Bir cüyür qəlbimi yandırıb yaxdı... Şəhər məni yoranda dağlara yön çevirirəm, dağlara qalxıram. Deyirəm nə yaxşı, Tanrım dağları da, çayları da dünya kimi insanlara verib. Dağ yolları ilə qalxanda günlü yağış yağırdı – narın-narın. Xoş bir seyrə çıxmışdım. Bələn-bələn aşıb damarını qırırdım yoxuşlu yolların.
Dağların o üzündən axıb gəlir dağ çayı. Çayın axarı boyunca gəzib düşüncələrə dalıram. Sanki dünyanın çayları canımın içindən axır. Ötən xatirələrim cilvəli sularda çağlayır. Elə bilirəm, dünən çay qırağında gördüyüm ceyran da, cüyür də bu gecə yuxuma gələcək...
Adətən körpə ceyranlar düzənlik yerləri özlərinə məskən seçirlər. Qoruqda ceyranları görəndə elə sanırdım ki, çəmənliyə gözəllik daş-qaşı yağıb. O yerlər mənim də könlümün əzəl məskəni idi. Öz sərvinaz baxışları ilə bir duyğu, bir ruh kimi könüllərə axır, gözəlliyi adamı yandırıb yaxır. Düzlərdə Günəşin şəfəqləri altında ceyranlar daha cazibəli görünür. Cüyürlər də elə bil, görkə dayanıb.
Bir sürü bala ceyran sevincdən şahə qalxır, qaçır, atılıb düşürdü. Günəş nur çiləyirdi ceyranların izinə. Ceyranlar düzə gələndə nur topası kimi görünürdü gözümə. Bu, mənim uşaq qəlbimə işıq salırdı. Başsız biçənəklərdə gül-çiçəyin rayihəsi, ceyranların qaçışı insanı valeh edir. Yüyənsiz, çilovsuz baş alıb gedir.
Yaxınlaşan təhlükəni ceyranlar düzəngahda daha aydın görür və bircə anda qızılquş kimi ovçunun gözündən yayınır. Dərələri, dağları aşıb gözdən itir. “Yay kimi dartınıb, ox kimi süzür”.
Cüyür anasının arxasınca kəklik kimi səkib dağdan aşdı. Gözdən itən o cüyür qəlbimi yandırıb yaxdı.
...Günlərin bir günü, çay aşağı, çay yuxarı gəzib dolaşırdım. Gözlərim gözəlliyə keşik çəkirdi. Baharı gözləyən tək ağac kimi çay qırağında ceyranların yolunu gözləyirdim. Bilirdim ki, ceyranlar- cüyürlər enib suya gələcək. Çay qırağında ceyranların ayağı dəyən xınalı daşları inci kimi papağıma yığıb evə gedirdim. Bu zaman düzdə bir cüyür qulun kimi kişnədi. Dağlar-daşlar səsə gəldi. Bir anlıq qəlbimdə sarsıntı əmələ gəldi. Səs gələn səmtə sarı boylandım. Narahatlıq düyğusu məni tərk etmirdi. Gözlərimdə aləm baş-başa dəydi. Çayda daş-daşa dəydi...
Yırtıcı, çalağan qızılquş bir göz qırpımında cüyürü caynağına alıb, çalıb göyə qaldırıb aparırdı. Yaylaqda səs-səsə qarışmışdı. İtlər hürüşür, dəyələrdən bayıra çıxan qonşular, çöldə çobanlar haray saldı. Atam qoşalülə tüfəngini gözü üstə qaldırıb, cüyürü aparan qızılquşun səmtinə iki güllə atdı. Atamın atdığı güllə heç vaxt boşa çıxmazdı. Ötən hərbdə odun-alovun içindən çıxmışdı.
Qızılquş cüyürlə birlikdə yerə düşdü. Atam onu elə sərrast vurmuşdu ki, qanadları qan içindəydi. İncəfara, cüyürün heç burnu da qanamamışdı. Amma yüksəklikdən düşüb zərbə ilə yerə dəydiyinə görə, bir anlıq huşunu itirmişdi. Əlbəttə, daşlı-qayalı yerə düşsəydi, cüyürün tikəsi də ələ gəlməzdi. Xoşbəxtlikdən ot tayasının üstünə, ordan da sürüşüb yerə dəymişdi.
– Atam aşağı əyilib cüyürün başını dizlərinin üstünə aldı, nəvazişlə əlini cüyürün bədənində gəzdirdi. Nəvazişlə ipək kimi tüklərini sığallamağa başladı. Nəfəsini cüyürün nəfəsinə qatdı, cüyürü oyatdı.
– Allaha şükür, güllə cüyürə dəymədi, sağ qaldı, -dedi. İndi anası harda olsa, balasının iyinə gələcək. Hamı cüyürün başına yığışmışdı. Gün günortanın yerinə qalxmışdı. Cüyür başını qaldırıb boylandı. Yaylaq adamlarından hürkdüyündən, ya nədənsə ala gözlərini zilləyib mənə baxırdı. Onun baxışlarından ürəklənib yanına gəldim.
Ayaqları qönçələrdən də zərif idi. Tükləri dünyanın tülündən, ipəyindən, al–qumaşından yumşaq idi. Hürkək baxışı çiçəklərin, mələklərin baxışına bənzəyirdi. Ürəyimdə gözəl baxışları gül açırdı. Xumar gözlü cüyür qərib bir qonaq kimi, adi bir toxunuşdan hürküb qəlbimi dara çəkirdi. Onu bağrıma basıb dil töküb öz dilində danışırdım. Allahın bir bala heyvanına görə, həyata, insanlığa, dünyaya, yerə-göyə məhəbbətim artırdı.
Anam dedi:
– O da körpədir, sən də... Bir-birinizə isinişərsiniz. Anamın sözlərində həqiqət vardı... Adamlar cüyürlə məni baş-başa buraxdı. Ətrafdan səs, nəfəs, insan hənirtisi tamam uzaqlaşandan sonra ana cüyür yaxınlıqda göründü. Anam dəyəmizin qarşısından onu görüb məni səslədi:
– Gəl, bala, gəl. Qoy ana balasına qovuşsun.
Mən könülsüz-könülsüz dəyəmizə tərəf gedəndə dönüb arxaya baxdım. Balasına qovuşmaq üçün, kim bilir, bəlkə də dərələrdən sel kimi, təpələrdən yel kimi gəlmişdi. Ana cüyür tər içindəydi. Ana balasını duz kimi yalayırdı...
Həzi HƏSƏNLİ,
şair-publisist