Azərbaycan–İİB əməkdaşlığının miqyası və hədəfləri genişlənir

post-img

Birlik dövlətləri ölkəmizə 1 milyard dollardan çox vəsait yatırıb

İqtisadiyyat nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında İslam İnkişaf Bankının (İİB) prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında keçirilən görüşdə rəhbərlik etdiyi nazirliklə bu ma­liyyə qurumu arasında əməkdaşlıq çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumunun imzalandığını bildirib. 

Nazir daha sonra sənədin icrasının tərəflər arasında əməkdaşlığın geniş­lənməsinə və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verə­cəyinə əminliyini, həmçinin görüş­də Azərbaycanın evsahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, ölkəmizlə bu bank arasında uğurlu və səmərəli əməkdaş­lığı bir sıra amillər şərtləndirib. Başqa sözlə, İİB-in respublikamıza investisiya qoyuluşuna uzun illər ərzində davamlı maraq göstərməsi Azərbaycanda si­yasi cəhətdən sabitliyin hökm sürmə­si, milli, dini və irqi tolerantlığın diqqət mərkəzində saxlanılması ilə bağlı olub. Ölkəmizdə uğurla gerçəkləşdirilən is­lahatlar sayəsində əlverişli biznes və investisiya mühitinin bərqərar olması, nəticədə iqtisadiyyatın bir neçə dəfə artması, Azərbaycanın dünyanın ən di­namik inkişaf edən iqtisadiyyatına ma­lik dövlət kimi tanınması, özünün nadir iqtisadi inkişaf modelini yaratması və digər məsələlər də burada önəmli rol oynayıb. 

Şübhəsiz ki, Azərbaycanın bey­nəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzə çevrilməsi, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımın­dan cəlbediciliyini artırıb. Eyni zamanda Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. 

Qeyd edək ki, mövcud qanunverici­liyə əsasən, investisiyanın təşviqi sənə­dini alan şəxslərdən, habelə fərdi sahi­bkarlardan ölkəyə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə, ƏDV, habelə gömrük rüsumu tutulma­ması, Azərbaycanda istehsal olunan qeyri-neft məhsulları ixracının təşviqi ilə əlaqədar müəyyən güzəştlərin ger­çəkləşdirilməsi kimi tədbirlərin həyata keçirilməsi də beynəlxalq maliyyə təsi­satlarının, o cümlədən İİB-nin ölkəmizə etimadını artırıb, bu maliyyə strukturu­nun müxtəlif layihələrdə iştirakını şərt­ləndirib.

Onu da vurğulayaq ki, maliyyə qu­rumu ilə əlaqələrimiz yarandığı vaxt­dan indiyədək qarşı tərəf respublika­mızda reallaşdırılan layihələrə dəstək verib. Həyata keçirilən birgə layihələr Azərbaycanda iqtisadiyyatın, o cümlə­dən infrastrukturun inkişafı baxımından mühüm önəm daşıyıb. Bank ölkəmizin müxtəlif sahələrdə, o cümlədən “Elekt­ron hökumət” sistemində əldə etdiyi uğurlu təcrübəni yüksək dəyərləndirib. 

İİB-nin respublikamızın iqtisadi in­kişafına göstərdiyi dəstəklə bağlı bəzi məqamları da nəzərdən keçirək. Bu­nunla əlaqədar əvvəlcə onu deyək ki, sözügedən maliyyə qurumu birgə əməkdaşlıq layihələrinə yönəldilən in­vestisiyaların həcmini davamlı şəkildə artıraraq kiçik və orta sahibkarlığın sti­mullaşdırılmasını xüsusi diqqətdə sax­layır. Ölkəmizin bank sisteminin sabit və dinamik inkişaf meyillərinə malik olması isə İİB-ni Azərbaycandakı kommersi­ya banklarına dəstək verməyə sövq edir. Bununla yanaşı, bank respublika­mızda iri regional layihələrin, eləcə də trans-nəqliyyat və kommunikasiya şə­bəkələrinin yaradılması istiqamətində də sıx əməkdaşlığa üstünlük verir.

