İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri və onun Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşlər, həmçinin iki liderin bəyanatları İtaliya və dünya mediasının diqqət mərkəzindədir.
“RaiNews” telekanalının reportajında və onun internet saytındakı “İtaliya-Azərbaycan. Enerji və kommunikasiya sahələrində strateji alyans” sərlövhəli materialda qeyd olunub: Ciorcia Meloni və İlham Əliyev tərəfdaşlığın möhkəmlənməsini - təkcə qaz və neft həcmləri deyil, həm də İtaliyanı Avropanın enerji mərkəzinə, Bakını isə iki qitə arasında haba çevirməyi hədəfləyən sənaye layihəsini təsdiqləyirlər”.
“RaiNews” Ciorcia Meloninin sözlərini sitat gətirib: “İtaliyaya qaz və neftin ixracı Ukraynaya qarşı Rusiyanın təcavüzkar müharibəsi başladıqdan sonra şərəflə təmsil etdiyim ölkənin enerji təhlükəsizliyində müəyyənedici amil rolunu oynayır. Bu əlaqələrin möhkəmləndirilməsi barədə aydın şəkildə söhbət apardıq. Biz nəinki təchizat həcmləri, xüsusilə bütün sahələr üzrə sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq. Bilirik ki, enerji və bağlantılar eyni medalın iki üzüdür. İstərdik ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirsin”.
“Agencia Nova” agentliyinin saytında dərc olunmuş geniş məqalədə qeyd olunur ki, enerji məsələsi hər iki liderin əsas müzakirə mövzusu olub. İlham Əliyev TAP layihəsinin mərkəziliyini və onun inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Ciorcia Meloni isə xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibənin başlanğıcından bəri Azərbaycandan İtaliyaya qaz və neft tədarükü milli enerji təhlükəsizliyi üçün “həlledici” olub”, - deyə agentlik yazıb.
Məqalədə diqqətə çatdırılır ki, ikinci mərkəzi addım iqtisadi və sənaye ölçüsü ilə bağlıdır. “Prezident Əliyev İtaliya bazarını Azərbaycan üçün çox maraqlı adlandırıb. O xatırladıb ki, İtaliyaya qoyulan Azərbaycan investisiyaları indiyə qədər üç milyard dollar təşkil edir”, - deyə agentliyin materialında vurğulanır.
“Secoli dItalia” qəzetində dərc olunmuş məqalədə qeyd olunur ki, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri bu ölkənin enerji təhlükəsizliyində mühüm rola malik olan Azərbaycan ilə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisədir. Nəşr yazır ki, hökumət başçısının Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü çox məhsuldar olub. Ciorcia Meloni xüsusi olaraq vurğulayıb: “Bu gün ölkələrimiz arasında münasibətlərə gəldikdə, bu, siyasi baxımdan mənim üçün əhəmiyyətlidir. Çünki İtaliyanın Baş nazirinin Azərbaycana rəsmi səfərindən 13 il ötür. Düşünürəm ki, yaranmış bu qədər uzunmüddətli boşluğu doldurmalı idik”.
Rəsmi ANSA informasiya agentliyi, “Agenzia CULT”, “Agenzia vista”, “Domani”, “la Repubblica”, “ItalPress”, “la Gazetta del Mezzogiorno”, “Crema Oggi”, “Lecodelsud”, “ilNordEst”, “Messagerro”, “il Mattino”, “il Sole”, la Sentinella”, “GDVNews”, “La Provincia”, “Motori”, “Reggio”, “Trentino”, “Sream24” mətbuat orqanlarının dərc etdiyi materiallarda İtaliyanın hökumət başçısının Azərbaycan Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdiyi, həmçinin iki liderin mətbuata birgə bəyanatla çıxış etdiyi vurğulanır.
ABŞ-ın “Bloomberg” agentliyinin və “Energynewsbeat” nəşrinin “İtaliya enerji təchizatında Azərbaycan ilə daha yaxın əlaqələr qurmaqda maraqlıdır” sərlövhəli məqaləsində qeyd olunub ki, Ciorcia Meloninin Azərbaycan Prezidenti ilə görüşündə davam edən qlobal fasilələr fonunda tədarükü təmin etmək üçün İtaliyanın daha geniş strategiyasının bir hissəsi olaraq iki ölkə arasında enerji əməkdaşlığını dərinləşdirmək qərara alınıb.
Türkiyənin Anadolu agentliyi, həmçinin “Haberglobal”, “Haberler.com”, “Ekoturk”, “Orta Doğu Gazetesi”, “Eplis Haber.com” mətbuat orqanları da İtaliyanın hökumət başçısının Azərbaycan Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşləri, həmçinin iki liderin mətbuata birgə bəyanatları ilə bağlı materiallar dərc edib.
XQ


