Sabitlik və tərəqqi Azərbaycana yüksək sərmayə cəlbediciliyi qazandırıb

post-img

Son 20 ildə ölkəmizə 310 milyard dollar xarici kapital yatırılıb 

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını sürətləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. 

Ölkədə investisiya cəlbediciliyi­nin güclənməsində 1995-ci il yanva­rın 13-də qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında” Qanun mühüm önəm daşıyır. Bu sənəd sərmayələrin iqtisadiyyata cəlbini stimullaşdırmaq­la bərabər, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. “Xarici investisiyaların qorunması haqqında” Qanun da sər­mayədarların hüquq və mənafelərinin qorunmasını, yerli və xarici iş adam­larına bərabər əlverişli iş şəraitinin yaradılmasını şərtləndirir. 

Bütün bunlarla yanaşı, Azərbay­can hökuməti ilə xarici dövlətlər ara­sında investisiyaların təşviqi və qar­şılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublika­mız arasında ikiqat vergitutma ara­dan qaldırılıb. Bu və digər tədbirlərin nəticəsində son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dol­larından çox xarici investisiya yatırı­lıb. Belə bir göstərici isə ölkəmizdə mövcud olan davamlı makroiqtisadi və maliyyə sabitliyi nəticəsində əldə edilən daxili və xarici investisiya fəal­lığını şərtləndirib. 

Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texno­logiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırıb. Azərbaycanın beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalaması da iqtisadiyyata yatırılan daxili və xarici investisiya həcminin artırılmasını sürətləndirib.

Azərbaycanda iqtisadi artımın getdikcə yüksəlməsi, qeyri-neft sek­torunda nəzərə çarpan müsbət ten­densiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması da investisiya qo­yuluşuna ciddi töhfə verir. Bu məsələ­də həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əl­verişli biznes mühitinin təmin edilmə­si, cəmiyyətdə vergi mədəniyyətinin formalaşması əsaslı rol oynayır. Yeri gəlmişkən, bu gün əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəf­faf münasibətlərin qurulması, “kölgə iq­tisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqal­laşdırılması kontekstində atılan addım­lar da xüsusi diqqət çəkir. 

Həyata keçirilən tədbirlərin nəticə­sidir ki, İxracın və İnvestisiyaların Təş­viqi Agentliyinin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna son 5 ildə cəlb olunan birba­şa xarici investisiyaların həcmi 5 mil­yard dolları ötüb.

Məlumatda, həmçinin qeyd edilir ki, COVID-19 pandemiyasının yumşalma­sından sonra birbaşa xarici investisiya­lar yenidən artmağa başlayıb. Belə ki, 2020-ci ildə birbaşa xarici investisiyalar 606 milyon dollar təşkil edibsə, 2021-ci ildə bu rəqəm 790 milyon dollara, ötən il isə 1,8 milyard dollara qədər yük­səlib. Qeyri-neft sektoruna yatırılmış birbaşa xarici investisiyaların ümumi birbaşa xarici investisiyalarda payı isə 21,2 faiz təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadənin sözlərinə görə, cari ilin I rübü ərzində Azərbaycan iqtisa­diyyatına qoyulan birbaşa xarici inves­tisiyalar ötən ilin eyni dövrü ilə müqa­yisədə 0,5 faiz artaraq 1,5 milyard ABŞ dolları səviyyəsinə çatıb. Habelə cari ilin ilk rübündə birbaşa xarici investisi­yaların ÜDM-ə nisbəti 8,8 faiz, qeyri-neft-qaz birbaşa xarici investisiyaların qeyri-neft-qaz ÜDM-ə nisbəti isə 1,7 faiz təşkil edib. Buna baxmayaraq qey­ri-rezidentlərin yerli iqtisadiyyata yatır­dığı birbaşa xarici investisiyalar üzrə xalis maliyyə öhdəlikləri 358,7 milyon ABŞ dolları azalıb. 

Birinci rübdə Azərbaycan iqtisa­diyyatına cəlb olunan birbaşa xarici investisiyanın 12,4 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu dövrdə ölkəmizə ən çox birbaşa xarici investi­siyanı Böyük Krallıq (443,2 milyon ABŞ dolları), Türkiyə (261,4 milyon ABŞ dol­ları) və BƏƏ (190,7 milyon ABŞ dolları) yatırıb.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə gücləndirir. Respublikada yaradılan si­yasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti xarici investorlara istənilən layihəni uğurla həyata keçi­rilməyə təminat verir. Bu isə istənilən investor üçün əsas şərtlərdir.

Azərbaycanın xarici investisiya­lar üçün nə qədər cəlbedici bir ölkəyə çevrildiyini xarakterizə edə biləcək ən yaxşı göstəricilərdən biri son 20 ildə iqtisadiyyata qoyulan xarici investisiya­ların həcminə dair göstəricilərdir. 2024-cü ilin hesabatına görə, Azərbaycanın “Top-7”yə daxil olması da bunun bariz ifadəsidir.

Böyük Britaniyanın “Financial Ti­mes” qrupunun “FDI Intelligence” nəşrində 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin “TOP 100” reytinqi açıqlanıb və Bakı­nın reytinq sıralamasında 3-cü yerdə qərarlaşdığı bildirilib. İqtisadiyyat Na­zirliyi sözügedən nəşrin dərc etdiyi məqaləyə əsaslanaraq Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşma­ları 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələr kimi diqqətə çatdırıb və bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərə­findən 211 milyon dollar sərmayə ya­tırılacağına dair sazişin imzalanmasını bunun bariz ifadəsi kimi dəyərləndirib. 

Qeyd edək ki, ötən il Bakıda iqti­sadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət na­ziri Peter Siyartonun iştirakı ilə İqtisa­diyyat Nazirliyinin tabeliyində fəaliy­yət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Group” şirkəti arasında Birgə İş­tirak Müqaviləsi imzalanıb. Sənəddə Ələt Azad İqtisadi Zonasında illik isteh­sal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulub. İstehsal oluna­caq məhsulların daxili tələbatı ödəmək­lə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac edilməsi qərara alınıb. Layihədə 300-dən çox iş yerinin yaradılması da planlaşdırılıb.

Ötən il Sumqayıt Kimya Sənaye Parkında Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Vanhong Ce­ramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon dollar məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri ya­radılıb.

Yuxarıda qeyd edilənlərdən görün­düyü kimi, ölkəmizdə yaradılan əlve­rişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrin­də önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır. Son bir neçə ildir ki, ölkəmizdə milli iqtisadiyyatın investi­siya cəlbediciliyi baxımından uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatların­da iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə li­der ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəl­bediciliyinə malik olması, təbii ki, apa­rılan islahatlarla bağlıdır.



İqtisadiyyat