BP şirkəti “Azəri–Çıraq–Günəşli”, Bakı–Tbilisi–Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları ilə birlikdə cəmiyyətdə inklüzivliyin təşviqinə yönəlmiş daha bir sosial sərmayə layihəsini uğurla başa çatdırıb. Layihədə məqsəd eşitmə və nitq qüsurlu şəxslərin digər insanlarla və öz aralarında ünsiyyət imkanlarını genişləndirməkdir.
“Nar” və ADA Universiteti ilə əməkdaşlıqda həyata keçirilən bu layihə BP və onun tərəfdaşlarının Azərbaycanda təhsilin inkişafına töhfə və inklüziv cəmiyyətin formalaşdırılmasına dəstək vermək öhdəliyini əks etdirir. Layihədə əsas diqqət Azərbaycan jest dilinin öyrənilməsi üçün əlçatan və interaktiv platforma kimi nəzərdə tutulmuş yeni mobil tətbiqin hazırlanmasına yönəldilib. Pedaqoji yanaşmaya əsaslanan bu tətbiq sadə lüğət anlayışından kənara çıxaraq strukturlaşdırılmış dərslər, interaktiv tapşırıqlar, viktorinalar və qiymətləndirmələr təqdim edir və bununla da dilin hərtərəfli mənimsənilməsini təmin edir.
Yeni istifadəyə verilmiş tətbiq istifadəçi interfeysi də daxil olmaqla bütünlüklə Azərbaycan dilindədir. Platformaya xüsusi olaraq layihə üçün hazırlanmış 789 video, 358 jest dili sözü və 27 illüstrativ şəkil daxil edilib ki, bu da öyrənmə prosesini həm maraqlı, həm də səmərəli edir. Eyni zamanda, bu məzmun istifadəçilərə jest dili lüğətini genişləndirməyə kömək etməklə yanaşı, vizual və interaktiv alətlər vasitəsilə real ünsiyyət ssenarilərini məşq etməyə imkan verir. Mobil tətbiqi bütün əsas tətbiq platformalarından yükləmək mümkün olacaq.
Layihənin uğurla tamamlanmasını qeyd etmək məqsədilə ADA Universitetində keçirilən tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli əsl inklüzivliyin ünsiyyətdən başladığını diqqətə çatdıraraq bildirib ki, bu mobil tətbiqin hazırlanmasına dəstək göstərməklə BP və onun tərəfdaşları, “Nar” və ADA Universiteti öz səylərini birləşdirərək hər kəsin eşidilə və duyula biləcəyi bir cəmiyyətin qurulmasına töhfə vermək niyyətindədirlər: “Bu layihə təkcə innovativ bir öyrənmə vasitəsi təmin etmir, o, həm də anlama, empatiya və ünsiyyət üçün yeni imkanlar yaradır. İnanırıq ki, hər bir insan özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməsi üçün müvafiq vasitələrlə təmin edilməlidir”.
Qeyd edək ki, 1 ilə tamamlanmış bu layihəyə BP və onun tərəfdaşlarının töhfəsi, təqribən, 117 min manat (68 min 824 ABŞ dolları) təşkil edib. Bu məbləğ layihənin bütün mərhələləri, yəni məlumatların toplanması, jest dili üzrə mütəxəssislərlə məsləhətləşmələr, tətbiqin dizaynı, hazırlanması və sınaqdan keçirilməsi, eləcə də tətbiqin onlayn platformalarda yerləşdirilməsi və bulud hostinq xidmətləri üzrə xərcləri əhatə edir. Layihənin icraçısı isə ADA Universiteti və ADA Universiteti Fondudur.
XQ