Cari ilin birinci yarısında ölkə üzrə elektrik enerjisi istehsalı 13 milyard 557 milyon kilovat-saat olub. Ötən ay isə respublikada elektrik enerjisi istehsalı 15 faiz artaraq 2 milyard 326 milyon kilovat-saata yüksəlib.
Energetika Nazirliyinin məlumatına əsasən, ötən altı ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 11 milyard 525 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 1 milyard 581,1 milyon kilovat-saat, digər mənbələr üzrə isə 451,3 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında (KES) 29,7 milyon kilovat-saat, günəş elektrik stansiyalarında (GES) 286,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 135 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081,7 milyon kilovat-saat) nisbətən iki dəfəyə yaxın artaraq 2032,4 milyon kilovat-saat olub.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 milyard 918,9 milyon kilovat-saat (İES-lərdə 10 milyard 452,1 milyon kilovat-saat, SES-lərdə 1 milyard 466,8 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 224 milyon kilovat-saat (İES-lərdə 88 milyon kilovat-saat, SES-lərdə 105,5 milyon kilovat-saat, Günəş ES-də 30,5 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 392,6 milyon kilovat-saat təşkil edib.
Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 15 faiz artaraq 2 milyard 326 milyon kilovat-saat olub.