Xəbər verildiyi kimi, fevralın 27-də Gürcüstanın paytaxtı Tbilisidə Dünya Bankının bu yaxınlarda dərc etdiyi “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir keçirilib. Gürcüstan, Azərbaycan, Qazaxıstan və Ermənistanın hökumət nümayəndələri, eləcə də dövlət müəssisələrinin, özəl sektor və beyin mərkəzlərinin təmsilçilərinin iştirak etdikləri tədbirdə Dünya Bankının araşdırmalarının əsas nəticələri ilə bağlı məsələlər müzakirə olunub.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əməliyyat səmərəliliyinin artırılması və mövcud problemlərin aradan qaldırılması üçün regional yanaşmanı inkişaf etdirmək məqsədi daşıyan tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin departament müdiri Xudayar Həsənli təmsil ediblər.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası”nın baş katibi Qaydar Abdikerimov çıxışında bildirib ki, Orta Dəhlizin rəqəmsallaşdırılması bu marşrutun gələcək inkişafına və genişlənməsinə töhfə verən mühüm aspektdir: “Bu amil nəzərə alınaraq rəqəmsallaşma məsələsinə xüsusi diqqət yetirilir. Orta Dəhlizi daim böyüyən və inkişaf edən canlı orqanizm hesab etmək olar. O, inkişaf dinamikasında qalmağa davam edir ki, bu da beynəlxalq nəqliyyat marşrutunun uğurundan xəbər verir”, – deyə o əlavə edib.
Hazırda Orta Dəhlizi əhatə edən vahid IT sisteminin yoxluğunun müəyyən çətinliklərə yol açdığını vurğulayan Dünya Bankının nəqliyyat sahəsi üzrə iqtisadçısı Viktor Araqones isə çıxışında qeyd edib ki, sözügedən marşrutun inkişafında infrastruktur məsələləri əhəmiyyətlidir. Onun sözlərinə görə, Orta Dəhlizdə mövcud maneələri aradan qaldırmaq üçün əməliyyat səmərəliliyinə diqqət yetirilməlidir. Bankın müəyyən etdiyi əsas məqamlardan birinin dəhlizin koordinasiyası ilə bağlı olduğunu vurğulayan V.Araqones, həmçinin deyib ki, bu marşrut digərlərinə nisbətən daha mürəkkəb olduğu üçün yüklərin dəmir yolu ilə limana, buradan isə gəmilərə daşınması arasındakı əlaqələrin təkmilləşdirilməsinə ehtiyac var.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edərək deyib ki, son iki ayda Orta Dəhlizlə Çindən 13 blok qatarı göndərilib və görülən tədbirlər sayəsində həmin konteynerlər cəmi 12 günə Gürcüstan limanlarına çatıb. Əvvəllər isə bunun 40-50 gün çəkdiyini vurğulayan nazir müavini bildirib ki, Azərbaycan avtomobil yolları və dəmir yolu xətlərinin inkişafı üçün investisiya yatırmaqda davam edir. Onun sözlərinə görə, Zəngilanla Naxçıvanı və Türkiyəni birləşdirən nəqliyyat xəttinin qurulması Orta Dəhlizinin bir hissəsi kimi nəqliyyat və logistika əlaqələrinin inkişaf etdirilməsi üçün böyük fürsətlər yaradır. Belə ki, hesablamalara görə, Zəngəzur Dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq.
Orta Dəhlizin potensialının reallaşdırılmasında göstərdikləri dəstəyə görə beynəlxalq təşkilatlara və Dünya Bankının komandasına təşəkkürlərini çatdıran R.Hümmətov bildirib ki, Azərbaycan dövlətinin Avrasiyada etibarlı həlqə rolunu oynayan bu marşrutun inkişafını dəstəkləmək, onun potensialını maksimum dərəcədə artırmaq niyyəti və güclü siyasi iradəsi var.
Tədbir çərçivəsində Dünya Bankının “Orta ticarət və nəqliyyat dəhlizi: 2030-cu ilə qədər yükdaşımaların həcminin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar”la yanaşı, “Orta Dəhlizin rəqəmsallaşdırılması” tədqiqatının təqdimatı da keçirilib.
Yeri gəlmişkən, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin– Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. 2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur.
Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Qazaxıstan, Azərbaycan, Xəzər dənizi və Gürcüstanı birləşdirən multimodal nəqliyyat marşrutu olmaqla region ölkələri arasında ticarətin şaxələndirilməsi vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir. Şimal-Cənub nəqliyyat dəhlizinə alternativ olan bu marşrut üzrə ticarətin, təxminən, üçdə birini tranzit yüklər təşkil edir. Orta Dəhliz ölkələrinin ticarət əməliyyatlarının coğrafiyası, əsasən, əmtəə ixracının və təkrar ixracın hesabına dəyişib. Dünya Bankının məlumatlarına əsasən, 2023-cü ildə region üzrə ixrac artımının yarısından çoxu Avropa İttifaqının (Aİ) payına düşüb. Qeyri-resurs ixracının payı isə ABŞ (metallar), Rusiya (avadanlıq və elektronika), eləcə də Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan respublikalarında (aparat və elektronika, avtomobil və qida) nəzərəçarpacaq dərəcədə artıb.
İdxal ən çox Çindən (30 faiz), Rusiyadan (21 faiz), Aİ-dən (15 faiz) və Türkiyədən (12 faiz) artıb, lakin əmtəə ticarətinin strukturu, əvvəlki illərdə olduğu kimi, əsasən sabit qalıb. Orta Dəhlizlə Gürcüstandan Peruya gübrə, Qazaxıstandan Panamaya neft ixrac edilib. Proqnozlara görə, Aİ və Çin arasında ticarətin həcmində 2030-cu ilə qədər əhəmiyyətli artım olacağı gözlənilir.
Dünya Bankının məlumatlarına əsasən, ümumilikdə, Aİ, onun üzv ölkələri və inkişaf bankları Mərkəzi Asiyanın nəqliyyat sistemlərini təkmilləşdirmək üçün 2021–2027-ci illər ərzində 300 milyard avroya qədər dövlət və özəl sərmayə qoyuluşunu planlaşdırıblar. Bank düzgün investisiyalar və strateji qərarlarla Orta Dəhliz boyunca ticarətin həcminin 2030-cu ilə qədər üç dəfə artacağı, eyni zamanda, marşrut boyu daşımalara sərf edilən vaxtın iki dəfə azalacağını təxmin edir. Bununla yanaşı, 2027-ci ilə qədər sözegedən dəhlizin ötürücülük qabiliyyətinin ildə 10 milyon tonadək artırılması, çatdırılma müddətlərinin isə 14-18 günə endirilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Qara dəniz və Türkiyədən keçərək Avropaya gedən Orta Dəhlizin daha çox sərhədləri keçmək zərurəti, yükdaşımaların artması və yükaşırma əməliyyatlarında mövcud olan səmərəsizlik səbəbindən zəif inkişafı nəzərə çarpır. Fevralın 27-də Tbilisidə Dünya Bankının dərc etdiyi “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqatına həsr olunmuş regional tədbir bu problemin həlli baxımından xüsusi əhəmiyyət kəcb edir. Düşünürəm ki, əməliyyat səmərəliliyinin artırılması və mövcud problemlərin aradan qaldırılması üçün regional yanaşmanın inkişaf etdirilməsi məqsədi daşıyan bu tədbir Orta Dəhlizin perspektiv inkişaf istiqamətlərinin yüksəldilməsində əhəmiyyətli rol oynayacaq.
Mirbağır YAQUBZADƏ
XQ