İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk iqtisadi icmalı”nın növbəti sayını təqdim edib. Nəşrin 2023-cü ili əhatə edən birinci bölməsində Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış təqdim olunub. Topluda onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payları göstərilib. Bundan əlavə türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb. Həmçinin türk dünyasından keçən mövcud və planlaşdırılan nəqliyyat dəhlizləri əks etdirilib.
Birinci bölmədə, eyni zamanda TDT-yə üzv və müşahidəçi dövlətlərin ümumi baxış statistikasında 2022-ci il üzrə türk dövlətlərinin ÜDM-nin 1 trilyon 537 milyard dollar, ticarət dövriyyəsinin isə 1 trilyon 193 milyard dollar təşkil etdiyi bildirilib. Bundan başqa, icmalda 2023-cü il üzrə Türkiyə iqtisadiyyatının 4,5 faiz, Azərbaycan iqtisadiyyatının 1,1 faiz, Özbəkistan iqtisadiyyatının 6 faiz, Qırğızıstan və Qazaxıstan iqtisadiyyatlarının müvafiq olaraq 6,2 faiz və 5,1 faiz böyüdüyü, TDT-də müşahidəçi qismində iştirak edən Macarıstanda isə 2023-cü il üzrə 0,9 faiz iqtisadi geriləmə qeydə alındığı vurğulanıb.
“Türk iqtisadi icmalı”nın birinci bölməsində 2023-cü ildə dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstəricinin 86,1 faizlə Türkiyədə qeydə alındığı, həmin dövrdə qardaş ölkənin dövlət büdcəsinin gəlirlərinin isə 176 milyard 687 milyon dollara yüksəldiyi bildirilib.
Xarici ticarətdə ən yüksək saldo Qazaxıstan (ticarət balansı 17 milyard 511 milyon dollar) və Azərbaycanda (ticarət balansı 10 milyard 298 milyon dollar) qeydə alınıb. 2023-ci ilin yanvar–dekabr ayları ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə də artım müşahidə edilib.
“Türk iqtisadi icmalı”nın ikinci bölməsində isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin yanvar–dekabr ayları üzrə, Şimali Kipr Türk Respublikasının isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.
Son illərdə TDT-nin sıraları əhəmiyyətli dərəcədə möhkəmlənib, quruma üzv dövlətlər arasında ümumi ticarət dövriyyəsinin həcmi 30 milyard dollara yaxınlaşıb. Tərəflər arasında həm qarşılıqlı şəkildə, həm də TDT çərçivəsində ticarət dövriyyəsinin artırılması davamlı şəkildə yaxşılaşıb, əlaqələrin daha da güclənməsi məqsədilə genişmiqyaslı nəqliyyat layihələri reallaşıb.
Ötən il Astanada keçirilən TDT-nin “Türk əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə dövlətimizin başçısı çıxış edərək bununla bağlı bir sıra məqamlara toxunub. Ölkə rəhbəri bu təşkilata üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, artıq beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik qurum kimi tanındığını diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra respublikamızın TDT-nin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu və bunun əsas hissəsinin Türkiyəyə yönəldildiyini də qeyd edib.
Təşkilatda təmsil olunan ölkələr arasında ötən müddətdə həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Həmin tədbirlərdə quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib.
Yeri gəlmişkən, Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir. Nəticədə respublikamızın türk dövlətləri ilə iqtisadi münasibətləri getdikcə möhkəmlənir və bu istiqamətdə yüksək göstəricilər aydın nəzərə çarpır. Bu baxımdan Azərbaycanın sıx, tarixi əlaqələrə malik türk dövlətlərindən biri olan Türkiyə ilə münasibətlər daha çox diqqət çəkir.
Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazanı daha da möhkəmləndirib. İndiyədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları keçirilib ki, bu da birgə layihələrin icrasını stimullaşdırıb.
Azərbaycan–Türkiyə qardaşlığı iqtisadi tərəfdaşlığın inkişafında xüsusi önəm daşıyır. Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz təxminən 7,2 milyard dollar təşkil edib. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə müqayisədə 33 faiz artıb. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçıları tərəfindən qarşıya qoyulan hədəfə sürətlə çatacağımıza inam yaradır.
Azərbaycan xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. Həmçinin ölkəmizdə qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb. Qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı təşviq edir.
Azərbaycanın Qazaxıstanla münasibətləri də daha çox diqqət çəkir. Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə son 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.
Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur Dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir.
Bununla bağlı vurğulamaq yerinə düşər ki, 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan–Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 599 milyon dollar təşkil edib.
Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı–Tbilisi–Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və s. daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi ötən il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Vaqif BAYRAMOV
XQ