Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.
Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.
Mövcud geosiyasi reallıqlar fonunda, Şərqlə Qərb arasında yükdaşımalarında Orta Dəhlizin əhəmiyyətindən bəhs olunub.
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda da özünü büruzə verdiyi, qardaş ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə də görüşüb.
Görüş zamanı Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən C.Bayramov Azərbaycan və Mərakeş arasında ticarət, enerji, təhsil, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd edib.
O, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda həyata keçirilən təmasların və bu platformalarda ölkələrin bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Ahmed Jama ilə görüşüb.
Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün müəyyən edilmiş təqaüd proqramında Somalidən tələbələrin iştirakının təqdirəlayiq olduğu bildirilib.
***
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qambiya Respublikasında baş tutan 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib. Bu bu barədə Azərbaycan XİN məlumat yayıb.
Sammitin sonunda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.
Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.
XQ