Ötən il bu xidmət büdcəyə 16 milyard manat köçürüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edərək bu sistemdə vəzifə öhdəliklərinin məsuliyyətlə yerinə yetirildiyini, vergi orqanının biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Nazır daha sonra qeyd edib ki, səffaflığın və vergi mədəniyyətinin yüksəldilməsi ilə səciyyələnən vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.
Yeri gəlmişkən, ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolunu nəzərə alaraq, peşə bayramı Azərbaycan Prezidentinin sərəncamı ilə 2005-ci ildə təsis olunub.
Dövlət Vergi Xidməti hazırda ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısı olan, fiskal yığımların əhəmiyyətli hissəsini təmin edən qurum olmaqla yanaşı, həm də iqtisadiyyatı və sahibkarlıq mühitinin inkişafını tənzimləyən bir sistem kimi fəaliyyət göstərməkdədir.
Son illərdə dövlət büdcəsinə vergi daxilolmalarının təmin edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və biznesin fəaliyyətinə səmərəli vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi, habelə biznes və investisiya mühitinin cəlbediciliyinin artırılması vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edib. İqtisadi artımın bərpasında vergi təşviq alətlərindən fəal istifadəyə önəm verilib.
Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci illə müqayisədə 3,8 faiz artaraq 16 milyard 127 milyon manata çatıb. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları əvvəlki illə müqayisədə 19,3 faiz artıb və 9 milyard 707,8 milyon manat təşkil edib. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu olub.
Son illərdə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının dinamik artımında və vergitutma bazasının genişlənməsində “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və şəffaflaşma ən mühüm amil olub. Rəqabətin təmin edilməsi, sahibkarlığın təşviqi və leqal fəaliyyət vergi stimullarının tətbiqi şəraitində genişlənib. Bunun nəticəsində “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verib.
Xatırladaq ki, respublikamızda əmək müqavilələrinin sayı 2019-cu il yanvarın 1-i ilə müqayisədə 406,9 min artaraq cari il yanvarın 1-nə 1 milyon 809 min, o cümlədən qeyri-neft-qaz özəl sektorunda 358 min və ya 1,6 dəfə artaraq 897,9 min olub.
Bununla yanaşı, hesabat ilində məcburi dövlət sosial sığorta ödənişləri üzrə proqnozdan əlavə 413,2 milyon manat daxilolma təmin edilib, bu sahədə artım 13,3 faiz olub. Qeyri-büdcə təşkilatları üzrə artım 15,1 faiz təşkil edib.
Dövriyyələrin şəffaflaşmasında yeni nəsil nəzarət-kassa aparatlarının geniş tətbiqi mühüm amillərdən biridir. İndiyədək ölkə ərazisində 98 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb. Bu kassalardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Nəticədə bu aparatlar üzrə dövriyyələrin artımı ötən il də davam edib və dövriyyənin həcmi 22 milyard manata çatıb.
Azərbaycanda uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. 2023-cü il ərzində fiziki şəxs olan istehlakçılara ödədikləri ƏDV üzrə 154 milyon 178,8 min manat geri qaytarılıb. Ötən ildən etibarən nağdsız ödəniş edən istehlakçılara qaytarılan ƏDV məbləği artırılıb. Bu da faktiki olaraq nağdsız ödənişlə alış-verişin genişlənməsinə səbəb olub. Ötən il ölkədə nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə artaraq 48 milyard 978 milyon manat təşkil edib. Bu həm də vergi islahatlarının nağdsız dövriyyənin artımına verdiyi töhfədir.
İqtisadi aktivlik, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahələrdə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib. ƏDV ödəyicilərinin sayında müşahidə olunan artım isə fiskal nöqteyi-nəzərindən xüsusilə aktualdır. 2023-cü ildə aktiv vergi ödəyicilərinin sayı 7 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz, aktiv obyektlərin sayı 8,1 faiz artıb. 2024-cü ilin əvvəlində aktiv vergi ödəyicilərinin sayı isə 761,7 minə yaxın olub.
Ötən il istər vergi qanunvericiliyi, istərsə də Vergi Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Sahibkarlıq assosiasiyaları, sahibkarların ictimai birlikləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində intensiv iş aparılıb. Həm qanunvericilikdə olan son dəyişikliklər, həm də perspektiv dəyişikliklər sahibkarların ictimai birlikləri ilə, sahibkarları təmsil edən assosiasiyalarla mütəmadi müzakirə olunur.
Dövlət Vergi Xidməti qarşıda duran əsas hədəflərə və iqtisadi sistemin yeni çağırışlarına uyğun olaraq təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsiplərinə söykənən rəqəmsal platformanı təkmilləşdirməkdə davam edir. Vergi sistemində rəqəmsallaşma səviyyəsi və rəqəmsal inzibatçılıq daha da təkmilləşir. Sayı 760 mini keçmiş aktiv vergi ödəyicilərinə münasibətdə effektiv nəzarətin qurulması yalnız bu yolla mümkündür. Bu baxımdan, vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılmaqdadır.
Beynəlxalq təcrübəyə uyğun olaraq, vergi qanunvericiliyinə bir sıra yeniliklər daxil edilib. O cümlədən müxtəlif vergidən yayınma sxemlərinin tətbiqinin qarşısının alınması, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, həmçinin avtomatik məlumat mübadiləsinin genişlənməsi və emalın daha effektiv aparılması, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, inzibati yardım üzrə digər formatların tətbiq edilməsi, müqavilələrin tətbiqi ilə bağlı proseslərin rəqəmsallaşdırılması ilə bağlı beynəlxalq standartlar qanunvericiliyə daxil edilib. Xüsusilə də, İqtisadi Əməkdaşılıq və İnkişaf Təşkilatının təşəbbüsü ilə dünyanın 60-dan çox ölkəsinin, o cümlədən Azərbaycanın da qoşulduğu “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS)” layihəsi ilə bağlı qanunvericilikdə yeniliklər mövcuddur.
Vaqif BAYRAMOV
XQ