Enerji şəbəkələrinə asan qoşulma

post-img

Son zamanlar istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması ilə bağlı müəyyən çətinliklər, qeyri-müəyyənliklər müşahidə olunurdu. Xüsusən də yerlərdə podratçıların sifarişçilərə münasibətində fərqli yanaşmalara, qiymət diktəsinə və sui-istifadə hallarına yol verilir, bu sahədə qeyri-şəffaflıq hökm sürürdü. Əksər hallarda isə əhali istehlakçıları bu sahədə qiymətlərin yüksək olmasından narazılıqlarını bildirirdilər.  Bu səbəbdən də istər elektrik, istərsə də qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı neqativ təsirlərin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqinə ehtiyac var idi. 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Katibliyininin verdiyi məlumata görə, ölkədə istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Bununla belə, şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi. Bununla əlaqədar olaraq, Tarif Şurasının 2024-cü il mayın 3-də keçirilmiş iclasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. Bu qərar Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti və “Azərişıq” ASC-nin təklifləri əsasında qəbul edilib. 

Tarif Şurasının  qərarına əsasən, Azərbaycanda elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı təchizat üzrə 10 kilovatadək 40 manat, 1 fazlı təchizat üzrə 10 kilovatdan ­yuxarı 60 manat, 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat, orta gərginlik üzrə 170 manat olacaq. Qərarda qeyd olunur ki, 3 faizlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaq.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri isə ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə-smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 kubmetr-saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə 271 manat, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə isə 160 manat təşkil edəcək. 

Tarif Şurasının məlumatına görə, yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni  tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib. Yeri gəlmişkən, hazırda ölkə üzrə illik qoşulmaların 99 faizi məişət qaz qurğuları təşkil edir ki, bunun da 96 faizi əhali abonentlərinə aiddir. Beləliklə, mütləq çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb. Lakin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. 

Bütövlükdə isə, elektrik və təbii qaza qoşulmaqla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək. 

Qeyd edək ki, yeni qərar iyunun 3-də qüvvəyə minəcək. 

Eldəniz ƏMİROV,
iqtisadçı ekspert

Məlum olduğu kimi, ölkəmizdə Tarif Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətlərinin müəyyənləşdirilməsi aşağı təbəqədən olan daha həssas qrupların xərclərinin azalmasına xidmət edəcək. Bu səbəbdən də qazpaylayıcı və elektrik şəbəkələrinə qoşulma ilə bağlı ödənişlərin məbləğində edilən mövcud dəyişikliyi təqdirəlayiq hesab edirəm. Yeni mexanizm proseslərin diferensial formada, individual olaraq tənzimlənməsinə imkan verir. Əvvəlki məqamlarda bir çox istiqamətlər üzrə podratçı təşkilatlarla istehlakçılar arasında tam fərqli yanaşmalar müşahidə edilirdi və müəyyən hallarda podratçılar daha yuxarı qiymətləri tələb şəklində qoyurdular. Hazırkı vəziyyətdə isə bir növ tənzimləmə həyata keçirmək mümkün olacaq.

Bu qərarla ərazi planlaşdırmasına dair sənədləri təsdiq edilmiş ərazilərə görə 271 manat, sənədsiz ərazilərə görə 160 manat məbləğ müəyyən edilib. Yeni qərar qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri podratçıların qiymət diktə etməsi məsələsinin qarşısını alacaq. Eyni zamanda elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğlərinin təyin olunması da mühüm qərardır. Çünki əksər evlərdə 1 fazlı təchizat üzrə 10 kilovat elektrik enerjisi istifadə olunur və bunun üçün artıq 40 manat ödəniş müəyyən edilib. Təsadüfi hallar olur ki, 1 fazlı təchizat üzrə 10 kilovatdan yuxarı istifadə olunur və bunun üçün təyin edilən 60 manat məbləğ də çox deyil. Statistika da göstərir ki, əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kilovatadək qoşulmalar 97,4 faiz təşkil edir. Bu da böyük əksəriyyətin məhz 40 manatlıq göstəriciyə düşdüyünü sübut edir. Bütün bunlar sifarişçi qismində iştirak edən istehlakçıları podratçı təşkilatlar tərəfindən qiymət basqısından azad edir. 

Burada müəyyən istiqamətdə müşahidə olunan artımlar daha yuxarı səviyyədə olan 3 faizlı təchizat və aşağı gərginlik üzrə olan qoşulmalar üzrədir. Qeyd etməliyəm ki, Tarif Şurasının qərarı podratçılarla sifarişçilər arasında münasibətlərə protokol yanaşmasını ortaya qoyur. Qəbul edilmiş bu qaydaların yerlərdə tətbiqinə ciddi nəzarət və monitorinq mexanizmi formalaşdırılmalıdır. Düşünürəm ki, hələ uzun müddət yerlərdə bu proseslərin icrasına nəzarət edilməsinə ehtiyac var. Çünki sahibkar və digər kateqoriyadan olan insanlar bilsə də, ayrı-ayrı vətəndaşlar böyük ehtimal ki, Tarif Şurasının bu yeniliyindən xəbərdar olmayacaqlar. Buna görə də mütləq həm qazpaylayıcı, həm də elektrik paylayıcı şəbəkə üzrə nəzarət mexanizmini uzun müddət işlək formada saxlamaq lazımdır ki, sui-istifadə halları olmasın və bu sənəd tamlığı ilə icra edilsin.

Mirbağır YAQUBZADƏ 
XQ

 



İqtisadiyyat