Regionlarda seçkilərə hazırlıq davam edir

post-img

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gün yaxınlaşdıqca deputat mandatı uğrunda mübarizə daha geniş vüsət alır. Hazırda seçkilərə namizədlərin irəli sürülməsi, imza vərəqələrinin yoxlanılması, seçici siyahılarının asılması kimi son hazırlıq işləri aparılır. Oxucuları bu işlərin regionlarda təşkili ilə tanış etmək üçün bir neçə seçki dairəsi ilə əlaqə saxladıq. 

Balakən

110 saylı Balakən seçki dairəsinin sədri Vahid Əliyev söhbət zamanı dedi ki, budəfəki seçkilərə maraq daha bö­yükdür. Namizədlər arasında siyasi partiayaların nümayəndələri fəallıq göstərirlər. 

“Seçkilərə hazırlığın ən qızğın dövrü­dür. Namizədliyini irəli sürənlərin əksəriy­yəti imzatoplama kampaniyasını başa vu­raraq topladıqları imzaları seçki dairəsinə təhvil verirlər. Dairədə fəaliyyət göstərən ekspert və işçi qrupları imzaları son dərə­cə dəqiqliklə yoxlayırlar” – deyən DSK sədri hazırda vacib işin seçici siyahısını dəqiqləşdirmək və seçki məntəqələrin­də yerləşdirməkdən ibarət olduğunu, bu məsələnin diqqət mərkəzində saxlanıldığı­nı bildirdi. Bu məsələni diqqət mərkəzində saxlamışıq. Qeyd etdi ki, seçici siyahıları tez-tez dəyişir. Dünyasını dəyişənlərin ad­ları siyahıdan çıxarılmalı, hərbi xidmətdən tərxis olunanlar siyahıya əlavə olunmalı, ilk dəfə səs verənlərlə görüş təşkil edib bu siyasi kampaniyada iştirak etməyin vacib­liyi barədə məlumat verilməlidir. Bundan əlavə, aşağı seçki komissiya üzvlərinin ma­arifləndirmə layihələrində iştirakını da təş­kil etməliyik. Bütün bunları mərhələ-mər­hələ, qanunvericiliyin tələblərinə uyğun həyata keçiririk.

Ərazidə 44 daimi seçki məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edən dairə səd­ri dedi ki, məntəqələrin seçkilərə hazırlığı ilə bağlı hər hansı problem yoxdur. Onun sözlərinə görə, seçicilərin sayı 50 minə yaxındır. Onlardan 446 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçicinin 100 yaşı var. 

V. Əliyev namizədliyi qeydə alınanla­rın seçiciləri ilə görüşmələri üçün qapalı və açıq yerlərin müəyyənləşdirildiyini bil­dirdi. Dedi ki, hər bir namizədin bərabər səviyyədə təbliğat – təşviqat aparması üçün məntəqə seçki komissiyalarının qarşısında dəmir lövhələr quraşdırılıb. Səsverməyə əlil arabalarında gələnlər də unudulmayıb. Hansı seçki məntəqəsində belə hal olarsa, qabaqcadan müəyyənləşdirilib orada pan­duslar quraşdırılacaq. 

Ağsu 

90 saylı Ağsu seçki dairəsinin sədri Azad Dursunəliyev 20 ilə yaxındır ki, seçki prosesi ilə məşğuldur. Bu illər ər­zində onun rəhbərlik etdiyi dairənin əra­zisindəki seçki məntəqələrində seçkinin nəticəsinə təsir edə biləcək qanun pozun­tusu qeydə alınmayıb. Komissiya sədri bu seçkilərin də ədalətli şəkildə başa ça­tacağına əmin olduğunu dedi:

– Növbədənkənar parlament seçkilə­rinə hazırlıq işləri qanun çərçivəsində davam etdirilir. Bu işdə MSK -nın növbə­dənkənar seçkilərin hazırlanıb keçirilmə­si üzrə əsas hərəkət və tədbirlərin təqvim planı köməyimizə çatır. Çalışırıq ki, seçki prosesində hər hansı qanun pozuntusu, na­razılıq və insident yaranmasın. Namizəd­liyini irəli sürənlərə əlverişli şərait yara­dılıb. Siyasi partiya mənsubiyyətindən və mövqeyindən asılı olmayaraq, hər bir kəs seçkilərə namizəd kimi qatıla bilər. Bunun­la bağlı indiyədək seçki dairəsinə 13 nəfər müraciət edib. Onlardan 4 nəfəri sonradan namizədliyini geri götürüb. Doqquz nəfərə imza vərəqələri verilib. Qalan proseslər namizədlərin özlərindən asılıdır. Etibarlı imzalar toplayanların namizədliyi dairənin ekspert və işçi qrupu tərəfindən yoxlanıl­dıqdan sonra qeydə alınır. 

Dairə ərazisindəki 62 seçki məntəqəsi texniki təchizatla təmin olunub. Artıq səs­vermə kabinələri də quraşdırılıb. Seçicilər məntəqədə asılmış seçici siyahıları ilə sər­bəst şəkildə tanış olub, adlarını tapa bilər­lər. 

DSK sədri aşağı seçki komissiya üzv­lərinin treninqlərdə iştirakından da söhbət açaraq dedi ki, bu, cox vacibdir: “Çünki treninqlərdə hər şey əyani nümayiş etdirilir. Bu da komissiya üzvlərinə seçki prosesində qarşılaşa biləcəkləri problemlərin aradan qaldırılmasında kömək edəcək. Biz seçkiyə hazırıq. İnanıram ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də seçicilər mütəşəkkil şəkil­də səsvermə məntəqələrinə gələcək və istə­dikləri namizədə səs verəcəklər.

Fatimə Əlizadə: – Növbədənkənar parlament seçkiləri mənim üçün daha çox yadda qalan ola­caq. Artıq 18 ya­şım tamam olub və seçkilərdə iştirak etmək hüququm var. Mən ilk dəfə səs verəcəyəm. Belə bir siyasi kampaniyaya qo­şulduğum üçün çox sevinirəm.

Səid İsma­yılov: – Mən də sevinirəm ki, artıq seçkilərə qoşulu­ram. Səsvermədə iştirak etmək hər bir vətəndaşımızın hüquqdur. Mən də öz hüququmdan ilk dəfə istifadə edəcəyəm və istə­diyim namizədə səs verəcəyəm.







Son xəbərlər