Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı genişlənir

post-img

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə (Aİ) əlaqələrini iqtisadi-siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Respublikamızın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması Azərbaycanı Aİ üçün cəlbedici edən amillər sırasında önəmli yer alıb. 

Ötən illər ərzində ölkəmizin Aİ ilə əməkdaşlığını dərinləşdirən bir sıra birgə layihələr Azərbaycan Respublikası ilə bu beynəlxalq qurum arasında imzalanan müvafiq sənədlər əsasında reallaşdırılıb və uğurlu nəticələr qeydə alınıb. Məsələn, 2006-cı il noyabrın 7-də qəbul edilən enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu ilə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə yönələn təhdid və risklər aradan qaldırı­lıb. Bu sənədlə, eyni zamanda, regionda­kı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri­nin toxunulmazlığı təmin edilib.

Ümumiyyətlə, Aİ ilə əlaqələr indiyədək əsasən, iqtisadi və siya­si islahatlara dəstək, Şərq - Qərb nəqliyyat - kommunikasiya dəhli­zinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə həyata keçirilib. Müstəqilliyin ilk illərində bu qurum ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa - Qafqaz - Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGA­TE), “Humanitar yardım” (ECHO) və digər proqramlar əsasında inki­şaf etdirilib. 

Xatırladaq ki, 2017-ci ilin no­yabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammitinin qəbul edilən Birgə Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstək­lənib. Sənəddə, eyni zamanda, Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliy­yat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Prezident İlham Əliyev olan Cə­nub Qaz Dəhlizi (CQD) layihəsinin Aİ üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Yeri gəlmişkən, Birgə Bəyan­namədə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cə­nub nəqliyyat və enerji layihələri­nin həyata keçirilməsinə verdiyi töhfə də Aİ tərəfindən vurğulanıb. CQD Avropa bazarlarına təbii qa­zın çatdırılmasının əsas prioritet­ləri sırasında yer alıb. Bu dəhliz üzrə Birgə Bəyannamə 2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanıb. Sənəddə Azərbaycan CQD-yə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymət­ləndirilib. 

Bu məqamda Aİ-nin dəstəyi ilə reallaşan bir önəmli layihəni də diqqətə çatdırmaq istərdik. Belə ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında CQD-nin rəsmi açılış mərasimi gerçəkləşdirilib. Bununla Azərbaycanın enerji strategiyasın­da yeni bir mərhələnin əsası qoyu­lub. 

Qeyd edək ki, Xəzər dəni­zinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsi­nin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keç­məklə Türkiyəyə və oradan da Avropaya daşıyan 3500 kilometr­lik CQD üç kəmərdən – CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarət­dir. CQD-nin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlanıb. Bununla da Azər­baycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün bö­yük imkanlar yaradılıb. Layihə 7 ölkənin–Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, İtaliya, Türkiyə və Yunanıstanın iştiraki ilə həyata keçirilib. 

Göründüyü kimi, Azərbay­canla Aİ arasındakı əməkdaşlı­ğın mühüm bir istiqaməti enerji təhlükəsizliyi ilə bağlıdır. Artıq Azərbaycan dünyada Avropa is­tehlakçılarının etibarlı xam neft təchizatçısı kimi tanınır. Yuxarı­da xatırlatdığımız kimi, 2020-ci ilin dekabrında CQD-nin sonun­cu seqmenti olan TAP istifadəyə verildikdən sonra respublikamız Avropa ölkələrinə “mavi yanacaq” ixrac edir. Trans-Adriatik kəməri artıq fəaliyyətdədir. Azərbaycan­dan Aİ-yə üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarısta­na təbii qaz ixrac olunur. 

Avropa bazarına ixrac oluna­caq təbii qazın həcmi perspektiv­də daha da artacaq. Azərbayca­nın moderatorluğu ilə inşa olunan CQD “qoca qitə”nin enerji asılılığı­nın aradan qaldırılması baxımın­dan mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər haqlı olaraq bildi­rirlər ki, Avropa alternativ təchizat mənbəyi və marşrutu qazanıb.

Ötən illər ərzində respubli­kamızla Aİ arasında əməkdaşlıq digər istiqamətlərdə də uğurla inkişaf edib. Bu, müəyyən göstə­ricilərdə də öz ifadəsini tapıb. Məsələn, son 12 ildə bu bey­nəlxalq qurumdan Azərbaycana 24,7 milyard ABŞ dolları investi­siya yatırılıb. Bu dövrdə Aİ-dən Azərbaycana yatırılan investisi­yaların ümumi həcmi 24,7 milyard ABŞ dollarına yüksəlib. 

Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında bu barədə məlumat verən iqtisadiy­yat nazirinin müşaviri Rauf Nəcəfli bildirib ki, Aİ və Dünya Bankı ilə müxtəlif proqram və layihələr çər­çivəsində əməkdaşlıq iqtisadi inki­şafın təmin edilməsində, innovativ yanaşmaların uyğunlaşdırılma­sında mühüm rol oynayır. Belə ki, Aİ ilə əməkdaşlıq ölkəmizin xarici siyasətində mühüm istiqamətlər­dən biridir. Tərəflər arasında mü­nasibətlərin artan dinamikasında ticarət ikitərəfli əməkdaşlığın əsas sahələrindən biri kimi diqqət çəkir, eyni zamanda, Azərbaycan avro­palı investorlar üçün cəlbedici ba­zardır. 2023-cü ildə bu qurumun ölkəmizin xarici ticarətində payı­nın 24,82 milyard ABŞ dolları, cari ilin birinci rübündə isə həmin rəqə­min 5,31 milyard ABŞ dolları təşkil etməsi bunun bariz ifadəsidir. 

R.Nəcəfli qeyd edib ki, müvafiq sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə “Azərbaycan Res­publikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya­sı” təsdiq edilib. Bu sənəd çərçi­vəsində biznes üçün investisiya mühitinin yaxşılaşdırılması, enerji səmərəliliyinin təmin edilməsi, in­novasiyaların dəstəklənməsi və stimullaşdırılması, məşğulluğun səmərəliliyinin artırılması və bir sıra əsas fəaliyyətlər müəyyənləş­dirilib. Adıçəkilən strategiyanın re­allaşması nəticəsində isə 2026-cı ilin sonuna qədər ölkə iqtisadiyya­tında böyük dəyişikliklər, prioritet sahələrdə artım və inkişaf temp­lərinin sürətlənməsi proqnozlaş­dırılıb.

R.Nəcəflinin fikrincə, mühüm geosiyasi məkanda yerləşən Azər­baycan regional və qlobal səviy­yələrdə, o cümlədən, beynəlxalq təşkilatlar və onların institutları ilə səmərəli əməkdaşlıq edir, bu əlaqələrin daimi inkişafı və möh­kəmləndirilməsi üçün lazımi səylər göstərir.

Bir sözlə, Azərbaycanın ikitərəf­li və çoxtərəfli münasibətlərin artan dinamikası və dünya iqtisadiyyatı­na yüksək inteqrasiyası fonunda aparıcı beynəlxalq təşkilatlarla, eləcə də Aİ ilə əməkdaşlığı yüksək qiymətləndirilir, müxtəlif proqram və layihələr çərçivəsində müna­sibətlər isə iqtisadi inkişafın təmin edilməsində və innovativ yanaş­maların adaptasiyasında mühüm rol oynayır.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat