Bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən irimiqyaslı tədbirlərindən biri – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçiriləcək. İki həftə davam edəcək tədbir zamanı Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək. Bununla da respublikamız həm COP29-a evsahibliyi etməsi, həm də enerji siyasətindəki uğurları və proseslərə diplomatik yanaşması ilə bir daha böhrandan həllə gedən yolda mühüm rol oynayan dövlət adını alması faktını təsdiqləyəcək.
Ümumiyyətlə, ölkəmizin COP29-a evsahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyır, baş verən proseslərə müşahidəçi yox, iştirakçı kimi qoşulduğumuzu dünyaya bir daha nümayiş etdirir. Əlbəttə, bununla bağlı məsuliyyətli məsələləri də Azərbaycan uğurla həll etməyə qadirdir.
Yerli və beynəlxalq ekspertlər tərəfindən ölkəmizin COP29-a evsahibliyi bu ilin ən mühüm tarixi hadisəsi və respublikamızın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi, eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqi olaraq qiymətləndirilir.
Azərbaycan COP29-a evsahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, habelə bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyub. Başqa sözlə, respublikamız artıq “yaşıl enerji” iqtisadiyyatını əməli fəaliyyəti ilə yeni müstəvidə formalaşdırmaq qərarını qətiləşdirib.
Bəşəriyyətin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur. Belə ki, “yaşıl dünya” ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləşdiriləcəyi gözlənilir ki, bu da qlobal iqlim dəyişikliyinə əhəmiyyətli töhfə sayılacaq. Eyni zamanda uzun illərdir ki, dünya ölkələri qlobal istiləşmənin, karbon emissiyalarının təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrin maliyyələşdirilməsi ilə bağlı yekdil rəyə gələ bilmirlər. Belə ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirsələr də, məsələnin həlli düyünə düşüb. Ekspertlərin fikrincə, COP29 bu düyünün açılmasına, iştirakçı ölkələrin maliyyə məsələsində razılığa gələ biləcəyinə böyük ümid bəsləyirlər.
Yeri gəlmişkən, burada ekspertlərin bir məsələyə münasibətini də xatırlatmaq istərdik. Bu, tullantıların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlıdır. BMT-nin qaz və alternativ enerji üzrə ekspertlər qrupunun üzvü Ayaz Salmanovun fikrincə, istər neft-qaz, istərsə də digər sahələrdə “0” tullantı prinsipinin təmin olunması iqlim dəyişikliyinə təsir edən amillərdən biridir: “Hazırda biz istehsalat prosesində formalaşan hər hansı bir növ tullantını emal və yaxud utilizasiya etmiriksə və birbaşa təbiətə atırıqsa, bu, birbaşa ətraf mühitin çirklənməsinə və iqlim dəyişməsinə səbəb olur.
Unutmayaq ki, iqlim dəyişikliyi antopegen təsirlərdən qaynaqlanır. Bu gün emal sənayesi qurularkən tullantıların düzgün idarə olunması iqlim dəyişikliyinə çox müsbət təsir edir. Əgər biz tullantıların doğru çeşidlənməsini təmin ediriksə və daha sonra bunu doğru istiqamətdə utilizasiya və emal prosesindən keçiririksə, deməli, iqlim dəyişikliyinə qarşı mübarizədə böyük ölçüdə müsbət töhfə vermiş oluruq”.
A.Salmanov qeyd edir ki, bu gün tullantıların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlı trendlər də dəyişib. Hazırda bir sahədə tullantı sayılan məhsul digər sahə üçün unikal xammaldır. Bu, o deməkdir ki, tullantılar emal edilməklə əlavə əmtəə yaradılır. Məsələn, SOCAR uzun illərdir ki, çox gözəl və anoloqsuz bir layihə həyata keçirir. Bu da ondan ibarətdir ki, neft gölməçələrindən toplanan tullantılar əmtəə nefti səviyyəsində bərpa olunur. Bu layihənin daha bir uğuru ondan ibarətdir ki, özü özünü maliyyələşdirir. Yəni bu işə heç bir əlavə vəsait xərclənmir. Beləliklə, bu tip layihələr həm iqtisadi dəyər yaradır, həm də ekoloji tarazlığın bərpasına xüsusi töhfə verilir.
