Bu gün beynəlxalq reytinq agentlikləri tərəfindən respublikamızın gələcək inkişaf gözləntisini ifadə edən müsbət göstəricilərin vurğulanması təsadüfi deyil. Çünki hazırda Azərbaycanın malik olduğu resurslar iqtisadi yüksəlişin dinamikliyini şərtləndirir və bu potensial böyük miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə, xüsusilə işğalçıdan təmizlənən ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə davam etdirilməsinə imkan verir.
Prezident İlham Əliyev ölkəmizin nail olduğu inkişaf səviyyəsi haqqında bildirib: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”. Həqiqətən də, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan iqtisadi siyasət nəticəsində respublikamızın enerji təhlükəsizliyi təmin edilib, ölkə əhalisinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının etibarlılığı, eyni zamanda, dayanıqlılığı gücləndirilib.
Dövlət başçısıın rəhbərliyi ilə gerçəkləşdirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət sayəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, düşməndən təmizlənən yaşayış sahələrinin yenidən bərpası, müdafiə və ordu quruculuğu, ərzaq təhlükəsizliyinin diqqətdə saxlanılması istiqamətlərində mühüm layihələr yerinə yetirilib.
Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin, o cümlədən “Fitch Ratings” beynəlxalq kredit reytinqi agentliyinin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Ümumiyyətlə, beynəlxalq reytinq agentliklərinin proqnozları bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirləri və kapital xərcləri, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Bu gün dünyada baş verən mürəkkəb siyasi-iqtisadi hadisələr fonunda qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlinməsi, iqtisadi inkişafın sürətləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına yönələn proqramların həyata keçirilməsi qarşıdakı dövr ərzində də yüksək göstəricilərin əldə ediləcəyi əminliyi yaradır.
“Fitch Ratings” beynəlxalq kredit reytinqi agentliyi ölkəmizin xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini sabit proqnozla “BB+”dan “BBB-”yə yüksəldib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, bu göstərici Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını vurğulayır, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir.
G.Quliyevanın sözlərinə görə, reytinq agentliyinin məlumatında Azərbaycanın suveren xarici valyuta aktivlərinin 2024-cü ildə 74 milyard ABŞ dollarına çatacağı bildirilir ki, bu da proqnozlaşdırılan ÜDM-in 98 faizini təşkil edir. Xatırladaq ki, bu ehtiyatların əsas hissəsi Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) məxsusdur. Aktivlərin yüksək səviyyəsi Azərbaycanın xalis suveren aktiv mövqeyinin BBB və A reytinqli suverenlər arasında ən yüksək mövqedə qalmasını gerçəkləşdirir.
Hesabatda göstərilir ki, cari əməliyyatlar hesabı profisitinin azalacağı proqnozuna baxmayaraq, Azərbaycan yüksək neft və qaz gəlirləri ilə dəstəklənən BBB kateqoriyasında liderliyini davam etdirəcək. “Fitch Ratings”də ölkəmizin xalis xarici kreditor mövqeyinin 2024-cü ildə ÜDM-in 154 faizinə qədər möhkəmlənəcəyi və “BBB” suverenləri arasında ən güclü olacağı gözlənilir.
İİTKM-in şöbə müdirinin fikrincə, agentlik Azərbaycanın davamlı büdcə profisiti və dövlət maliyyəsində neftdən asılılığın azaldılması öhdəliyini qoruyan fiskal siyasətini davam etdirəcəyini proqnozlaşdırır. Agentliyin ekspertlərinin təhlilinə əsasən, gücləndirilmiş suveren xarici buferlər və ehtiyatlı fiskal siyasət respublikamızın xarici şoklara və neft qiymətlərinin dəyişkənliyinə qarşı dayanıqlığını artırır, Azərbaycan Respublikası Mərkəzi Bankının daxili likvidliyi və valyuta tələbini idarə etmək qabiliyyətini yüksəldir.
Hesabatda hökumət borcunun 2026-cı ilə qədər aşağı səviyyədə qalaraq ÜDM-in 22,7 faizinə qədər artacağı proqnozlaşdırılır. Bununla yanaşı, hökumət tərəfindən aparılan nəzarət tədbirlərinin effektivliyi vurğulanaraq inflyasiyanın 2024-cü ildə hədəf inflasiyadan aşağı səviyyədə – orta hesabla 3,5 faiz olacağı güman edilir. Qarabağın bərpasının müsbət təsirləri səbəbindən iqtisadi artımın tsiklik olaraq 3,2 faizə qədər bərpa olunduğu qeyd olunur.
G.Quliyeva vurğulayıb ki, Azərbaycanın Ekoloji Sosial Korporativ Məsuliyyət (ESG) Uyğunluq Reytinqləri siyasi sabitliyin, qanunun aliliyinin və korrupsiyaya nəzarətin onun kredit profilinə əhəmiyyətli təsirini əks etdirir. Hesabatda Azərbaycanın idarəetməni təkmilləşdirməsi və iqtisadiyyatın diversifikasiyası üzrə öhdəlikləri yüksək qiymətləndirilir.
Qeyd edək ki, suveren kredit reytinqindəki bu artım Azərbaycanın iqtisadi strategiyasının bir neçə kritik aspektini vurğulayır. ARDNF tərəfindən qorunan xarici tarazlıq ölkəmizin güclü maliyyə idarəçiliyini və ehtiyatlı fiskal siyasətini nümayiş etdirir. Proqnozlaşdırılan cari əməliyyatlar hesabının profisiti, hətta aşağı neft qiymətləri olsa belə, sabitliyi və artımı qoruyub saxlaya bilən dayanıqlı iqtisadiyyatdan xəbər verir.
Büdcə profisitinin davam etməsi və dövlət borcunun aşağı olması hökumətin makroiqtisadi sabitliyin qorunmasına və neft gəlirlərindən asılılığın azaldılmasına sadiqliyini nümayiş etdirir. Bu strateji yanaşma iqtisadiyyatı xarici şoklardan qorumaqla yanaşı, davamlı inkişafın əsasını qoyur.
İİTKM-in şöbə müdiri yekun olaraq qeyd edib ki, “Fitch Ratings” tərəfindən ölkəmizin suveren kredit reytinqinin yüksəldilməsi Azərbaycanın sabit iqtisadi vəziyyətini və maliyyə sağlamlığını vurğulayır, eləcə də onu gələcək investisiyalar üçün cəlbedici istiqamətə çevirir. Güclənmiş xarici tarazlıq, davamlı büdcə profisiti və aşağı dövlət borcu müsbət investisiya mühitini formalaşdırmaqla investorları ölkəmizdə imkanları araşdırmağa həvəsləndirir.