Dövlət büdcəsinə yenidən baxılacaq

post-img

Gözlənilən dəyişikliklər hansı zərurətdən irəli gəlir? 

Azərbaycan iqtisadiyyatı son onilliklər ərzində beynəlxalq iqtisa­diyyatın bir parçasına çevrilib. Bu səbəbdən ölkəmizin iqtisadiyyatı dünya iqtisadi müstəvisində və xü­susilə neft bazarlarında baş verən proseslərdən kənarda qalmayıb. Bu, 2014-2015-ci illərdə dünya neft ba­zarlarında cərəyan edən hadisələrin Azərbaycan iqtisadiyyatına və onun maliyyə sisteminə təsirlərində də aydın müşahidə olunub. 

Cari ilin dövlət büdcəsində ediləcək dəyişikliklərin əsas səbəbləri bir tərəf­dən dünya iqtisadi müstəvisində və neft bazarlarında baş verən proseslərlə, digər tərəfdən isə ölkə iqtisadiyyatının və xüsu­silə də onun qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. 

Beləliklə, cari ilin ilk 4 ayında Azər­baycanda 38,2 milyard manatlıq, o cüm­lədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifa­dədə 4,3 faiz, qeyri-neft sektoru isə 7,7 faiz artmışdır.

2024-cü ilin dövlət büdcəsinin la­yihəsinin tərtibi zamanı proqnozlaşdırıl­mış ÜDM-in cari ilin sonuna 3 milyard manatdan çox artması gözlənilir. Digər tərəfdən, dünya bazarlarında neftin bir barelinin orta illik qiyməti 60 ABŞ dol­larından 75 dollara yüksəlmiş, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin icrası prosesində 800 milyon manatdan çox profisit yaranmış, ölkədə iqtisadi sabitliyi şərtləndirən əsas göstəricilər­dən biri – orta illik inflyasiya isə 0,7 faiz səviyyəsində olmuşdur.

Təbii ki, bütün bu pozitiv göstəri­cilərin fonunda dövlət büdcəsinin gəlir və xərclərinə yenidən baxılması mən­tiqlidir. Nəzərə alaq ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən, zərurət ya­randıqda may ayının 15-dən tez və ok­tyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. 

Bəs dəqiqləşdiriləcək dövlət büd­cəsinin gəlir və xərclərinin strukturun­da hansı dəyişikliklər nəzərdə tutulur? Öncə təqdim olunan layihədə büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorundan daxilolmaların artması ən yaxşı pozitiv nəticə kimi qeyd olunma­lıdır. Bu, ölkə iqtisadiyyatının şaxələn­dirilməsi istiqamətində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi stra­tegiyanın uğuru kimi qeyd edilməlidir.

Beləliklə, “Azərbaycan Respublika­sının 2024-cü il dövlət büdcəsi haqqın­da” Qanununda dəyişiklik edilməsi barədə Milli Məclisə təqdim olunmuş layihədə 2024-cü il dövlət büdcəsinin gəlir və xərclərinin, habelə onun kəsri­nin necə dəyişəcəyinə dair göstəricilərə nəzər salaq. Dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 34 milyard 173 milyon manata qarşı 2 milyard 180 milyon ma­nat və 6,4 faiz artırılaraq 36 milyard 353 milyon manata, xərcləri təsdiq olunmuş 36 milyard 763 milyon manata qarşı 2 milyard 944,3 milyon manat və ya 8 faz artırılaraq 39 milyard 707,3 milyon ma­nata çatdırılacaq, büdcənin kəsri təsdiq olunmuş 2 milyard 590 milyon manata qarşı 764,3 milyon manat və ya 29,5 faiz artırılaraq 3 milyard 354,3 milyon manat təşkil edəcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ÜDM-ə nisbəti 2,8 faiz həcmində olacaqdır. Büdcə kəsrinin artırılmış hissəsinin maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsai­tinin qalığı hesabına təmin ediləcəkdir. 

Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17 milyard 769 milyon ma­natı neft sektorunun, 51,1 faizi və ya 18 milyard 584 milyon manatı qeyri-neft sektorunun payına düşəcəkdir.

Milli Məclisə təqdim olunmuş la­yihədə 2024-cü ilin təsdiq olunmuş büd­cə göstəriciləri ilə müqayisədə neft sek­toru üzrə gəlirlər 605 milyon manat və ya 3,5 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat və ya 2,1 faiz azdır. Qeyri-neft sektoru üzrə gəlirlərin isə 1 milyard 575 milyon manat və ya 9,3 faiz artırılması nəzərdə tutulur ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 1 milyard 504 milyon manat və ya 8,8 faiz çoxdur.

Bütövlükdə dövlət büdcəsi gəlirlə­rinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi 1,3 faiz artaraq 51,1 faiz təşkil edəcəkdir. Bunu isə yeni layihə­nin ən pozitiv göstəricisi kimi yuxarıda qeyd etdik.

Dövlət büdcəsi gəlirlərinin 15 mil­yard 270 milyon manatı və ya 42 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilol­maların, 6 milyard 400 milyon manatı və ya 17,6 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12 milyard 781 milyon manatı və ya 35,1 faizi Azərbay­can Respublikasının Dövlət Neft Fon­dundan transfertin, 831 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının bü­dcədənkənar gəlirləri üzrə daxilolmala­rın, 821 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mən­fəətinin sərbəst qalığından ayırmaların payına düşəcəkdir. 

Bəs dövlət büdcəsinin dəqiqləşdiril­məsi nəticəsində artan gəlirlər büdcə­nin hansı xərclərinə yönləndiriləcəkdir? Əvvəldə qeyd etdiyimiz kimi, yenidən baxılacaq 2024-cü il dövlət büdcəsinin xərcləri 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da keçən ilin sonlarında təsdiq olunmuş dövlət büdcəsinin gəlirlərinə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3 milyard 249,4 mil­yon manat və ya 8,9 faiz çoxdur. 

Bücə gəlirlərinin artan məbləği aşa­ğıdakı zəruri xərclərin örtülməsinə sərf ediləcəkdir. Təbii ki, ilk növbədə, iş­ğaldan azad edilmiş ərazilərin Böyük Qayıdış Proqramına uyğun bərpası və yenidən qurulması, müdafiə və milli təh­lükəsizlik xərcləri prioritet təşkil edəcək­dir. 

Beləliklə, dövlət əsaslı vəsait qoyu­luşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri 2 milyard 114,7 milyon manat və ya 27,2 faiz, müdafiə və milli təhlükəsiz­lik xərcləri 705,3 milyon manat və ya 11 faiz, əsas bölmələrə aid edilməyən xid­mətlər üzrə xərclər 359,9 milyon manat və ya 25,9 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 101,7 milyon manat və ya 3,4 faiz, kənd təsərrüfatı xərcləri 100 milyon manat və ya 9,1 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəa­liyyət xərclərinin 0,9 milyon manat və ya 0,1 faiz artırılması nəzərdə tutulur. 

Bununla yanaşı, büdcənin bəzi xərc maddələrində azalmalar olacaq. Məsələn, qanunvericilik və icra haki­miyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası trans­fertlər, dövlət borcu xərclərinin 279,4 milyon manat və ya 5,8 faiz, səhiyyə xərclərinin 8 milyon manat və ya 0,4 faiz, sosial müdafiə və sosial təminat xərclərinin 150,8 milyon manat və ya 3,3 faiz azaldılması nəzərdə tutulur. 

Səhiyyə, sosial müdafiə və sosial təminat xərclərinin azaldılması vətən­daşlarımızda heç bir narahatlıq yarat­mamalıdır. İcbari tibbi sığorta və məc­buri dövlət sosial sığorta ödənişlərinin yığımı sahəsində baş verən artımlar nəticəsində dövlət büdcəsindən həmin xərclərin qarşılanmasına yönləndirilən vəsaitlərin həcmi müvafiq qaydada azaldılıb.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor



İqtisadiyyat