Makron anti-Azərbaycan düşərgə yaradır

post-img

Azərbaycana qarşı uzun illərdir sis­temli və ardıcıl mübarizə aparan dairələr son vaxtlar səylərini daha da gücləndiriblər. Bu da təsadüfi deyil. Çünki Azərbaycan xalqı və dövləti 2020-ci ilin payızında elə bir Qələbə qazandı ki, bədxahlarımız bunu yatsaydılar, yuxu­larında da görməzdilər. Həmin qələbəyə yalnız xalqımız və dövlətimiz inanırdı. Biz əmin idik ki, işğal olunmuş torpaqlarımız bir gün mütləq azadlığına qovuşacaq. Hə­min torpaqlarda yenidən həyat qaynaya­caq, böyük yenidənqurma və quruculuq işlərinə başlanılacaq. Belə də oldu. Hazır­da azad edilmiş bütün torpaqlarda geniş bərpa-quruculuq işləri gedir.

Vətən müharibəsindən ötən dövr ərzində biz ancaq yeni-yeni qələbələr qazandıq. İstər 2021-ci ilin mayında baş verən və “Qaragöl insidenti” kimi tanınan hadisələr, istər 2021-ci ilin noyabr, istərsə də 2022-ci ilin sentyabr döyüşləri şərti sərhəddə strateji yüksəkliklə­rin ordumuzun nəzarətinə keçməsi ilə nəti­cələndi. Həmin döyüşlərin nəticəsinin sonra­kı proseslərdə bizə çox böyük faydası oldu. Ümumilikdə, müharibədən ötən müddət ər­zində ölkəmizin bütün planları ardıcıllıqla, tədricən həyata keçdi. Bizim sonuncu addı­mımız isə sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri oldu. Bununla da ərazi bütövlüyümüz və dövlət suverenliyi­miz tam təmin edildi. Azərbaycan ərazisində separatizm yuvası dağıdıldı, onun kökü bir­dəfəlik kəsildi, “miatsum” kitabı bağlandı. Bu gün ölkəmizin elə bir yaşayış məntəqəsi yoxdur ki, orada Dövlət bayrağımız dalğa­lanmasın.

Bütün bunlar isə özünü sülh tərəfda­rı kimi aparan Ermənistan hakimiyyətinin, daxildəki revanşist qüvvələrin, onların ha­vadarı olan xaricdəki böyük dövlətlərin, anti-Azərbaycan, islamofob dairələrin, necə deyərlər, kürkünə birə salıb. Onlar Vətən müharibəsindəki və antiterror tədbirlərindəki qələbəmizdən sonra özlərinə gələ bilmirlər. Buna görə də müxtəlif yollarla acıq çıxma­ğa çalışırlar. Əlbəttə, Ermənistanın özünə qalsaydı, bu ölkə bizimlə heç vaxt müharibə aparmağa cürət də etməzdi.

Fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi nitqində Prezident İlham Əliyev belə dedi: “Biz böyük xalqın nümayəndələri­yik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmə­nin belini qırdı. O düşmənin ki, onun arxasın­da o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayan­mışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?”

Prezident 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində isə de­mişdi: “Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təh­lilçilər görürlər ki, bizim zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Biz böyük layları tərpətdik. Elə bir zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.

Bəli, bu gün ölkəmizə qarşı edilən çıxış­lara da məhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Hazırda ölkəmizə qarşı revanşistlə­rin, belə deyək, “səfərbər olunması” prosesi gedir. Ölkəmizə qarşı birləşənləri bir orkestrə bənzətsək, deməliyik ki, burada birinci skrip­kaçı rolunda Fransa çıxış edir. Paris orkestrdə təkcə skripka sololarını ifa etmir, bəzən baş dirijoru da əvəz edir. Ermənistan baş naziri Nikol Paşinyanın bir neçə gün öncə “Beşinci Respublika”ya səfəri də “birinci skripkaçı”­dan, yaxud “baş dirijor”dan yeni təlimatlar alması ilə yadda qaldı. Artıq aydın görünür ki, regionda yeni müharibəyə, yaxud iri si­lahlı toqquşmaya hazırlıq gedir. Bu fonda bir müddət əvvəl media orqanlarında Fran­sanın Ermənistanı “ildırımsürətli mühari­bə”yə hazırlaması barədə yayılan xəbərlər də diqqətdən qaçmamalıdır. Həmin xəbərdə qeyd olunurdu ki, hədəf Ermənistanın qəfil hücuma keçməklə şərti sərhəddə bir neçə strateji yüksəkliyi ələ keçirməsi, bununla da danışıqlar prosesində İrəvanın mövqelərinin gücləndirilməsidir. Halbuki onların yanlış hesablama apardıqları gün kimi aydındır. Bu yanlış hesablamanın nəticəsi olaraq İrəvan 3 ildə iki dəfə təslimolma aktına – kapitulyasi­yaya imza atıb. İndi isə Fransa Ermənistanın üçüncü dəfə oxşar sənədə imza atması üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır.

