Salyanda “Ağ qızıl” itkisiz toplanır

post-img

Rayonda pambıq istehsalı və tədarükü ilə məşğul olan 4 şirkətin ("P- Aqro" MMC, "Praym Kotton" MMC, "Aztəsərrüfat" MMC və "Azərpambıq ASK" MMC) cari ilin əvvəlində fermerlərlə bağladıqları müqaviləyə əsasən, 9 min 669,6 hektar sahədə pambıq əkilərək becərilib. Dövlət proqramına uyğun olaraq rayon aqrar mərkəzinin mütəxəssisləri tərəfindən fermerlərə mütəmadi təlimatlar verilib və onların qarşılaşdığı problmlərin həlli üçün əlaqədar qurumların əməkdaşlarının iştirakı ilə müşavirələr keçirilib. 

İndi fermerlər böyük zəhmət hesabına yetişdirdiyi “ağ qızıl”ı itkisiz toplamaq üçün əzimlə çalışır.  Kombayınlar məhsulu toplayaraq məntəqələrə təhvil verirlər. 

Rayonun Arbatan kəndində fermer Arif Mehdiyev 40 hektar sahədə pambıq əkib və məhsuldarlıq əvvəlki illərə nisbətən xeyli yüksəkdir. Sahədə olarkən yığımın gedişatı ilə tanış olduq. Fermer bildirdi ki, bu il zəhmətimiz bəhrəsini verib, güründüyü kimi hər hektardan 50 sentnerə qədər  keyfiyyətli məhsul toplamya biləcəyik. Son illər məhsuldarlığı ilə seçilən və keyfiyyətli məhsulu ilə tanınan Pamino sortu əkmişik və dövlətin qayğısı sayəsində bol məhsul yetirdirmişik. İndi qarşımızda duran ən vacib məsələ pambığı itkisiz və keyfiyyətli toplamaqdır. Sahəmizdə 2 kompayn işləyir və hər gün 5-6 hektar ərazidən 20-25 tona qədər pambıq toplanır. Hələlik əllə yığmağa ehtiyac duyulmur.  Peşəkar mexanizatorlarımız müasir kombayınlarla məhsulu vaxtında toplaya bilir. 

Rayon aqrar inkişaf mərkəzindən verilən məlumata görə, ötən il rayonda pambıq sahəsinin 97 faizi maşınla toplanıb. Kombayn dönmə pucağını yığa bilmədiyinə görə, təkcə kiçik bir hissə əllə yığılıb. Kompayınlar çox səmərəlidir və ucuz başa gəlir. Şirkət pambığı 80 qəpiyə şirkət alır və 20 qəpik də subsidiya verilir. 

Fermerlər keyfiyyətli məhsul toplamağa çalışır ki, qiyməti yüksəlsin.”Prine Cotton MMC 2673 hektarda pambıq əkib və yüksək kadr potensialı olduğundan bol məhsul toplayacaq. 

Təcrübəli aqranom Qəzənfər Əzizov qeyd etdi ki, pambıqçılığın inkişafına dair dövlət  proqramı qəbul olunandan sonra inkişaf fermeri sevindirir. Suvarmada heç bir problem yoxdur, məhsula görə ödəniş də çox yaxşı təşkil olunub.  Təhvil verdiyimiz məhsulun pulunu 2-3 günə alırıq. Bu səbəbdən də bir vaxtlar inkişafdan geri qalan bu sahə indi yeni bir tərəqqi dövrünə qədəm qoyduğundan hər kəsi xeyli ruhlandırır.

Sonda fermer bildirdi ki, yanacağın qiyməti qalxdığına görə indi xərclər artıb.  

M.NƏRİMANOĞLU,           

XQ-nin bölgə müxbiri

 

İqtisadiyyat