Milli azlıqlara haysayağı “qayğı”

post-img

Ermənistanda bu “himayə”nin göstəriləcəyi milli azlıqların sayı gülüş doğurur

Hərdən Ermənistandan elə maraqlı xəbər gəlir ki, heyrətlənməmək olmur. Deməli, bu günlərdə Hayastan ədliyyə nazirinin müavini Karen Karapetyanın və milli assambleyanın insan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr daimi komissiyasının sədr müavini Rustam Bakoyanın sədrliyi ilə “Milli azlıqlar haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Erməni mediası xəbər verir ki, qanun layihə­sində milli azlıqların hüquqlarının qorunması üçün qanunvericilik bazasının gücləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, müzakirələr zamanı Avropa Şurasının Demokratiya və İn­san Ləyaqəti üzrə Baş Direktorluğunun məs­ləhətçiləri qanun layihəsi ilə bağlı Venesiya Komissiyası ilə birgə rəyini təqdim edib. Onlar təqdim etdikləri rəydə həm mövcud problemlər, həm də qanun layihəsi ilə bağlı sualları cavab­landırıblar. 

Avropa ilə ayaqlaşmaq xəttini tutan İrəva­nın bu qanunvericilik təşəbbüsü, əslində, hay cəmiyyətinin monoetnik mahiyyətini ört-basdır etmək niyyətindən başqa bir şey deyil. Həmin qanun layihəsinin uydurma və saxtakarlıqdan ibarət olduğunu başa düşmək üçün Ermənis­tandakı demoqrafik durum üzrə ekspert olma­ğa ehtiyac yoxdur. Deməli, İrəvanın parlament tribunasından pafosla milli azlıqlar adlandırdı­ğı xalqların bu ölkədə nümayəndələrinin sayı, demək olar ki, sıfıra bərabərdir. Buna tam əmin olmaqdan ötrü rəsmi statistikaya müraciət edək. Ermənistan dövlət statistika idarəsinin 2021-ci ilə olan məlumata əsasən, bu ölkədə 35 min 308 yezidi, 11 min 911 rus, 2 min 769 assur və 2 min 162 kürd yaşayır. Yəni, 3 mil­yondan bir qədər az əhalisi olan Ermənistanda cəmi-cümlətani 50 mindən bir qədər çox milli azlıqların nümayəndəsi var.

Bu qədər az olmalarına baxmayaraq, erməni etnik qrupunun dominant mövqe­yinə heç bir şəkildə təhlükə törətməyən azsaylı xalqlar uzun illərdir ki, özlərinə qarşı “aborigenlərin” nifrətinin təzahürləri ilə üzləşirlər. Bu sırada ən acınacaqlı və­ziyyət Ermənistan cəmiyyətində tez-tez mənfi obrazda təqdim olunan yezidilərlə bağlıdır. Onların övladları Ermənistan or­dusunda hər cür təhqirlərə məruz qalır, təqib və sui-istifadə hədəfinə çevrilirlər. Bir müddət bundan əvvəl yezidi mənşəli əsgər Artur Ajamyana erməni Yurik Bro­yanın sataşması, onu qətlə yetirməsi bö­yük hay-küyə səbəb olmuşdu. 

İki yüz ildən çoxdur etnik dözümsüz­lük kompleksinə mübtəla olmuş hayla­rın əhalinin və ərazinin çoxluğunu təşkil edən azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bizdən yaxşı kim nəql edə bilər? 

Məgər Sovet Ermənistanının ermə­nilərin monoetnik dövlətinin prototipi kimi yaradıldığını biməyən var? Hələ Ermə­nistan SSR yaranmazdan əvvəl hayların Osmanlı imperiyasından və Qacar dövlə­tindən keçmiş İrəvan xanlığının torpaqla­rına mütəmadi olaraq köçürülməsi tarixi faktdır. “Erməni arzusu”nu həyata keçir­mək üçün bu bölgənin əhalisinin əksəriy­yətini təşkil edən, vahid etnik qrup sayılan azərbaycan türklərini yurdlarından niyə didərgin salındığı da hamıya bəllidir. İstər Rusiya imperiyasında, istərsə də “qırmızı imperiya” deyilən SSRİ-də məqsədyönlü şəkildə həyata keçirilən erməniləşdirmə siyasəti nəticəsində azərbaycanlıları ta­rixən məskunlaşdıqları ərazilərdən təd­ricən “əritməyə” başladılar. Həmin etnik təmizləmənin kədərli səhnələri ötən əsrin 40-cı illərinin sonlarında 300 minə yaxın soydaşımızın Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsi zamanı yaşandı. XX əsrin 80-ci illərinin sonunda isə ermənilərin daşnak-şovinist dəstələ­ri 250 min azərbaycanlını Ermənistan SSR-dən qovdu.

Tarixin və taleyin ironiyasına fikir ve­rin: 250 min azərbaycanlını geri qaytar­maq və onlara bərabər hüquqlar vermək öhdəliyini qəbul etməyən İrəvan indi sayı 50 min olan milli azlıqlar haqqında qanu­nu müzakirə edir.

Ermənistan hakimiyyəti Avropa struk­turları ilə ayaqlaşmaq, onlarla bərabər­hüquqlu “demokratiya”, “azadlıq” oyunu oynamaq üçün siyasi məntiqə uyğun gələn və gəlməyən bütün addımları atır. Burada da ikili standartların “quyruğu” açıq-aşkar görünməkdədir. Ermənistan cəmiyyətində milli azlıqların hüquqları ilə bağlı müzakirələr bu ölkədən qovulmuş yüz minlərlə azərbaycanlının hüquqla­rının bərpası ilə başlanmalıdır. İnsan hüquqlarının müdafiəçisi, demokratik Qərb nəinki bunu etmir, əksinə, Azər­baycandan qovulduğunu iddia etdiyi Qarabağ ermənilərinin geri qaytarılması məsələsini gündəmə gətirməyə çalışır.

Bu məqamda maraqlı bir təfərrüata varmaq yerinə düşər: daha çox Avropa Şurasının Venesiya Komissiyası kimi tanınan Avropa Komissiyasının insan hüquqları və demokratiya üzrə komitə­si toplaşdığı şəhərin adı ilə məşhurdur. Yaxşı olardı ki, bu komissiya özünün ilkin vəzifələrini yerinə yetirsin və Ermənistanı Azərbaycana qarşı ərazi iddialarına son qoyacaq konstitusiya islahatı aparmağa məcbur etsin. Məhz bu addımla Ermənis­tan–Azərbaycan münasibətlərinin bərpa­sına yol açıla bilər. Bu isə istər-istəməz təkcə milli azlıqların tezliklə “Qırmızı ki­tab”a düşəcək nümayəndələrinin deyil, həm də ermənilərin özlərinin vəziyyətinin yaxşılaşmasına gətirib çıxarar.

İ.HƏSƏNQALA
XQ

Siyasət