Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə cari ilin ikinci yarısından Bakı Limanında konteyner terminalının tikintisinə başlanılacağı və bu infrastrukturun Bakı və Gürcüstan limanları arasında müəyyən olunan dövrlərdə əlverişli konteyner daşınmasına imkan yaradacağı, nəticədə isə konteynerlərin sayının artacağı diqqətə çatdırılıb. Eyni zamanda belə bir şəraitin Orta Dəhlizin inkişafına, ilk növbədə, infrastruktur imkanlarının təkmilləşəcəyinə müsbət təsir göstərəcəyi vurğulanıb.
Bakı Limanında bütün bu layihələrin icrası, əlbəttə ki, Çindən cəlb edilən yüklərin artmasını və konteyner daşımalarında imkanların genişlənməsini şərtləndirəcək.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Beləliklə, Çin–Qazaxıstan sərhədindən başlayan və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanan bu marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunub.
Yeri gəlmişkən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da 2015-ci ildə Bakı Limanının bazasında qurulub. Yük, neft və bərə terminallarından ibarət limanın nizamnamə kapitalı 16 min manat olub. 2018-ci il mayın 14-dən etibarən Prezident İlham Əliyevin iştirakı ilə açılışı reallaşan yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon tona, o cümlədən 100 min TEU konteynerə çatdırılıb. İkinci fazanın yekunlaşdırılmasından sonra isə limandan ildə 25 milyon tona qədər yükün aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi planlaşdırılıb.
Prezident İlham Əliyev müsahibələrinin birində Azərbaycanın son 10 il ərzində Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdiyini bildirib. Dövlətimizin başçısı daha sonra hazırda ölkəmizin regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini, bütün yol infrastrukturu kimi, Bakı Limanının da imkanlarının genişləndirilməsi zərurətinin yarandığını diqqətə çatdırıb.
Bax, elə bu məqsədlə də yaxın illərdə limanın mövcud yükaşırma qabiliyyətinin iki dəfəyə yaxın artırılması nəzərdə tutulur. Hazırda limanın tikintisinin 2-ci mərhələsinin layihələndirilməsi həyata keçirilir. Bu işlərin isə tezliklə yekunlaşdırılması planlaşdırılır. Layihə hazırlandıqdan sonra modelin təqdim olunacağı və limanın inkişafının buna uyğun şəkildə gerçəkləşdiriləcəyi bildirilir.
Bakı Limanında son illər həyata keçirilən layihələr nəticəsində infrastrukturun yükaşırma imkanları getdikcə genişlənib. Məsələn, sözügedən limandan keçməklə Asiyadan İsveçrəyə daşınan yüklərin həcmi 4 dəfə artıb. Bu fikir konkret faktlarla ifadə edilsə, demək olar ki, 2023-cü ildə Bakı Limanından keçməklə Asiyadan İsveçrəyə 551 min 740 tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 3,8 dəfə çoxdur. Yaxud bu ilin yanvar ayında Aktau limanından Qazaxıstan neftinin ixracı illik müqayisədə 36 faiz artaraq 287 min tona, o cümlədən Bakı Limanına nəqli 2 dəfə artaraq 116 min tona çatıb.
Ölkəmizin ərazisindən keçən qlobal nəqliyyat dəhlizlərinin funksionallığının artırılmasına mühüm töhfələr verən Bakı Limanında konteyner terminalının tikintisinin planlaşdırılması ilə bərabər, yaxın zamanlarda beynəlxalq “Shipping line” mərkəzinin və onun depolarının yaradılması da nəzərdə tutulur. Bununla bağlı hazırda bir sıra şirkətlərlə danışıqlar aparılır, ilkin müqavilələr imzalanır.
“Shipping line” mərkəzinin yaradılması isə Mərkəzi Asiyadan gələn yüklərin regional konteynerlərlə üçüncü ölkələrə göndərilməsi məqsədi daşıyır. Başqa sözlə, adı çəkilən mərkəzin fəaliyyətə başlayacağı təqdirdə dünyanın istənilən nöqtəsinə fasiləsiz yük daşınması gerçəkləşir. Yəni “Shipping line” karqo yüklərini limandan təyinat nöqtəsinə çatdırmaqla gəmiləri idarə edən şirkətdir və dünya üzrə dəniz nəqliyyatı ilə daşınan yüklərin 95 faizi məhz onun payına düşür.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində bir sıra yenidənqurma işləri aparılacaq. Belə ki, qarşıdakı 3 il ərzində liman ərazisindəki çeşidləmə məntəqəsində əlavə 4 dəmiryolu xətti və konteyner terminalı tikiləcək ki, bu da yüklərin çeşidlənməsində operativliyin təmin edilməsinə imkan yaradacaq.
Bundan əlavə, həmin sənədə əsasən, Bakı və Hövsan limanlarında dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti, eləcə də digər rəsmiləşdirmənin səmərəli qaydada aparılmasını təmin edən infrastruktur yaradılacaq, Bakı Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruktur genişləndiriləcək və zəruri avadanlıqlar alınacaq.
Eyni zamanda idxal və ixrac rejimli yüklər üzrə geniş funksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində isə Şərq−Qərb istiqamətində yükdaşımalarda konteyner yüklərinin payı artırılacaq. Bütün bunlarla bərabər, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal və ixrac gömrük rejimi prosedurları tətbiq ediləcək.
Regional qovşaq konsepsiyasına uyğun olaraq yük avtomobil nəqliyyatı vasitələrinin də bir mərkəzdə cəmləşməsi gerçəkləşdiriləcək. Sənədə əsasən, Bakı Limanında və Dübəndi Terminalında dibdərinləşdirmə işləri həyata keçiriləcək. Bu da limanın və terminalın akvatoriyasına yükgötürmə qabiliyyəti və suya oturumu daha yüksək olan gəmilərin girişinə imkan yaradacaq. Fəaliyyət planında nəzərdə tutulan işlərin əsas iştirakçısı kimi Bakı Limanı çıxış edəcək.
Bu gün Bakı Limanı “yaşıl liman” və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarla bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq olunur. Bu məqsədlə limanda Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdırılır.
İkinci mərhələdə isə liman kompleksinin tamamilə başa çatdırılması ilə ümumi yükaşırma imkanı artaraq 25 milyon tona və 500 min TEU konteynerə çatdırılacaq. Limanın konteyner aşırma qabiliyyətinin artırılması isə Orta Dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan verəcək. Nəticədə qarşıdakı 10 ildə Orta Dəhliz Şərqlə Qərbi birləşdirən əsas infrastruktura çevriləcək.
Ekspertlərin fikrincə, bu müddətdə sözügedən liman, həm də tam dayanıqlı “yaşıl dəhliz” kimi fəaliyyət göstərəcək. Mütəxəssislərin təxmini hesablamalarına görə, Bakı Limanının ikinci fazası çərçivəsində tikinti işləri təqribən 3 il çəkəcək.
Limanın hazırkı fəaliyyətindən danışarkən bu infrastrukturun iqtisadi göstəricilərinə də diqqət yetirək. Ötən il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də ümumi yükaşırmanın həcmində 14,6 faiz, quru yükün aşırılması 66 faiz, konteyner daşınması isə 11,6 faiz artıb. Bununla da proqnoz 104 faiz həcmində icra edilib.
Vaqif BAYRAMOV
XQ