Dünya Bankının Direktorlar Şurası oktyabrın sonunda Azərbaycanla 2025–2029-cu illər üçün nəzərdə tutulmuş yeni tərəfdaşlıq strategiyasını təsdiq etməyi planlaşdırır. Bu barədə Bankın Bakı ofisindən məlumat verilib. Bildirilib ki, Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Rolanda Praysın rəhbərlik etdiyi nümayəndə heyətinin iyulun 15-də Bakıya səfəri zamanı çərçivə sənədi ilə bağlı məsləhətləşmələr davam etdirilib.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, nazir Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyi, ölkəmizdə bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyi bildirilib. Tədbirdə, həmçinin Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpaolunan enerji və “yaşıl” iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.
Görüş barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verən iqtisadiyyat naziri M. Cabbarov bildirib ki, Dünya Bankı Qrupu ilə Azərbaycan üzrə 2025–2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədinin hazırlanması istiqamətində müzakirələr aparılıb. “Tərəfdaşlıq sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi apardıq”,– deyə nazir paylaşımında qeyd edib.
Bankın Bakı ofisinin məlumatında qeyd olunduğu kimi, 2015-ci ildə təsdiq edilmiş əvvəlki tərəfdaşlıq strategiyası Azərbaycanın qarşısında duran ciddi çağırışlar nəzərə alınmaqla hazırlanmışdı. O, yeni artım modelinə keçid zamanı dövlət maliyyə idarəçiliyi və iqtisadiyyatın şaxələndirilməsi sahəsində daha yaxşı göstəricilərə nail olmaq üçün ölkənin dəstəklənməsinə, eləcə də ölkənin xarici şoklara qarşı dayanıqlığının gücləndirilməsinə fokuslanmışdı. “Amma 2020-ci ildən etibarən dünya COVID-19 pandemiyasının yaratdığı yeni iqtisadi təlatümlə üzləşib. Karbohidrogenlərə qlobal tələbatın azalması neftin qiymətinin kəskin aşağı düşməsinə səbəb olub və bu, neft sektorundan ciddi şəkildə asılı olaraq qalan Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərib. Bu çətinliklərə baxmayaraq, Azərbaycan dəyişikliklər etməyə əzmini nümayiş etdirir. Ölkə “yaşıl” iqtisadiyyata keçid və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına iddialı məqsədlər qoyur”, – deyə bankın Bakı ofisinin məlumatında bildirilib.
Qeyd olunub ki, Dünya Bankının Azərbaycanla yeni tərəfdaşlıq strategiyası bu məqsədləri dəstəkləmək üçün hazırlanıb. Bu istiqamətdə iki əsas layihə müəyyənləşdirilib. Bunlardan birincisi Azərbaycanın məşğulluğa dəstək proqramının genişləndirilməsidir. Dünya Bankı ölkəmizdə iş yerlərinin yaradılmasını təşviq etmək və işçi qüvvəsinin bacarıqlarını artırmaq məqsədi daşıyan bu proqrama 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyə ayırmağı planlaşdırır. İkinci layihə isə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini (AZURE) nəzərdə tutur. İlkin hesablamalara görə, bank AZURE layihəsi çərçivəsində külək və günəş enerjisinin inkişafı vasitəsilə “yaşıl” iqtisadiyyata keçidi hədəfləyən Azərbaycana dəstək olmaq üçün 250 milyon ABŞ dolları ayırmağı planlaşdırır. Yeni strategiyanın əhatə edəcəyi digər perspektivli əməkdaşlıq sahələrinin müzakirələri isə hələlik davam edir.
Yeri gəlmişkən, Azərbaycan hökuməti ilə karbon qazı emissiyalarının kvotalarının monetizasiyası imkanlarını müzakirə etməyi planlaşdıran Dünya Bankı AZURE layihəsi çərçivəsində birinci mərhələdə Neftçala rayonunda (315 meqavatlıq) və Biləsuvarda (445 meqavatlıqlıq) ümumi gücü 760 meqavat olan günəş elektrik stansiyalarının elektrik şəbəkəsinə inteqrasiyası üçün ötürücü infrastrukturu maliyyələşdirəcək.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bu günə kimi Azərbaycanda Bankın kredit vəsaitləri hesabına ümumi məbləği 4,4 milyard ABŞ dolları olan 54 layihə həyata keçirilib. Ötən müddətdə bank tərəfindən ölkəmizdə reallaşdırılan 115-dən artıq texniki yardım və bir çox istiqamətlərdə qrant layihələrinə, təxminən, 30 milyon dollardan artıq vəsait ayrılıb. Azərbaycanın uğurlu tərəfdaşlarından olan Dünya Bankının maliyyə dəstəyi ilə nəqliyyat, sosial, su təchizatı və irriqasiya, kənd təsərrüfatı, ətraf mühit, ədliyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.