Paşinyan hökumətinin o vaxt yanlış he­sablama apardığı fikrini hazırda Ermənista­nın xarici işlər naziri olan, Vətən müharibəsi zamanı isə parlamentin sədri postunu tutan Ararat Mirzoyanın müharibə başlanandan iki gün sonra səsləndirdiyi fikirlər bir daha təs­diqləyir. Mirzoyan sentyabrın 29-da “Face­book” səhifəsində yazmışdı ki, “bu müharibə Azərbaycan Ordusunun tam məhv edilməsi ilə başa çatacaq”. Onun həmin fikirlərinin ek­ran görüntüsü bugünlərdə teleqram kanalla­rında paylaşılmışdı. Hər bir məsələni yoluna qoymağa qadir zaman haylara taleyin daha bir ironiyasını yaşatdı. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, qırılan qırıldı, qaçan qaçdı. Hayların qoyub qaçdıq­ları xeyli silah-sursat və hərbi texnika hərbi qənimət kimi ələ keçirildi. Ələ gəlməyən­ləri isə 3 ildən çoxdur ki, Hərbi Qənimətlər Parkında açıq səma altında nümayiş etdirilir. Bax, indi Fransa Ermənistana bu aqibəti ye­nidən yaşatmaq istəyir.

Yeni müharibə üçün atılması tələb olu­nan digər addım Ermənistandakı və xaricdəki bütün revanşist qüvvələrin səylərinin birləş­dirilməsidir. Diqqətçəkən məqam Emmanuel Makronun Paşinyanın Parisə son səfəri za­manı onu “Daşnaksütyun” erməni inqilabi fe­derasiyası bürosunun üzvü və Fransa erməni təşkilatları koordinasiya şurasının həmsədri Murad Papazyanla bir araya gətirməsidir. Paris daşnakları və revanşist qüvvələri Paşin­yanla, necə deyərlər, barışdırmağa, onların eyni cəbhədən çıxış etmələrini təşkil etməyə çalışır. Bu həmin Papazyandır ki, o, Paşinyan əleyhinə etdiyi çıxışlarla tanınır. Papazyanın Paşinyanla qarşıdurması onun Ermənistan milli təhlükəsizlik xidməti tərəfindən 2022-ci ilin yayında ölkəyə daxil olmasına qadağa qoyulması ilə nəticələnmişdi. Ancaq indi o da məlum olur ki, söhbət Azərbaycanla mü­barizədən gedəndə ermənilər bütün ümu-kü­süləri bir kənara qoyub birləşməyi bacarırlar. Onlar “bəlkə də qaytardılar” düşüncəsi ilə nələrsə etməyə çalışırlar.

Müharibəyə hazırlıq istiqamətində Ermə­nistanın silahlandırılması da diqqətdən kə­narda qalmır. Fransa burada da ilk cərgədədir. Paris, necə deyərlər, sinəsini qabağa verərək, İrəvanın militarizasiyası prosesini öz üzərinə götürüb. Fransız zavodlarında, habelə Hin­distanda Fransa lisenziyası ilə istehsal olunan silahların Ermənistana verilməsi, müdafiə naziri Sebastian Lekornunun bugünlərdə İrəvana səfər etməsi, “Beşinci Respublika” hərbçilərinin Hayastanın piyada və dağatı­cı bölmələrinə təlimlər keçməsi yaxınlaşan müharibənin addım səsləri hesab oluna bilər. Bu sıraya Avropa İttifaqının şərti sərhəddə müşahidə aparan missiyasını da əlavə etmək lazımdır. Artıq heç kəsdə şübhə yoxdur ki, onlar ölkəmizlə bağlı kəşfiyyat məlumatları toplayırlar. Bu yaxınlarda fransız generalın şərti sərhədə gəlməsi və binoklla ərazimizi müşahidə etməsi də xəbis niyyətlərdən xəbər verir.

