“Elektroenergetika haqqında” Qanuna dəyişikliklər edilib: Sabit tarif tətbiq olunacaq

post-img

“Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentdə üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən həyata keçirilib. Yeni dəyişikliklərə əsasən, “sabit tarif” anlayışı qanunvericiliyə daxil edilib. Sabit tarif elektrik enerjisi istehlak səviyyəsindən asılı olmayaraq, hər bir istehlakçı üçün aylıq əsasda tətbiq olunan və tənzimləyici tərəfindən müəyyən edilən sabit xarakterli xərclərin əvəzini ödəməyə yönəlmiş tarif elementi kimi müəyyənləşdirilib. Dəyişikliklər aşağıdakı əsas məqamları əhatə edir:

Qanuna 1.1.57-1-ci maddə əlavə edilərək “sabit tarif” anlayışı hüquqi çərçivəyə salınıb. Müvafiq maddələrdə “dəyəri” və “dəyərinin” sözlərindən sonra “və sabit tarif” və ya “və sabit tarifin” ifadələri əlavə olunub. İstehlakçılara yönələn bildirişlərdə sabit tariflə bağlı qalıq borcun və ödəniş tarixinin göstərilməsi zərurəti vurğulanıb. Tənzimləyici orqanın tarif siyasəti çərçivəsində sabit tarifin müəyyənləşdirilməsi və tətbiqi ilə bağlı funksiyaları artırılıb.

Bu dəyişikliklər elektroenergetika sahəsində tarif siyasətinin daha şəffaf və sabit şəkildə tənzimlənməsinə, eləcə də istehlakçılar üçün xərclərin proqnozlaşdırıla bilməsinə şərait yaradacaq. Eyni zamanda, bu addım enerji sektorunda xidmətlərin maliyyə davamlılığının təmin olunmasına yönəlib.

Qeyd edək ki, dəyişikliklər 2023, 2024 və 2025-ci illərdə qəbul edilmiş müvafiq qanunvericilik sənədlərində nəzərdə tutulan müddəaların davamı kimi qəbul olunur.

İqtisadiyyat