Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların səsvermə hüquqlarının daha səmərəli təmin olunması üçün “ASAN xidmət” mərkəzlərində mütərəqqi və səmərəli bir vasitənin tətbiqi davam etdirilir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, innovativ həll MSK-nın və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində həyata keçirilir. Vətəndaşlar mərkəzlərdə olan “ASAN növbə” terminallarındakı “Seçici statusunu yoxla” adlı funksional bölmədə şəxsiyyət vəsiqələrini oxudaraq adlarını seçici siyahılarında yoxlaya, habelə aid olduqları seçki dairəsi və məntəqəsini müəyyənləşdirə bilərlər.
Məlumatlar sistemdə əks olunmadığı təqdirdə açılan yeni ekranda əlaqə məlumatları daxil edilməklə yerindəcə MSK-ya müraciət etmək imkanı da təmin olunur.
Gün ərzində “ASAN xidmət”ə 40 minə yaxın vətəndaş müraciəti daxil olur. Vətəndaşlarımız növbə götürərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.