Yeri gəlmişkən, Azərbaycan İİB ilə bərabər, həm də onun daxil olduğu İs­lam İnkişaf Qrupundakı institutlarla da uğurla əməkdaşlıq edir, özəl sektorun inkişafı istiqamətində birgə layihələr reallaşdırır. Bərpaolunan enerji, döv­lət-özəl əməkdaşlığı təşəbbüslərinin, kiçik və orta biznesin inkişaf proqram­larının gerçəkləşdirilməsi bunun bariz ifadəsidir. Son illərdə ölkəmizdə iqtisadi inteqrasiya, inklüziv iqtisadi artım, ixrac imkanlarının genişləndirilməsi, eləcə də rəqabət qabiliyyətliliyin yüksəldilməsi ilə bağlı müsbət göstəricilərin əldə edil­məsi də həmin birgə fəaliyyətin məntiqi nəticəsidir. 

İİB Azərbaycanla strateji tərəfdaş­lığın möhkəmlənməsinə mühüm təsir göstərən birgə subregional və regio­nal layihələrin həyata keçirilməsində, biznes strukturlarının əhatə dairəsinin genişlənməsində maraqlıdır. Bu, həm də yuxarıda xatırlatdığımız kimi, ban­kın ölkəmizə olan böyük marağının və respublikamızda yüksək iqtisadi inkişafı dəstəkləməsinin bariz nümunəsidir. 

Respublikamızın bu maliyyə quru­muna üzv qəbul edildiyi 1992-ci il iyu­lun 4-dən başlayan birgə əməkdaşlığı getdikcə dərinləşir. Hazırda ölkəmizin bankda üzvlük kapitalı 50,8 milyon İs­lam dinarı təşkil edir. Bu da İİB-nin ümu­mi kapitalının 0,1 faizi deməkdir.

İİB-nin daxil olduğu İslam İnkişaf Qrupu tərəfindən indiyədək Azərbay­cana 1 milyard 179 milyon ABŞ dolları vəsait yönəldilib. Həmin vəsaitin 956 milyon dolları İİB, 83 milyon dolları Bey­nəlxalq İslam Ticarətin Maliyyələşməsi Korporasiyası, 120 milyon dolları İslam İnkişaf Korporasiyası və 194 milyon dol­ları isə digər mənbələrdən ayrılıb.

Bank ötən illərdə Azərbaycanda hə­yata keçirilən bir sıra dövlət əhəmiyyətli layihələrə kreditlər ayırmaqla onların icrasını yüksək səviyyədə gerçəkləşdi­rib. Məsələn, Bakı bərk məişət tullantı­larının yandırılması zavodunun tikintisi, Yevlax–Gəncə avtomobil yolunun, həm­çinin Mingəçevir SES-in yenidən qurul­ması, Vəlvələçay-Taxtakörpü kanalının inşası, Cənub İstilik Elektrik Stansiyası­nın tikintisi və digər layihələrin reallaşdı­rılmasını uğurla həyata keçirib. 

Ümumiyyətlə, İİB tərəfindən indiyə­dək Azərbaycan iqtisadiyyatına 40-dan çox layihə çərçivəsində 1 milyard dol­larına yaxın investisiya yatırılıb. Hə­min layihələr kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı, ekologi­ya, ticarət, özəl sektor və s. sahələ­ri əhatə edib. Eyni zamanda bankın Azərbaycanda özəl sektora investisiya yatırılması, müəssisələrin birbaşa ma­liyyələşdirilməsi, səhm kapitalında işti­rak kimi sahələrdə fəaliyyətinin geniş­ləndirilməsi, eləcə də kənd təsərrüfatı, sənaye parkları və zonaları, maşın və avadanlıqların istehsalı, kimya səna­yesi, əczaçılıq kimi prioritet sahələrdə investisiya əməkdaşlığının genişləndi­rilməsi kimi mühüm məsələlər diqqət mərkəzində saxlanılıb.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat