İnflyasiya proqnozu 2 dəfə azaldılıb

post-img

Bu il Azərbaycanda orta illik inflyasiya 2,7 faiz səviyyəsində proqnozlaşdırılır. Maliyyə Nazirliyinin bu barədə yaydığı məlumatda qeyd edilir ki, ilkin proqnoz 5,3 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə həmin göstərici 2,7 faizə qədər azaldılıb. 

Bildirilir ki, 2024-cü ilin yanvar–iyun aylarında inflyasiya tempi azalmaqda da­vam edib, orta illik inflyasiya 0,7 faiz sə­viyyəsində qərarlaşıb. Hesabat dövründə orta illik ərzaq qiymətlərində 0,6 faizlik deflyasiya qeydə alınıb, qeyri-ərzaq infl­yasiyası 1,2 faiz, əhaliyə göstərilmiş ödə­nişli xidmətlər üzrə inflyasiya isə 2,4 faiz olub. İllik inflyasiya cari ilin iyun ayında ötən ilin müvafiq dövrünə nisbətən isə 1,1 faiz təşkil edib.

Xatırladaq ki, inflyasiyanın azalması cari ilin əvvəlindən davamlı prosesə çev­rilib. 2024-cü ilin yanvar ayında ölkədə illik inflyasiya 1,7 faiz təşkil edib. Bu göstərici 2023-cü və ondan əvvəlki illə­rin yanvar aylarında müvafiq olaraq 12,5 faiz və 13,6 faiz olub. Həmin vaxt ölkədə illik inflyasiyanın kəskin enmə səbəbi ilə bağlı İqtisadiyyat Nazirliyinin məlu­matında bildirilirdi ki, 2023-cü il ərzində respublikamızda inflyasiyada əvvəlki illə müqayisədə azalma davam edib. Belə ki, ötən ilin dekabr ayında cəmi məhsul və xidmətlər üzrə illik inflyasiya əvvəlki ilin müvafiq göstəricisinə nəzərən 12,3 faiz bəndi azalaraq 2,1 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında ərzaq məhsulları üzrə illik inflyasiya 0,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 2,7 faiz, ödənişli xidmət­lər üzrə isə 3,7 faiz olub. İnflyasiyada sən­gimə 2024-cü ildə də davam edib və cari ilin yanvar ayında bu göstərici 1,7 faizə enib.

Ticarət tərəfdaşları üzrə inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarla­rında qiymətlərin enməsi, profisitli tədiyə balansı şəraitində valyuta bazarında taraz­lığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyaya azaldıcı təsir göstə­rib.

Həmin vaxt Maliyyə Nazirliyinin mə­lumatında isə bildirilirdi ki, qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azal­dıcı təsir göstərir. Qiymətlərin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi, eyni zamanda, ölkədə qiymətlərin bazar prinsipləri əsasında for­malaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Res­publikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında”, eləcə də “İnflyasiya və qiymətlər üzrə monitorinqin güclən­dirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncamlarında nəzərdə tutulan kompleks tədbirlərin icrası da inflyasiya­nın azalmasını şərtləndirir.

İqtisadiyyat