“Molla Nəsrəddin” ocağı Bəxtiyar Vahabzadənin muzeyində

post-img

Dünən Şəkidə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin ev-muzeyində “Molla nəsrəddinçilər Bəxtiyar Vahabzadənin qonağıdır” adlı toplantı keçirilib.

Muzeyin direktoru Elşən Zəkəribəyli mərasimi açaraq Bakıdakı Cəlil Məmmədquluzadə ev-muzeyinin kollektivi ilə birgə təşkil edilən bu tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il böyük şairin 100 illik yubileyi keçirilir və bu tədbir məhz bu əlamətdar hadisə ilə bağlı təşkil olunub.

Cəlil Məmmədquluzadə ev-muzeyinin direktoru Yeganə Məmmədova çıxışında uzun illər rəhbərlik etdiyi muzeyin əməkdaşlarının çağdaş Azərbaycan poeziyasının inkişafında danılmaz xidmətləri olan, “sevilən filosof şair”in doğulub boya-başa çatdığı Şəki şəhərinə həvəslə təşrif buyurduqlarını xüsusi qeyd edib və yüksək qonaqpərvərliyə görə ev sahiblərinə dərin təşəkkürünü bildirib.

Şəki şəhərindəki bir çox tam məktəblərin yuxarı sinif şagirdləri və pedaqoqlarının da iştirak etdiyi toplantıda filologiya elmləri doktoru Kamil Adışirinov “Müasir Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yeri və rolu” mövzusunda geniş məruzə ilə çıxış edib. Digər natiqlər xalqımızın şairin şəxsiyyətinə və parlaq poeziyasına xüsusi rəğbəti olduğunu vurğulayıblar.

Sonda Cəlil Məmmədquluzadə ev-muzeyinin əməkdaşı Yeganə Məhərrəmova Bəxtiyar Vahabzadənin məşhur “Gəlir” şeirini oxuyub.

Yeri gəlmişkən, şeirin son iki misrası belədir: Əgər sevirsənsə, ayaq səsimdən Gərək biləsən ki, Bəxtiyar gəlir!

XQ

Sosial həyat