Yeri gəlmişkən, dünya mediası da COP29 ərəfəsində Azərbaycanın bu mötəbər tədbirə ciddi hazırlaşdığını, eyni zamanda ölkəmizin “yaşıl enerji”dən uzunmüddətli faydalar əldə etməyə çalışdığını bildirir. Bolqarıstanın “Standard” milli informasiya qəzetinin saytında yer alan məqalədə bununla bağlı deyilir: “Ötən il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransına evsahibliyi etmək hüququ əldə edən Azərbaycan növbəti onillikdə “yaşıl enerji”yə doğru irəliləməyi qarşısına məqsəd qoyub. Bu ölkə zəngin neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq “yaşıl enerji”dən də uzunmüddətli faydalar əldə etməyə çalışır”.
Məqalədə, həmçinin vurğulanıb ki, Azərbaycan öz vətəndaşları üçün sağlam həyat şəraitinin, eləcə də regionda və bütövlükdə dünyada insanlar üçün təhlükəsiz yaşayış mühitinin yaradılmasına yardım etmək istiqamətində “yaşıl enerji” siyasətini prioritetə çevirmək arzusunu ifadə edib.
“Standard” qəzeti məqalədə daha sonra bildirib ki, Azərbaycan 2021-ci ildə Qlazqoda keçirilən COP26 sammitində istixana qazları emissiyalarını 40 faiz azaltmaq və Ermənistanın işğalından azad etdiyi ərazilərdə “xalis sıfır emissiya” zonası yaratmaq hədəflərini bir daha təsdiqləyib. Ölkə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, eləcə də Naxçıvan Muxtar Respublikasını “yaşıl enerji” zonaları kimi elan edib. Bu amili isə həmin regionların müxtəlif bərpaolunan enerji mənbələrindən, o cümlədən su, günəş, külək və geotermal enerjidən istifadə üçün əhəmiyyətli potensiala malik olması şərtləndirib.
Onu da bildirək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonasının yaradılması üzrə qarşıya qoyulmuş hədəflərə uyğun olaraq həmin ərazilərdə dağ-mədən və alternativ enerji sahələrində olan layihələrə artıq başlanılıb. Ağdam rayonunda Şahbulaq daş karxanası layihəsinə investisiya qoyuluşu məqsədilə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və “Star Mining” MMC arasında birgə “Shahbulag Mining” şirkəti təsis olunub və hazırda layihəyə 160-dan çox işçi cəlb edilib. AİŞ və Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” şirkəti arasında Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, uzun müddətə istismar və fəaliyyətinin təşkil edilməsinə dair birgə iştirak müqaviləsi imzalanıb. Qeyd edilən stansiyalar fəaliyyətə başladıqdan sonra ən azı 60 nəfərin daimi iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və ölkəmizin bərpaolunan enerji potensialının inkişafı məqsədi ilə AİŞ, SOCAR və bp şirkətləri ilə Cəbrayıl rayonunda 240 MVt gücündə günəş paneli stansiyasının tikintisini nəzərdə tutan, AİŞ-in “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirən qoşulma sazişi imzalanıb. Layihədə “Səngəçal” terminalında qazdan alınan enerjini günəş enerjisi ilə əvəz etmək qarşıya əsas vəzifə kimi qoyulub.
“Yaşıl enerji” zonası elen edilən Naxçıvan Muxtar Respublikası da əlverişli günəş radiasiyasına və yüksək bərpaolunan enerji potensialına malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanovun sözlərinə görə, Naxçıvanda ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir: “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nına əsasən, burada “Yaşıl Enerji Zonası”nın yaradılması, konsepsiya və tədbirlər planının hazırlanması nəzərdə tutulur. Naxçıvanda külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı əsas hədəflərdəndir”.
Mütəxəssis deyir ki, hazırda Fransanın “TotalEnergies” şirkəti ilə 250 MVt gücündə və “Nobel Energy” şirkəti ilə 400 MVt gücündə günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edilir. Eyni zamanda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında imzalanan “Azərbaycan Respublikası ərazisində bərpaolunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində əməkdaşlıq həyata keçirilir.
