Ölkəmizdə kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına və aqrar sahibkarlığın təşviqinə xidmət məqsədi daşıyan növbəti Aqrar Biznes Festivalı Şəmkir rayonunda keçirilib.
Nazirliyin Aqrar İnnovasiya Mərkəzi, Şəmkir Rayon İcra Hakimiyyəti və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi regionun kənd təsərrüfatı potensialını tanıtmaq, aqrar sahəyə investisiya cəlb etmək, yerli məhsulların daxili və xarici bazarlara çıxışını genişləndirmək, həmçinin fermerlərlə biznes qurumları arasında əməkdaşlığı gücləndirmək olub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festival çərçivəsində yerli fermerlər, aqrar sahədə fəaliyyət göstərən müəssisələr və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şirkətlər öz məhsullarını və xidmətlərini nümayiş etdiriblər. Biznes festivalında Şəmkir rayonunun zəngin tərəvəz çeşidləri – pomidor, xiyar, bibər, badımcan və digər yerli məhsullar təqdim olunub. Festivalda Qazax – Tovuz iqtisadi rayonuna daxil olan Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonlarından fermerlər və yerli rayon sakinləri iştirak ediblər.
Aqrar Biznes Festivalı çərçivəsində aqrar sahəyə dair müasir kənd təsərrüfatı texnika və texnologiyalar, yüksək məhsuldar toxum nümunələri, orqanik və mineral gübrələr, eləcə də bitki mühafizə vasitələri sərgilənib. Festival iştirakçıları yerli fermerlərin yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsulları ilə tanış olmaq və birbaşa istehsalçılardan alış etmək imkanı əldə ediblər. Festivalda kənd təsərrüfatı məhsullarının sərgisi ilə yanaşı, istixana sahibləri və fermer təsərrüfatlarının dəstəyi ilə festival ziyarətçiləri üçün açıq havada ziyafət təşkil edilib.
Festivalın açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, Şəmkir rayonunda kənd təsərrüfatı iqtisadiyyatın əsasını təşkil edir. O, bu festivalın gələcəkdə regionun iqtisadi və sosial inkişafına mühüm töhfə verəcəyinə əmin olduğunu deyib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə qeyd edib ki, festivallar yerli sahibkarlar, aqrar məhsul istehsalçıları üçün faydalı əməkdaşlıq imkanları yaradır: “Bizim məqsədimiz kənd təsərrüfatının innovativ inkişafını təşviq etmək və fermerlərə dəstək olmaqdır. İnnovasiyalar sadəcə texnika və texnologiyalarla məhdudlaşmır – yeni yanaşmalar, bazara çıxış modelləri və fermerlərimizin biliklərinin artırılması da əsas prioritetlərimizdəndir. Biz fermerlərimizin yalnız məhsul istehsalçısı deyil, eyni zamanda bir sahibkar, bir yenilikçi kimi inkişaf etməsini istəyirik”.
Rəsmi açılışdan sonra sərgi təşkilatçıları və rəsmi nümayəndələr stendləri ziyarət ediblər. Festivalın ənənəsinə uyğun olaraq bank və bank olmayan kredit təşkilatlarının və dövlətin maliyyə qurumlarının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Kredit yarmarkası ilə yanaşı, dövlət və özəl maliyyə qurumlarının iştirakı ilə “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.