Şirkətimiz BƏƏ-də neft çıxaracaq

post-img

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Birləşmiş Ərəb Əmirliklərinin SARB və “Umm Lulu” yataqlarında 3 faizlik iştirak payı əldə edib. Bununla bağlı mayın 30-da Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə SOCAR arasında saziş imzalanıb. Yeri gəlmişkən, bu, şirkətin 32 illik fəaliyyəti dövründə Azərbaycandan kənarda sahib olduğu ilk hasilat payıdır. 

SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji enerji tərəfdaş­lığına əsaslanan sənədin SOCAR–ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi vurğulanıb. 

Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bu xüsusda ADNOC tərəfindən “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iş­tirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub. 

XQ

İqtisadiyyat