Rəsmi məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının bərpaolunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 GVt təşkil edir. Eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində artıq 53,6 MVt gücündə 11 külək elektrik stansiyası (SES) istifadəyə verilib, 70,5 MVt gücündə 7 su elektrik stansiyasının tikintisi davam etdirilir və bu il ümumi gücü 76,8 MVt olan daha 9 stansiyanın tikintisinə başlanılması nəzərdə tutulur.
Sonda qeyd edək ki, Azərbaycan hökuməti elektrik enerjisi istehsalı üçün təbii qazdan istifadəni azaltmaq üçün dayanıqlı elektrik keçidinin yaradılması yolu ilə 2030-cu ilə qədər ölkənin ümumi enerji kompleksində quraşdırılmış bərpaolunan enerji potensialının payını hazırkı 17 faizdən 30 faizə çatdırmağı qarşısına əsas məqsəd qoyub. Ölkəmiz, həmçinin qlobal enerji bazarlarına enerji ixracının diversifikasiyası və tərəfdaşlar üçün enerji təhlükəsizliyi sahəsində dəstəyin artırılmasını nəzərdə tutub.
Azərbaycanda qlobal istiləşmə ilə mübarizədə respublikamızın etibarlı enerji tərəfdaşı və beynəlxalq birliyin məsul üzvü kimi rolunu nümayiş etdirən “yaşıl enerji” layihələri uğurla həyata keçirilir. 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Sammitinə sədrlik edəcək ölkəmiz bu nüfuzlu tədbiri iqlim dəyişikliyinə qarşı birgə mübarizədə beynəlxalq əməkdaşlığın reallaşdırılması üçün mühüm platforma olaraq dəyərləndirir.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
Son onillikdə ölkəmizin paytaxtında keçirilmiş beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, maraqlı bir mənzərənin şahidi olarıq. Belə tədbirlərin ölkəmizdə, onun paytaxtı Bakı şəhərində keçirilməsi bizə nə verir? Azərbaycan bu platformalardan məharətlə yararlanaraq, ilk növbədə, öz həqiqətlərini bütün dünyaya çatdıra bilir. Bu tədbirlər vasitəsilə apardığımız təbliğatla bizə düşmən mövqedə olan qüvvələrin dünyanın ayrı-ayrı yerlərində ölkəmiz, xalqımız barəsində yaratmaq istədikləri neqativ fikirlər alt-üst edilir. Respublikamıza gələn insanlar Azərbaycanı və azərbaycanlıları daha yaxından tanıdıqdan sonra yanlış təbliğatlar vasitəsilə onlara aşılanmış neqativ baxışlar pozitiv baxışlarla əvəzlənir.
Belə tədbirlərin keçirilməsindən sonra geriyə qayıdan insanlar öz ölkələrində əhatələrində olanlara Azərbaycan və azərbaycanlılar barəsində gerçəkləri çatdıraraq, ölkəmiz və xalqımız haqqında müsbət fikirlər formalaşdırırlar.
Son 20 ildə bu platformalardan istifadə edərək, Azərbaycan Qarabağ həqiqətlərini bütün dünyaya yönəltdi. Erməni vəhşiliyinin bütün dünyaya çılpaqlığı ilə çatdırılmasında ölkəmizdə keçirilən tədbirlərin rolu da az olmadı. Bu illər ərzində keçirilən beynəlxalq tədbirlərin xətti ilə bura gələn hər kəs bu münaqişədə kimin haqlı, kimin haqsız və işğalçı olduğuna inanıb geri dönürdü. Biz bu gün də dünyanın ən nüfuzlu tədbirlərini ölkəmizdə məmuniyyətlə keçiririk.
Bu ilin sonunda COP29 kimi böyük bir tədbirin respublikamızda keçirilməsi o deməkdir ki, həmin günlərdə bütün dünyanın gözü Azərbaycanda və onun paytaxtı Bakıda olacaq. Torpaqlarımızın işğaldan tam azad edildiyi indiki dönəmdə belə bir nəhəng tədbirin Azərbaycanda keçirilməsinin siyasi dvidendləri yetərincə böyükdür. Bu forumun respublikamızda keçirilməsi, eyni zamanda Azərbaycanda “yaşıl enerji” istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq.
Vaqif BAYRAMOV
XQ