Mövzu ilə bağlı Caliber.az saytında yer­ləşdirilmiş məqalədə bildirilir ki, daşnak­lar Paşinyanla həm ölkə daxilində, həm də “Daşnaksütyun” hazırkı hakimiyyətə müxa­lifətdə olduğu üçün Ermənistandan kənarda, xüsusilə Fransada mübarizə aparır. Onların arasında düşmənçilik o həddə çatmışdı ki, Paşinyana qarşı ən çox çıxan avropalı daş­naklar İrəvana uçsalar da, “Zvartnots”dan geri qaytarılmışdılar: “Yelisey sarayındakı analitiklər və Fransa xüsusi xidmət orqanları tezliklə başa düşdülər ki, onların Azərbay­canı ləkələmək, hücum etmək və erməni cə­miyyətini bu ideya altında birləşdirmək üçün dəqiqliklə hazırlanmış fəaliyyət planı Paşin­yan daşnakların və diasporun “bossları” ilə barışmasa, məhv ola bilər.

Makron isə Ermənistan baş nazirinin Parisə son səfəri zamanı iki düşərgəni barış­dırmağı öhdəsinə götürüb. Erməni mediası Makronun Paşinyanla Papazyan arasında gö­rüş təşkil etdiyi barədə məlumat yayıb. Söh­bət Yelisey sarayında təntənəli şam yeməyi­nin sonunda baş verib. Orada iki “küsülü”dən əlavə, Fransa erməni təşkilatları koordinasiya şurasının digər həmsədri Ara Toranyan da iştirak edib. Söhbətdən əvvəl prezident baş nazirlə Fransanın erməni icması arasında mümkün fikir ayrılıqlarına baxmayaraq, tə­masların zəruriliyini bildirib. Yəni, Makron Paşinyana aydın şəkildə bildirib ki, onun fransız daşnakları ilə siyasi fikir ayrılığı onla­rın Azərbaycanla yeni müharibəyə başlamaq planına mane ola bilər”.

Politoloq İlyas Hüseynov “XQ”yə bil­dirdi ki, Paşinyanın Parisə səfəri zamanı İrəvana geniş dəstək ifadə olundu, silahlan­dırılma ilə bağlı müsbət impulslar verildi və ardınca Fransanın müdafiə naziri Lekornu Hayastana səfər etdi. Həmin səfər zama­nı Ermənistana fransız silahlarının növbəti partiyası da tədarük edildi. Onun sözlərinə görə, digər tərəfdən biz görürük ki, revanşist qüvvələrin hərəkətə gətirilməsi, radikallarla, yəni daşnaklarla ortaq mövqeyin formalaşdı­rılması Azərbaycana qarşı yönəlib: “Beləlik­lə, Fransa çalışır ki, bütün qüvvələr ölkəmizə qarşı birləşsin, vahid mövqe ermənilərin xeyrinə inkişaf etsin. Bu çərçivədə keçirilən bütün görüşlər, aparılan danışıqlar bölgədə gərginliyin artmasına xidmət edir və təhlükə­sizliyə təhdidləri artırır”.

Siyasi şərhçi onu da bildirdi ki, Ermənis­tanın silahlandırılması İrəvanın Rusiya əley­hinə bəyanatları fonunda baş verir: “Ümu­miyyətlə, Ermənistanda müxtəlif cəbhələrin birləşdirilməsi bir məqsədə xidmət edir. Bu məqsəd də şərti sərhəddə gərginliyi artırmaq, yaxud bölgədə yeni müharibə yaratmaqdır”.

Təbii ki, bütün bunlar məkrli qüvvələrin planlarıdır. Ancaq onlar yenə də bir məqa­mı nəzərə almırlar. Bu gün Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək qədər güclüdür. Azərbaycanın güclü ordusu, qətiyyətli Prezidenti və onun ətrafında sıx birləşmiş cəmiyyəti var. Ölkəmiz sülh istəyir, amma müharibə baş verərsə, düşmənə sarsı­dıcı cavab zərbəsi endirməyə də hazırdır.

Səxavət HƏMİD
XQ



Siyasət