Harvard Universitetinin Growth Lab Mərkəzinin təsisçisi və direktoru, professor Ricardo Hausmann UNEC-in qonağı olub.
Bu barədə XQ-yə universitetdən məlumat verilib.
Bildirilib ki, UNEC-in müəllim heyəti və tələbələri ilə görüşən professor “İqtisadi inkişafın yeni yanaşmaları” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda vurğulanıb ki, ölkələrin iqtisadi inkişafı yalnız resurslar və kapitaldan asılı deyil, burada əsas rol “bilik və məhsuldar bacarıqların” paylanmasına məxsusdur.
Professor çıxışında Product Space yanaşmasına xüsusi diqqət yetirərək bildirib ki, ölkələr mövcud istehsal strukturuna yaxın sahələrə keçid etməklə iqtisadiyyatlarını şaxələndirə bilirlər. Onun sözlərinə görə, iqtisadi inkişaf daha çox mövcud bacarıqlara əsaslanan ardıcıl addımlarla baş verir. Professor, həmçinin, İqtisadi Mürəkkəblik İndeksindən (Economic Complexity Index) bəhs edib və qeyd edib ki, bu göstərici ölkələrin iqtisadi strukturunu anlamaqda mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, iqtisadi mürəkkəbliyi yüksək olan ölkələr daha çox bilik və texnoloji bacarıq toplayır ki, bu da uzunmüddətli iqtisadi artım potensialını gücləndirir.
R. Hausmann çıxışında “know-how” prinsipinə də xüsusi yer ayırıb. Bildirib ki, texnoloji inkişaf yalnız müasir avadanlıqdan ibarət deyil, o, eyni zamanda insanların düşüncəsində formalaşan biliklər sistemidir. Bu baxımdan iqtisadi inkişaf təkcə fərdi biliklərlə deyil, kollektiv bacarıqların düzgün koordinasiyası ilə mümkün olur. Professor iqtisadi inkişaf üçün uyğun institutların yaradılmasının vacibliyini də vurğulayıb və qeyd edib ki, belə institutlar olmadan yeni sənaye sahələrinin formalaşdırılması çətinləşir.
Azərbaycanın gələcək inkişaf perspektivlərinə toxunan qonaq bildirib ki, özəl sektor və mövcud bacarıqlara yaxın sahələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə o, turizm, logistika, kənd təsərrüfatının bəzi istiqamətləri və yaşıl enerji “Green Growth” konsepsiyası daxilində perspektivli sahələr kimi dəyərləndirilib.
Sonda professor qeyd edib ki, əsas çağırış iqtisadiyyatın resurs əsaslı modeldən bilik əsaslı istehsala keçididir. Müasir dövrdə yaşıl iqtisadiyyat və dekarbonizasiya meyilləri yeni inkişaf imkanları yaradır. Bu proseslər isə düzgün koordinasiya və institutların gücləndirilməsi ilə daha da sürətləndirilə bilər.
Görüş tələbələr və akademik heyət tərəfindən böyük maraqla qarşılanıb və sual-cavab sessiyası ilə davam edib.






