...Düz 36 il öncə törədilmiş Sumqayıt hadisələri ilk vaxtlar azərbaycanlıların öz qonşularına heç nədən “divan tutması” təəssüratı yaradıb, dünya ictimaiyyətini xalqımıza qarşı qəzəbləndirsə də, çox keçmədən iğtişaşların qurama olduğu aşkara çıxdı. Həm zərərçəkmiş erməni sakinlərinin və şahidlərin ifadələri, həm də təkzibedilməz istintaq materialları ilə sübuta yetirildi ki, olaylar məhz “KQB” adlanan qurumun – SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ssenarisi əsasında Ermənistanın və erməni millətçilərinin maraqlarına və planlarına uyğun hazırlanaraq bilərəkdən törədildiyi məlum oldu.
Elə buradaca qeyd edək ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirilib, qanlı aksiyaların səbəbləri ətraflı araşdırılıb və əsl həqiqət ortaya qoyulub.
Artıq gün kimi aydındır ki, 1988-ci il soyuq fevral günlərində həyata keçirilən həmin ssenari ermənilərlə azərbaycanlıların birlikdə yaşamasının qətiyyən mümkün olmadığını göstərməyə və Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxarıb Ermənistana birləşdirmək niyyətinə xidmət edib. Özü də Ermənistan xüsusi xidməti və erməni millətçilərinin nümayəndələri bu hadisələrin bilavasitə fəal “oyunçu”ları olublar.
Mövzuya dönə-dönə qayıtmağımıza səbəb isə budur ki, nankor qonşularımız hələ də yerli-yersiz Sumqayıtda haylara qarşı qətliamlar törədildiyi barədə əsassız iddialar səsləndirirlər. Olayların hər ildönümündə ən azı Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində saxta bəyanatlar verilir və ölkəmizə qarşı tamamilə əsassız iddialar irəli sürülərək, tarixi faktlar təhrif edilir və saxtalaşdırılır. Elə 2 gün öncə də Ermənistan XİN eyni “hava”nı çalmaqla, özlərinin zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdində bulunub. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin mövzu ilə bağlı şərhində bu barədə bildirilir: “Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların, ekstremist təşkilatların əvvəlcədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi. Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb”.
Qarşı tərəfin haqqında bar-bar bağırdığı “erməni qırğını” bundan mənfur qonşularımızın millətimizə qarşı məkrli ideoloji təbliğatda silah kimi istifadə etmək cəhdindən başqa bir şey deyil. Birmənalı şəkildə sübut olunub ki, Sumqayıt hadisələrini qızışdıran və qətlləri törədən ermənilər özləri olublar. Məlum ssenarinin eyni zamanda Mixail Qorbaçov tərəfindən keçmiş SSRİ-nin dağılmasına təkan verəcək vasitələrdən biri kimi düşünülməsi qənaəti də güclüdür. Xatırlayırıq ki, hələ olaylardan bir neçə ay əvvəl Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan demişdi: “Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”. Həmin çıxış 1987-ci ilin noyabrında Parisdə nəşr olunan “Humanite” qəzetində dərc ediləndən dərhal sonra qəzəblənən Azərbaycanı etiraz dalğası, ruhlanan Ermənistanı isə milli ədavət və türkləri deportasiya meyilləri bürümüşdü.
O zaman bədnam “Qarabağ Komitəsi” və separatçı “Krunk” cəmiyyəti tezliklə açıq fəaliyyətə başladılar. Azğın qonşular ulu dədə-baba yurdları olan Ermənistanda yaşayan soydaşlarımıza hədə-qorxu gəlir, onları təhqir edir, əmlaklarını əllərindən alır, işgəncələr verirdilər. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqın axını Azərbaycana üz tutdu. Fevralın 26-da qatı millətçi şair Silva Kaputikyan televiziya ilə erməni xalqına müraciət etdi, Qorbaçovun onları dəstəklədiyini və onun Qarabağla bağlı tarixi “ədalətsizliyi” aradan qaldıracağını söylədi.
Beləliklə, hələ də Moskvaya, Kremlin qanunlarına inamını itirməyən azərbaycanlılar çaşqın halda nəyi isə gözlədikləri bir vaxtda “Böyük Ermənistan” ideoloqları məqsədyönlü planlarının növbəti səhifəsini həyata keçirirdilər. Hadisələrin davamını çox gözləmək lazım gəlmədi. Xüsusi tapşırıqlarla Sumqayıta gələn, şərti adı “Nalyotçik” olan qrupun üzvləri – 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremisti əhali arasında qızışdırıcı iş aparmağa başladı. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyirdilər. Gündüzlər şəhərin müxtəlif yerlərində adamları başlarına toplayaraq, özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, hayların zülmündən danışırdılar. Araqızışdıranlar hələ yetkinləşməmiş gəncləri inandırıb cürbəcür şüarlarla meydana topladılar. “Paşa” ləqəbli Sumqayıt ermənisi, keçmiş məhbus Eduard Qriqoryanın təhriki ilə mitinqlər başlandı və Sumqayıtda yaşayan erməniləri öldürmək çağırışları eşidildi. Şəhərin başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi. Tezliklə qanunazidd hərəkətlər baş alıb getdi.
Fevralın 28–29-da “gözləri qızmış” dəstə emosiyalara uymuş gənclərin kortəbii axını ilə faciəli hadisələrə yol açaraq aradan çıxdı. İki gündə 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sıradan çıxarıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı. Hadisələrdən bir müddət öncə Xankəndinə gtedərək, koçaryanlardan, sarkisyanlardan, manuçarov və dədəmyanlardan “təlimat” almış “Paşa” rolunun öhdəsindən, beləcə, zirəkliklə gəldi. Nəticədə qondarma hadisələrə görə 100-ə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı. Sonra isə “Paşa” Ermənistana ekstradisiya olunaraq azad edildi.
