Azərbaycanın uğurlu neft strategiyası iqtisadi inkişafa təminat yaradır

post-img

AGG – 6 ayda 61 milyon barel neft

Müstəqil Azərbaycanın iqtisadi strategiyasının banisi Heydər Əliyevin uzaqgörən si­yasətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasından 30 ilə yaxın vaxt ötür. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünü əhatə edən bu tarixi sazişin uğurla icra olunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizi iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxarıb. 

Azərbaycanın iqtisadi müstəqilliyi üçün möh­kəm təməl, etibarlı baza rolunu oynayan “Əsrin müqaviləsi” çərçivəsində bir sıra iri miqyaslı la­yihələr həyata keçirilib, neftin hasilatı və nəqli üçün nəhəng infrastruktur yaradılıb. Xəzər regi­onunu beynəlxalq əməkdaşlıq məkanına çevirən “Əsrin müqaviləsi” gənc Azərbaycan Respub­likasını qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi bütün dünyaya tanıdıb, ölkəmizə beynəlxalq nüfuz qazandırıb. Beləliklə, Azərbaycan dünyanın neft ixrac edən ölkələrinin sırasında öz mövqeyini xeyli gücləndirib. 

Əvvəlki dövrlərdə olduğu kimi, 2024-cü ilin yanvar-iyun aylarında da “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə tikinti-quraşdırma, qazma və ha­silatla bağlı əməliyyatlar sahəsində yüksək nə­ticələr əldə edilib. “BP-Azərbaycan” şirkətinin bu ilin birinci yarısının nəticələrinə dair hesaba­tına əsasən, yanvar-iyun aylarında konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 243 milyon dollar, əsaslı məsrəflərinə isə 698 milyon dollar xərclənib. 

Cari ilin əvvəlindən AÇG yataqlar blokun­da yeni 4-ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başla­nıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin, təxminən, 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumattoplama proqramıdır. Proqram üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamla­nıb. Hazırda isə əldə olunmuş seysmik məlumat­ların emalı davam edir.

BP şirkəti və tərəfdaşları bu ilin ilk yarı­sında “Yeni əsrin müqaviləsi” adlandırılan neft layihəsi çərçivəsində də bir sıra uğur­lara imza atıblar. Belə ki, hesabat dövründə “Azəri-Mərkəzi-Şərqi” (ACE) platforma­sından hasilatın başlanması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunun da nəticəsində Xəzərdə quraşdırılmış say­ca yeddinci hasilat platformasından aprelin ortalarında ilk neft çıxarılıb. Xatırladaq ki, ACE platformasından ilk neft ötən ilin so­nunda bu qurğudan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda bir quyudan gündə, təqribən, 8 min barel neft hasil olunur. Cari ilin sonu­na kimi isə ACE platformasından daha iki hasilat quyusunun qazılıb istismara veril­məsi planlaşdırılır. Bununla da, sözügedən platformadan hasilatın tədricən artaraq ilin sonuna gündə, təxminən, 24 min barelə ça­tacağı gözlənilir.

ACE platforması texnoloji və rəqəm­sal baxımdan BP-nin dünyada idarə etdi­yi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb olunan prosesləri avtomatlaşdırma­ğa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir. Qeyd edək ki, ACE platformasının təh­lükəsiz şəkildə işə salınması 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə hasilatın pay bölgüsü haqqında sazişin müddətinin uzadılmasından sonra BP və tərəfdaşlarının qəbul etdiyi ilk böyük in­vestisiya qərarının reallaşmasıdır.

Cari ilin yanvar-iyun ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. Hesabat dövrün­də AÇG-də, ümumilikdə, 144 neft hasila­tı quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Bu ilin ötən dövründə 7 hasilat platforması va­sitəsilə gündə orta hesabla 336 min barel və ya ümumilikdə, təxminən, 61 milyon barel neft çıxarılıb. Ümumi hasilatın 22 min bareli “Çıraq”, 96 min bareli “Mərkə­zi Azəri”, 77 min bareli “Qərbi Azəri”, 52 min bareli “Şərqi Azəri”, 57 min bareli “Dərinsulu Günəşli” 29 min bareli “Qərbi Çıraq” və 3 min bareli ACE platformaları­nın payına düşüb. 

İlin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq “Dərinsulu Günəşli” platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Proqramın icrası zamanı plan­laşdırılmış profilaktik tədbirlərin, təftiş və layihə işlərinin səmərəli şəkildə aparılma­sını təmin etmək məqsədilə platformadan hasilat 13 gün ərzində dayandırılıb. Plat­formanın təhlükəsiz, etibarlı və ətraf mü­hitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsə­dilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılıb.

AÇG-də neft hasilatının sabit saxlanıl­ması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, 6 ay ərzində müqavilə sahəsində 9 neft hasilatı və 1 su injektor quyusu ta­mamlanaraq istismara daxil edilib. 

2024-cü ilin birinci yarısında AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Hesabat dövründə AÇG-dən Azərbaycan dövlətinə, əsasən, Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu va­sitəsilə gündə orta hesabla 6,4 milyon kub­metr, ümumilikdə, isə 1,2 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. 

Bu ilin ilk yarısında “A22z” qiymət­ləndirmə quyusundan əldə olunmuş mə­lumatlar əsasında “Azəri-Çıraq-Günəşli” strukturunda sərbəst təbii qaz ehtiyatları­nın gələcək işlənməsi üzrə planlaşdırma işləri də davam etdirilib. Xatırladaq ki, ötən il fevralın 7-də qazma işlərinə başlan­mış həmin quyu cəmi iki ay ərzində–aprel ayında tamamlanmışdı. AÇG strukturunun cənub cinahındakı dərin layları hədəfləyən bu quyu “Çıraq” platformasından bir injek­tor quyusunun yan lüləsi kimi qazılmışdı. Artıq sərbəst qazın işlənməsi üçün aparılan kommersiya müzakirələri yekunlaşıb. İlkin hasilat quyusunun qazılmasına isə bu il ər­zində başlanması planlaşdırılır.

2024-cü ilin ilk yarısında Səngəçal ter­minalından 110 milyon bareldən çox neft və kondensat ixrac olunub. Bu həcmlərin Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəql edilib. Xam nefti dün­ya bazarına çıxaran BTC əvvəlki dövrlər­də olduğu kimi, 2024-cü ilin yanvar-iyun aylarında da fəaliyyətini uğurla davam et­dirib. “BP-Azərbaycan” şirkətinin bu ilin birinci yarısının nəticələrinə dair hesabatı­na əsasən, konsorsium iştirakçıları tərəfin­dən BTC üzrə əməliyyat tədbirlərinə 70,5 milyon dollar, əsaslı məsrəflərinə isə 17,7 milyon dollar xərclənib. 

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 14 milyon ton xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC kəməri vasitəsilə 2024-cü ilin ikinci rübünün sonunadək 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib. Xam neft Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına gön­dərilib. 

Hazırda BTC, əsasən, Azərbaycan­dan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adı çəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistana məxsus xam neft və kon­densat, eləcə də SOCAR-ın AÇG-dən kə­nar hasilat həcmləri də nəql olunur.





İqtisadiyyat