Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 7-də ümumi çəkisi 2,5 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1856 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxs tutulub. Xaçmaz Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları bununla bağlı 50 yaşlı Cəlal Dadaşovu saxlanyıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 11 kiloqram olan 601 ədəd çətənə (kannabis) kolu və narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, C.Dadaşovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zəngilanda isə 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə isə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə “Xaş-xaş 2025” planına uyğun olaraq keçirdikləri tədbir zamanı Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