reabilitasiya, protez-ortez texnologiyaları və neyroreabilitasiya sahəsində innovativ yanaşmalar müzakirə edilib.





































Sosial həyat