Sumqayıt hadisələrini hərtərəfli araşdırmış, bu mövzuda kitablar yazmış, kinofilmlər üçün ssenarilər yazmış Əməkdar jurnalist Eyruz Məmmədovla söhbətlərimizdən birində soruşdum ki, bəs, nə üçün qüdrətli “KQB” – DTK, o cümlədən sovet ordusu Sumqayıtda iğtişaşların qarşısını almadı? Həmkarımın ətraflı cavabı belə oldu:
– Çünki burada Ermənistanın xüsusi xidmət orqanları və daşnak partiyasının millətçi üzvləri məharətlə işlədilər. Mikrorayonda kameralar quraşdırıldı, foto çəkilişlər aparıldı. Sonra sənədli film çəkib dünya ictimaiyyətinə çatdırdılar. Həmin film hadisələrdən sonra Fransada nümayiş etdirildi. Moskvadan və Bakıdan olan DTK əməkdaşları Sumqayıtda ancaq çəkilişlərlə məşğul idilər. Bu, danılmaz faktdır.
Hüquq-mühafizə orqanlarının arxiv materiallarına istinad edərək, 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələrdə erməni ekstremistlərinin bir neçəsinin adını nəzərinizə çatdırmaq istəyirəm:
1. Levon Saturyan, Dağlıq Qarabağ Muxtar Vilayətinin Təklükəsizlik Komitəsinin əməkdaşı. Milli zəmində anti-Azərbaycan təbliğatı ilə məşğul olur, millətçi qüvvələri lazım olan informasiyalarla təmin edirdi.
2. Eduard Mosesov, Yerevanda nəşr olunan "Kommunist” qəzetinin müxbiri. Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.
3. Q.Ağacanyan, Yerevanda nəşr olunan "Kommunist” qəzetinin müxbiri, Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.
4. Albert Qriqoryan, Eduard Qriqoryanın qardaşı, gənclərə narkotik paylayırdı…
Uzaq–yaxın 1988-ci ildə ermənilərin Dağlıq Qarabağ iddialarının dalğasında törədilmiş Sumqayıt hadisələri bu gün də elə onların xislətinə uyğun şəkildə millətimizə qarşı aparılan məkrli ideoloji təbliğatda silah kimi istifadə edilir. Əsl günahkarların məhz ermənilərin özlərinin olduğu sübuta yetirilsə də, onlar həmin hadisələri “zavallı” xalqa qarşı daha bir qondarma “genosid” – soyqırımı aktı kimi qabartmaqda davam edirlər. Amma ataların bir sözü var ki, haqq nazilsə də, üzülməz. Zaman Sumqayıt olaylarının müəyyən detallarını unutdursa da, təxribatın əsl mahiyyəti, törədilmə şəraiti, bir sözlə, səbəb və nəticələri dəyişməz olaraq qalır.
Bir neçə il əvvəl o da məlum olub ki, “KQB”nin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı həyata keçirdiyi Sumqayıt hadisələrinin icraçılarından birinin – erməni Eduard Qriqoryan sağdır və Moskva vilayətinin Sergiyev Posad şəhərində “Qarik” adı ilə dəm-dəstgah içində yaşayır (sosial şəbəkələrdən sevgilisi ilə şəkli də tapılıb). Onun “uğur”unun bir səbəbi də Azərbaycan dilini səlis bilməsi olub, bu səbəbdən də ətrafına hazırlıqlı təxribatçı dəstə toplayayanda heç bir şübhə yaratmayıb. Qriqoryana kiminləsə görüşmək, müsahibə vermək, həqiqəti söyləmək qəti qadağan edilib.
O zaman istintaq üçün Sumqayıta göndərilmiş Moskva emissarları da günahları bir qrup xuliqanın üzərinə yıxaraq, “tapşırığı” layiqincə yerinə yetirdikləri üçün vəzifələrində və rütbələrində yüksəldiliblər. Bu barədə də konkret faktlar yox deyil.
Əgər bugünkü Ermənistan rəhbərliyi bu qədər həqiqətpərəstdirsə, nə üçün İrəvandakı arxivlərin açılmasına imkan vermir? Siyasətində özünü “doğrucul” və demokrat kimi qələmə verən Nikol Paşinyan ağzı köpüklənə-köpüklənə xalqımıza və dövlətimizə qarşı iftiralar yağdırmaqdansa, nə üçün bədnam millətçilərinə və dünyaya əsl həqiqəti söyləmir? Çünki arxivlər açılarsa, bütün həqiqətlər üzə çıxacaq, həm Ermənistan, həm də dünya ictimaiyyəti baş verən hadisələr haqqında bir daha əsl həqiqətləri öyrənəcəklər. Qondarma "erməni soyqırımı" məsələsində olduğu kimi, Sumqayıt hadisələrində də həqiqətlərin tam üzə çıxması həm onlara qətiyyən sərf etmir, həm də bu “cəsarət” Paşinyanın hakimiyyətdən kürünüb atılmasını sürətləndirər.
Görünən budur ki, Qarabağ münaqişəsinin kökləri dərin və çoxşaxəlidir. Sumqayıt hadisələri də ermənilərin Azərbaycana qarşı zaman-zaman həyata keçirdikləri mənfur ilhaqçılıq niyyətlərinin tərkib hissəsi olub.
Əli NƏCƏFXANLI
XQ