Yanvar ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan “ADY Ekspress” şirkəti tətəfindən daşınan yüklərin ümumi həcmi 453 min 621 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 108 min 597 ton və ya 31 faiz çoxdur.
“ADY Ekspress”dən verilən məlumata görə, yük daşımalarında artım həm tranzit, həm də idxal-ixrac rejimində nəql edilən yüklərə aid olub. Artımı şərtləndirən əsas amillərdən biri də Azərbaycan ərazisindən tranzit daşımaların çoxalması ilə bağlıdır. Belə ki, 2023-cü ilin yanvarında “ADY Express” tərəfindən həyata keçirilən tranzit yükdaşımaların həcmi 240 min 370 ton təşkil etdiyi halda, cari ilin yanvarında bu rəqəm 280 min 838 tona yüksəlib. Bu isə 40 min 469 ton və ya 17 faiz artım deməkdir.
Qeyd edk ki, tranzit yüklərin əsas hissəsi Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsi ilə daşınıb. Yeri gəlmişkən, Orta Dəhliz Şərq və Qərb arasında beynəlxalq daşımalarda əsas tranzit marşrutlardan biri kimi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yüklərin sürətli və səmərəli daşınmasını təmin edərək Azərbaycanı bu marşrut üzrə əsas tranzit qovşağına çevirir.
XQ