Son 1 ildə ticarətin həcmi 40 faiz artıb
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər sürətlə inkişaf edir və hər iki ölkə əməkdaşlığın genişləndirilməsi üçün ciddi addımlar atır. Bu əməkdaşlığın bariz nümunələrindən biri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistana səfəridir. Səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə keçirilən görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlığın müxtəlif sahələr üzrə intensiv inkişaf etdiyi, iqtisadi əməkdaşlığa mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.
Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüş və tədbirlərin, həmçinin imzalanan sənədlərin hər iki ölkə üçün faydalı işbirliyinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə investisiya sahəsində birgə fəaliyyətin geniş potensiala malik olduğu, ticarət, tranzit və digər iqtisadi istiqamətlərdə əməkdaşlığın daha da şaxələndirilə biləcəyi vurğulanıb. Tərəflər ikitərəfli münasibətlərin prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın daim dostluq və qardaşlıq münasibətləri saxladığı ölkələrdən biri Pakistan İslam Respublikasıdır. Rəsmi Bakı və İslamabad hər zaman qarşılıqlı olaraq bir-birinə siyasi və mənəvi dəstək nümayiş etdiriblər. İqtisadi sahəyə gəldikdə deyə bilərik ki, burada vəziyyət o qədər də ürəkaçan deyil. Amma iki ölkə arasındakı xoş münasibətlər son dövrlərdə ticarət əlaqələrinə də müsbət təsir göstərir. Xüsusilə 2022-ci ildə Azərbaycanın Pakistanla ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 140,1 faiz artaraq 28,2 milyon ABŞ dollarına çatıb. 2024-cü ilin məlumatlarına görə, Pakistanla ticarətdə idxal 21,9 milyon ABŞ dolları, ixrac isə 196,7 min ABŞ dolları təşkil edib. Bu da 2023-cü illə müqayisədə idxalın 8,6 faiz artdığını, ixracın isə 97,1 faiz azaldığını göstərir. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan və Pakistan arasındakı ticarət dövriyyəsi 20,7 milyon dollara çatıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz və ya 5,8 milyon dollar artım deməkdir. Bu müddətdə Azərbaycanın Pakistana ixracı cəmi 3200 dollar təşkil edib və 48, 6 faiz azalıb. Əksinə, Pakistandan idxal 40,1 faiz artaraq 20,6 milyon dollara yüksəlib. Ümumilikdə, rəqəmlər Azərbaycanın Pakistanla ticarətində əsasən idxalın üstünlük təşkil etdiyini ortaya qoyur.
Qeyd edək ki, Pakistandan Azərbaycana idxalın əsas hissəsini tərəvəz məhsulları, dərman preparatları və qabığı təmizlənmiş düyü təşkil edir. Digər əsas məhsullar sırasında poliefir parçalar, həmçinin pambıq iplikdən hazırlanmış trikotaj sviter və digər geyim növləri xüsusi çəkiyə malikdir. Bu göstəricilərdən aydın olur ki, Pakistanla idxal ticarətində ərzaq məhsulları və yüngül sənaye malları əsas yer tutur. İxraca isə mineral yanacaq, yağ, bitum, xam dərilər və dəridən hazırlanan mallar, bəzi hallarda maşın-mexanika, avadanlıqlar aiddir.
Məlum olduğu kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var. Bu, birgə müəssisələrin yaradılması və iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanan sənədlər ticarət, investisiya, tranzit, kiçik və orta biznes, turizm və digər sahələrdə əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyev bu ilin fevral ayında Bakıda Pakistan Baş naziri Şahbaz Şəriflə görüşündə bildirmişdi ki, Pakistan tərəfindən konkret layihələri aldıq və Azərbaycan nümayəndələri onları hazırda qiymətləndirir. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir. Qeyd edək ki, iki ölkə arasında əməkdaşlığın mühüm sektorlarından biri müdafiə sənayesidir. Azərbaycan və Pakistan müdafiə sənayesi məhsullarının birgə istehsalı üçün müzakirələr aparırlar.
Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi həm regionda sabitliyin möhkəmlənməsinə, həm də hər iki ölkənin iqtisadi imkanlarının artırılmasına xidmət edəcək. Qarşılıqlı səfərlər və imzalanan sənədlər iki ölkə arasında etimadın artırılması, strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Bundan əlavə, Pakistanla əməkdaşlığın inkişafı Azərbaycanın tranzit potensialını artırmaq və regional iqtisadi inteqrasiyada rolunu genişləndirmək imkanı yaradır. Həmçinin investisiya və ticarət sahəsində birgə layihələrin reallaşdırılması iki ölkə arasında iqtisadi əlaqələrin daha dayanıqlı baza üzərində qurulmasına zəmin yaradır.
Eldəniz ƏMİROV,
iqtisadçı
Pakistan kimi yaxın və böyük bir dövlətlə iqtisadi əlaqələrimizin bu qədər aşağı səviyyədə olması arzuolunan hal sayılmır. Kifayət qədər geniş potensiala malik olan bu ölkənin Azərbaycanın xarici ticarət dövriyyəsində payı cəmi 0,04 faiz təşkil edir, yəni 1 faizə belə çatmır. Bu göstərici ümumi ticarət dövriyyəmizin təxminən 2500-də bir hissəsinə bərabərdir. Müqayisə üçün desək, hər 100 manatlıq ticarət dövriyyəsinin cəmi 4 qəpiyi Pakistanın payına düşür. Bu səbəbdən, bir müddət əvvəl Pakistan–Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının yaradılmasını son dərəcə zəruri və vacib addım hesab edirəm. Düşünürəm ki, qarşıdakı illərdə Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin səviyyəsi birbaşa olaraq bu münasibətlərin səmərəli təşkilindən asılı olacaq.
Potensial kifayət qədər yüksəkdir. Məsafə uzaq olsa da, mövcud imkanlar və qarşılıqlı ticarətə dair perspektivlər xeyli genişdir. Ümid edirəm ki, bütün bu məsələlər nəzərə alınaraq yaxın dövrdə – təxminən iki il ərzində ticarət dövriyyəsinin dinamikasında müsbət dəyişikliklərin şahidi olacağıq.
Musa BAĞIRLI
XQ


