Azərbaycan Avropanın önəmli qaz təchizatçısıdır

post-img

TANAP vasitəsilə 60 milyard kubmetr qaz nəql olunub

“Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyə və Avro­panın enerji təchizatının strateji təhlükəsizliyinə mühüm töhfə ver­məkdə davam edir”. Bu barədə TANAP konsorsiumunun yaydığı bəyanatda bildirilir. 

Bəyanatda qeyd olunur ki, Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsini təşkil edən və 30 iyun 2018-ci il ta­rixindən etibarən kommersiya qazının tədarükü həyata keçirildiyi TANAP ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.

Məlum olduğu kimi, Cənub Qaz Dəh­lizinin əsas seqmentlərindən biri olan TANAP Xəzər dənizinin Azərbaycan sek­torunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan–Türkiyə sər­hədindən Türkiyənin qərb sərhədinə nəql edir. Yeri gəlmişkən, Аvropanın enerji xə­ritəsinin zənginləşdirilməsinə xidmət edən “Cənub Qaz Dəhlizi” layihəsi 2011-ci ilin yanvar ayında həyata vəsiqə qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Manuel Bar­rozu аrasında Cənub Qaz Dəhlizi haqqın­da Bakıda imzalanmış Birgə Bəyannamə­də Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinə əsas töhfə verən və onu həyata keçirən ölkə kimi göstərilib. Eyni zaman­da sözügedən sənəddə genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini, Trans-Anadolu Qaz Boru Kəmərini (TANAP) və Trans-Adriatik Qaz Boru Kəmərini (TAP) özündə birləşdirən Cənub Qaz Dəhlizi Marşrutu XXI əsrin layihəsi adlandırılıb. 

2011-ci il oktyabr ayının 25-də Тür­kiyənin İzmir şəhərində “Аzərbaycan Rеspublikasının Hökuməti və Тürkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn tə­bii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanıb. 2012-ci il iyun ayının 26-da isə İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasın­da Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılıb. Beləlik­lə də, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək təbii qazı Avropa bazarlarına çatdıracaq Trans-Anadolu ixrac boru kəməri layihəsi ilə bağlı hüquqi bazanın yaradılması tə­min olunub.

2015-ci il martın 17-də qardaş ölkə­nin Qars şəhərində TANAP-ın təməlqoy­ma mərasimi isə keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində Əskişəhərdə Cə­nub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mə­rasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın ümumi dəyəri 7 milyard ABŞ dollarına yaxındır. Kəmərin illik ötürmə gücü 16,2 milyard kubmetr təşkil edir. Qazın, təxminən, 6 milyard kubmet­ri Türkiyəyə, qalanı isə Avropaya tədarük olunur. Azərbaycanın zəngin qaz ehtiyat­ları, eləcə də Avropada “mavi yanacağ”a tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyə­tinin 31 milyard kubmetrədək artırılması gözlənilir. 

Göründüyü kimi, Cənub Qaz Dəhlizi­nin genişləndirilməsi ilə ölkəmizin ixrac imkanları xeyli artacaq. Bu isə Azərbay­can qazının ixrac coğrafiyasının hazırda “köhnə qitə”nin bir sıra ölkələri arasında inşa edilən interkonnektorlar (birləşdirici kəmərlər) vasitəsilə daha da genişlənmə­sinə səbəb olacaq. Yeri gəlmişkən, Albani­ya da 2026-cı ildə Azərbaycan təbii qazın­dan öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırır. Bu barədə “S&P Glo­bal Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb. Bildirilib ki, bu məqsədlə zəruri qazpaylayıcı infrastrukturun inkişa­fı üzrə planlar hazırlanır. “Trans-Adriatik Boru Kəməri (TAP) kimi mövcud infrast­ruktur vasitəsilə Albaniya enerji mənbələ­rini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycan qazının Avropa bazarları­na, o cümlədən İtaliyaya tranzitinə dəstək olmaqdır”, – deyə agentliyin məlumatında bildirilir. 

Azərbaycan qazının Albaniyaya illik tə­darükü təxminən 200 milyon kubmetr həc­mində gözlənilir. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər artırılmasının birinci mərhələsinə təsadüf edəcək. Hə­min həcmin isə 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Beləliklə, Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumı­niya, Gürcüstan, Türkiyə, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən 9-cu ölkə olacaq. Bu­nunla yanaşı, Bosniya-Herseqovina, Mon­teneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya da yaxın illərdə Azərbaycan­dan qaz almaq niyyətindədir.

Azərbaycan Avropaya təbii qaz ixra­cını 2021-ci ildəki 8 milyard kubmetrdən 2023-cü ildə 11,8 milyard kubmetrə qədər artırıb. Ümumilikdə isə, ötən il ölkəmiz 23,8 milyard kubmetr qaz ixrac edib. Av­ropa İttifaqı ilə imzalanmış memorandu­ma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmalıdır. 

Xatırladaq ki, Azərbaycan qazının Trans-Adriatik Qaz Kəməri ilə Avropaya tədarükü 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. TAP-ın ümumi uzunluğu 878 kilometr təş­kil edir ki, bunun da 550 kilometri Yuna­nıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adria­tik dənizinin dibi boyunca, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Yeri gəlmişkən, Azərbaycanın təs­diq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Hazırda isə ölkəmizdə qaz hasilatının artırılması istiqamətində konk­ret tədbirlər həyata keçirilir. 2023-cü ildə istismara verilmiş “Abşeron” yatağının birinci işlənmə mərhələsi çərçivəsində bu il 1,5 milyard kubmetr qaz hasil olunaca­ğı proqnozlaşdırılır. Cari ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Dərin qaz” adlandırılan layihə çərçivəsin­də də ilk qaz əldə olunacaq. 

Heç şübhəsiz, ölkəmizin potensialı bu­nunla kifayətlənmir. Məlum olduğu kimi, bu il “Abşeron” qaz yatağının ikinci mər­hələsi ilə bağlı yekun investisiya qərarının verilməsi nəzərdə tutulur. Bu layihənin re­allaşdırılması ilə adı çəkilən yataqda illik hasilatın həcmi 5 milyard kubmetrə çatdı­rılacaq. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan” və “Qarabağ” yataqlarının da potensialı ol­duqca yüksək qiymətləndirilir. 

Mirbağır YAQUBZADƏ
XQ





İqtisadiyyat