4 ayda “köhnə qitə”yə 4,2 milyard kubmetr “mavi yanacaq” nəql edilib
2024-cü ilin yanvar–aprel aylarında Azərbaycandan Avropaya 4,2 milyard kubmetr qaz ixrac olunub. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu dövrdə ölkə üzrə 500 milyon kubmetr artımla hasil edilmiş 16,7 milyard kubmetr qazın 8,5 milyard kubmetri ixrac olunub. Hesabat dövründə xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çox olub.
Paylaşımda o da qeyd olunur ki, cari ilin ötən 4 ayı ərzində Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac olunub. Nazirin sözlərinə görə, yanvar–aprel aylarında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,8 milyard kubmetr qaz nəql edilib.
Bütövlükdə isə, Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən bu il mayın 1-dək Avropaya 34 milyard kubmetrdən artıq Azərbaycan qazı ixrac olunub. Eyni zamanda son illər interkonnektorların (birləşdirici kəmərlər) yaradılması məsələsi də getdikcə aktuallığını artırır. Bu da Avropada Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsinə, enerji sahəsində tərəfdaş ölkələrin sayının artmasına səbəb olur.
Yeri gəlmişkən, aprelin 24-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev deyib: “…Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir. Bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır. Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur”.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək bunun 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Bundan əlavə, 2025-ci ilin sonunadək TAP genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1,2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq. Növbəti ildən həmin qaz həcmlərinin 1 milyard kubmetrini İtaliya, 200 milyon kubmetrini isə Albaniya alacaq.
TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Bolqarıstana “mavi yanacağın” nəqli isə TAP-a birləşdirilən Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə həyata keçirilir. Ümumi uzunluğu 182 kilometr olan IGB-nin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Sözügedən boru kəmərinin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetrədək artırılacağı gözlənilir. Məlum olduğu kimi, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində 1 milyard kubmetr qazın tədarükü ilə bağlı Şahdəniz konsorsiumu ilə müqavilə imzalayıb.
Ötən ilin dekabrında isə Niş şəhərində Bolqarıstan və Serbiyanın qaz şəbəkələri arasında birləşdirici boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın ümumi qaz alıcılarının sayı 8-ə çatdırılıb. Həmin ölkələrin isə 6-sı Avropa ölkələridir. Bu da “köhnə qitə”nin enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətinin bir daha təsdiqləyir.
Avropada Azərbaycan qazına tələbatın getdikcə artması fonunda TAP-ın ötürücülük qabiliyyətinin artırılması xüsusi aktuallıq kəsb edir. İşlərin nə vaxt başlayacağı isə TAP konsorsiumunun payçıları olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Böyük Britaniyanın BP, İtaliyanın “Snam”, Belçikanın “Fluxys” və İspaniyanın “Enagàs” şirkətləri tərəfindən veriləcək qarardan asılıdır. İtaliya mətbuatının bununla bağlı bir qədər əvvəl yaydığı məlumatda bildirilirdi ki, əgər boru kəmərinin ötürmə gücünün ikiqat artırılması həyata keçiriləcəksə, daha doğrusu, hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılacaqsa, bu zaman kompressor stansiyalarında struktur müdaxilələri ilə yanaşı, üç iştirakçı ölkədə, yəni Yunanıstan, Albaniya və İtaliyada inzibati və tənzimləyici dəyişikliklərin həyata keçirilməsi, həmçinin icazələrin verilməsinə zərurət yaranacaq.
Yeri gəlmişkən, İtaliya ərazisində 400 milyon ABŞ dollarına başa gələn qaz kəmərinin strateji əhəmiyyət daşıdığı və onun gücləndirilməsinə ehtiyac olduğunu təsdiq edən rəqəmlər mövcuddur. Əvvəldən tədarükün həcmini artırmaq üçün yaradılan borulara yeni sərmayələr tələb etməyən TAP-ın onu Trans-Anadolu Boru Kəmərindən qəbul etdiyi Yunanıstan–Türkiyə sərhədindəki mövcud qaz-kompressor stansiyalarının modernləşdirilməsi ilə bağlı əməliyyat həyata keçiriləcək. Məlumatda o da vurğulanır ki, boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi İtaliyanın “mavi yanacağ”a olan tələbatının ödənilməsində Azərbaycan qazının payını 15 faizə qaldıracaq, Rusiya qazının payı isə 3 faizə enəcək. Həmçinin, kəmərin ötürücülük gücünün iki dəfə artırılması Balkanlardan Avropa İttifaqına uzanan Cənub Qaz Dəhlizi üçün də faydalıdır.
Bugünlərdə Belqradda keçirilən Enerji Forumunda TAP Konsorsiumunun xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Anadolu Boru Kəmərinin Avropaya enerji təchizatının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu boru kəməri mühüm enerji infrastrukturuna çevrilərək ciddi enerji təchizatı problemləri dövründə qazın Avropa ittifaqına yeni mənbədən və alternativ marşrutla çatdırılmasını təmin edib.
Bu arada, Trans-Adriatik Boru Kəmərinin genişləndirilməsinin Avropa İttifaqının karbonsuzlaşdırma məqsədlərinə nail olmağa kömək edəcəyi ilə bağlı məlumatlara da tez-tez rast gəlinir. Bu barədə Belqrad Enerji Forumunda da söhbət açılıb. Məsələn, TAP Konsorsiumunun rəsmisi Vüqar Veysəlov deyib ki, Avropa aşağı karbonlu gələcəyə keçid edərkən rəqabətədavamlı qalmaq üçün alternativ, təhlükəsiz, etibarlı və sərfəli enerji təchizatının saxlanması vacibdir. “TAP bu keçidin davamlı şəkildə baş verməsini təmin etmək öhdəliyi götürür. Bu kəmərin potensial genişləndirilməsi gələcəkdə yeni həcmdə hidrogen və digər enerji növlərinin nəqlini asanlaşdırmaqla Avropa ittifaqının dekarbonizasiya məqsədlərinə nail olmağa kömək edə bilər”, – deyə o əlavə edib.
Mirbağır YAQUBZADƏ
XQ